İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın neft ixracı nə qədər azalıb - araşdırma

1086 20.04.2022 10:00 İqtisadiyyat A A

Neft Fondu birinci rübdə 1,6 milyard manatdan yuxarı zərərlə üzləşib

Azərbaycanın xam neft ixracında ciddi azalma var. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan 3,6 milyard dollarlıq (5,5 milyon tondan bir qədər çox) xam neft və xam neft məhsulu ixrac olunub. Bu zaman yanvar ayında ixrac 3,5 milyon ton, fevralda 1,4 milyon ton, martda isə 987 min ton təşkil edib. Bu, Azərbaycanın neft ixracının 3 ayda 3 dəfəyə yaxın azalması deməkdir.

 Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2002-ci ilin yanvar ayında Azərbaycanda əmtəəlik xam neft hasilatı 2,9 milyon ton, fevralda 2,5 milyon ton, martda isə 2,9 milyon ton təşkil edib. Beləliklə, statistikadan məlum olur ki, yanvarda  hasilatdan 600 min ton çox ixrac qeydə alınıb. Martda isə ixrac hasilatdan 3 dəfəyə yaxın az olub.

Rəsmi gömrük statistikası açıqlanandan sonra müstəqil ekspertlər azalmaya diqqət çəkərək, mümkün səbəblərlə bağlı müzakirələr açıblar. İqtisadçı-ekspert Natiq Cəfərli bu fakta toxunaraq, hökumətin məsələyə aydınlıq gətirməsinin zəruri olduğunu deyib: “Bu ilin ilk 3 ayı ilə bağlı idxal-ixrac əməliyyatları ilə bağlı rəsmi rəqəmlər açıqlanıb: İlin ilk rübündə ölkədən 7 milyard 980 milyon dollarlıq ixrac əməliyyatı olub: Yanvar ayında 3 milyard 086 milyon dollarlıq, fevralda 2 milyard 880 milyon dollarlıq, martda 2 milyon 13 milyon dollarlıq ixracat olub. Ölkədən ixracın 90 faizi xam neft, neft məhsulları və təbii qazdır. Brent markalı neftin ortalama qiyməti yanvar ayında 91,21 dollar, fevralda 100,99 dollar, martda isə 107,91 dollar olub - yəni yanvar ayına nisbətən mart ayının orta qiyməti 16,7 dollar baha olub. Ölkənin mart ayında yanvara nisbətən qaz ixracatı da artıb. Sual: Əgər neftin qiyməti yüksək olubsa, qaz ixracatı da artıbsa, hətta hökumət qeyri-neft sektorunda da ciddi artım olduğunu söyləyirsə, necə ola bilər ki, yanvar ayına nisbətən mart ayında ixracatımız 956 milyon dollar, az qala 1 milyard dollar azalıb, səbəblər nədir”?

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

İlham Şaban

Ölkədən neft ixracının azalmasının səbəbləri ilə bağlı “Yeni Müsavat”a danışan enerji sahəsi üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, hasilatla ixrac arasındakı fərq, həmçinin ixracın azalması rəsmi statistikadakı problemlərlə bağlıdır: “Gəlin hökumətin ictimaiyyət üçün açıqladığı statistik rəqəmləri müqayisə edək. Başlayaq gömrükdən. Onun statistikasına görə, Azərbaycan 2022-ci ilin İ rübündə 5 milyon 587,5 mn ton neft ixrac edib. Və bu zaman əgər yanvarda ixrac həcmləri 3 milyon 505,6 min ton idisə, martda bu göstərici heç milyon tona belə çatmayıb - daha dəqiq ifadə etsək, 987,1 min ton təşkil edib. İndi diqqət edək Dövlət Statistika Komitəsinin aylıq hesabatlarına: yanvarda ölkədə əmtəəlik neft və kondensat hasilatı 2 milyon 886,3 min ton, fevralda - 2 milyon 561,5 min ton, martda isə 2 milyon 875,6 min ton təşkil edib. Yəni rübün əvvəli və sonuncu aylarında azalma həcmi cüzidir.

Yenə müraciət edirik Dövlət Statistika Komitəsinin hesabatlarına: düzdür, orada bununla bağlı rüblük məlumat olmasa da, amma ilk iki ayın nəticələri var. Belə ki, yanvarda faktiki ixrac edilən neft və kondensatın həcmi 2 milyon 312,3 min ton, fevralda isə 2 milyon 105,8 mln. ton təşkil edib. Yəni yanvarda Dövlət Gömrük Komitəsi statistikasında real ixracdan 1 milyon 193,3 min ton çox nefti rəsmiləşdirib, fevralda isə real ixracdan 710,9 min ton həcmdə neftin dəyəri hesaba daxil etməyib. Bu göstəriciləri mən ekspert olaraq açıb göstərirəm ki, yəni məsələ heç də oğurluqda deyil, sadəcə, yanvarda ötən ildən rəsmiləşdirilməmiş həcmlər və onların dəyəri əlavə edilib. Sonrakı aylarda isə neft ixrac edən şirkətlər hesabatlıqlarını adətən gecikdirdiklərinə görə kəskin azalma yaranıb".

Ekspertə görə, statistikalardakı bu fərqləri aradan qaldırmaq asan bir işdir: “Bu kimi halları Dövlət Gömrük Komitəsi çox sadə yolla aradan qaldıra bilər. Necə ki, 2014-cü ilə qədər neft və qaz ixracı bölümündə sayğacların göstərişi əsasında nəinki hər bur marşrut üzrə borularla, hətta vaqon-sisternlərlə olan faktiki ixrac həcmləri də hesabata daxil edilirdi, İT texnologiyaların tətbiqi şəraitində indi də belə fərqlərin yaranmasının qarşısı alına bilər”.

SOCAR itkin düşən əməkdaşı ilə bağlı məlumat yaydı - Sozcu.az

SOCAR İctimaiyyətlə əlaqələr idarəsindən “Yeni Müsavat”a verilən məlumata görə, bu ilin yanvar-martında şirkət tərəfindən 1,9 milyon tondan çox (2021-ci ilin eyni dövrü ilə eyni həcmdə), ölkə üzrə ümumilikdə 8,3 milyon tondan çox (ötən il 8,8 milyon tona yaxın) neft hasil edilib. Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 milyon tona yaxın (4,5 milyon ton), ümumilikdə ölkə üzrə 6,7 milyon tona yaxın (7 milyon tona yaxın) neft ixrac edilib.

Birinci rübdə Azərbaycandan neft ixracının azalmasının bir səbəbi də daxildə emalın artmasıdır. Belə ki, SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft emal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artım deməkdir. 

Rəsmi statistikaya əsasən, birinci rübdə ölkədə yanacaq mazutunun istehsalı 3,9 dəfə, avtomobil benzininin istehsalı 33 faiz artıb, dizel yanacağının istehsalı 3,9 faiz, sürtkü yağlarının istehsalı 8,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı isə 16,2 faiz azalıb. Hesabat dövründə xüsusilə yanacaq mazutunun istehsalındakı artım diqqəti cəlb edir. Belə ki, ötən ilin eyni dövründə 8,9 min ton olan istehsal bu il 34,4 min tona yüksəlib.

Onu da qeyd edək ki, 2022-ci ilin birinci rübündə Azərbaycan neftinin satışından əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondu böyük həcmdə zərərlə üzləşib. Belə ki, fonddan verilən məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat təşkil edib. Beləliklə də qeyd edilən dövrdə ARDNF-nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45 faiz səviyyəsində icra edilib.

Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 milyard 660,8 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 milyon manat təşkil edib.

Yekunda birinci rübdə Dövlət Neft Fondunun xalis büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 764,5 milyon manat təşkil edib.

Xərclərə gəlincə, hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 757,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilib. Daha 5,3 milyon manat fondun idarə olunmasına sərf edilib.

2022-ci il martın 31-nə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon ABŞ dolları) nisbətən cüzi - 0,53 faiz artaraq 45 milyard 264 milyon ABŞ dolları təşkil edib.

Fonddan verilən açıqlamadan aydın olur ki, fondun zərərinin yüksək olmasına səhm bazarlarındakı volatillik gətirib çıxarıb: “Cari ilin ilk rübündəki qlobal makroiqtisadi və geosiyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirmişdir. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər, eləcə də postpandemiya və geosiyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırkı qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olmuşdur ki, bu da ARDNF-nin investisiya portfelinə təsirsiz ötüşməmişdir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artımlar nəticələnmişdir ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olmuşdur".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR