İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanfilm" "qətlə yetirilib" - İki tanınmışın REAKSİYASI

1427 11.02.2026 14:23 Mədəniyyət A A

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 15 nəfərin işdən çıxarılması ilə bağlı məlumat ictimaiyyətdə müzakirələrə səbəb olub. Azərbaycan Respublikasının Kino Agentliyinin açıqlamasında bildirilir ki, bu addım idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi daşıyan struktur yenilənməsi çərçivəsində atılıb.

Qeyd olunur ki, real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb, ümumi struktur 65 nəfərdən 50 nəfərə endirilib. Texniki heyət üzrə pirotexnik Əlibaba Məmmədovun isə öz ərizəsi ilə işdən ayrıldığı vurğulanır və bunun kütləvi ixtisar kimi qiymətləndirilməsinin doğru olmadığı bildirilir (Oxu.az).

Rəsmi açıqlamada o da qeyd edilir ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənir. Dövlət sifarişli kino istehsalının daha açıq mexanizmlərlə həyata keçirilməsi nəzərdə tutulur. Yeni strukturun özəl istehsal şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə, PR və marketinq fəaliyyətlərinin gücləndirilməsinə fokuslandığı bildirilir. Eyni zamanda, kinostudiyanın inkişafına dair qısa və orta müddətli fəaliyyət planlarının hazırlandığı və mərhələli şəkildə icra olunduğu vurğulanır. Lakin məsələ təkcə rəqəmlərdə və struktur cədvəlində deyil.

Burada əsas sual budur: bu dəyişikliklər real istehsala, filmlərin keyfiyyətinə, yaradıcı mühitə necə təsir göstərəcək?

Eldəniz Quliyev yeni siyasi platforma yaratdı | Modern.az

Ssenarist və kinodramaturq Eldəniz Quliyev bu cür mövqe bildirib:

""Azərbaycan mədəniyyətinə "ağır itki üz verib" - Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası "qətlə yetirilib"... Ağrılı və üzücü xəbərdi. Ən dəhşətlisi isə bu hadisənin ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) tərəfindən həyata keçirilməsidir. Yəni bir neçə ay əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində olan ARKA-nın bir dəstə əməkdaşı studiyanı zəbt (işğal da demək olar) eləmək, qocaman bir sənət məbədini birdəfəlik əzmək, ləğv eləmək məqsədilə "Azərbaycanfilm"ə "hücum etdi"lər.

Bu müdhiş hadisənin davamı isə belədir: qeyd etdiyim şəxslər əvvəlcə, on illərlə kinostudiyada işləyən və talelərinə, eləcə də alınlarına "kino" yazılmış işçiləri pərən-pərən salır, daha sonra əsas işi kino istehsalı olan yaradıcı-sənaye bazasının strukturunu və fəaliyyət prinsiplərini tələm-tələsik dəyişdib, əvəzində "alqı-satqı" obyektinə çevriməsi prosesinə start verirlər. Və təzə "xozeyinlər" bütün bu "kreativ" əməllərini "Bağdaddakı kor xəlifə"ni yamsılamaqla həyata keçirirlər.

Nəticədə mənəviyyatımızın tərkib hissəsi olan daha bir müqəddəs sənət ocağı kor qoyulur. Kino ictimaiyyəti, milli mədəniyyətimizə, milli-mənəvi və əxlaqı dəyərlər sisteminə cavabdeh olan səlahiyyət sahibləri isə hələ də susurlar”.

Ramiz Həsənoğlu: “Təəssüf ki, televiziyalar ona diqqət yetirmədilər...” -  SÖHBƏT

Görkəmli rejissor Ramiz Həsənoğlu isə Musavat.com-a açıqlamasında belə deyib:

"Bilmirəm, işdən uzaqlaşdırılan insanlar bəlkə pensiya yaşına çatıblar, bəlkə də səbəb tamam başqadır. Hər halda, mən inanmıram ki, peşəkar adamları səbəbsiz yerə işdən çıxarsınlar. Açığı, bu barədə məlumatım da olmayıb, işdən çıxarılanların kimlər olmasından da xəbərsizəm. Yeni gələn rəhbərliyin nə düşündüyünü, niyə bu cür addım atdığını bilmirəm və hətta bu barədə şərh vermək də istəmirəm.

Amma ümumilikdə kinonun vəziyyəti elədir ki, burada mütləq hərəkət lazımdır. Hərəkət olmayanda kino inkişaf edə bilməz. Əlbəttə, mən qərar verən adamlardan deyiləm, mən kinoda işləyən adamam. Sadəcə gözləyirəm ki, nə vaxtsa imkan yaransın və planlaşdırdığımız işlərin heç olmasa bir hissəsini həyata keçirə bilək.

Kinomuzun dirçəlməsi ilə bağlı “işıq ucu”nun olub-olmamasına gəlincə, işıq ucu hər zaman var. Amma o işıq bizə nə qədər yaxındır, nə qədər uzaqdır — əsas məsələ budur. Müəyyən qruplar, ayrı-ayrı şəxslər hərəkətə gəliblər, nəsə çəkməyə, nəsə etməyə çalışırlar. Lakin kinoya dövlət səviyyəsində münasibət olmasa, kino olduğu yerdə sayacaq. Azərbaycan kinosu hazırda, təəssüf ki, yerində sayır.

Kinematoqrafiyamızın inkişafı üçün kompleks şəkildə çox şey çatmır. Kino məktəbimiz var, 100 ildən artıq tarixi olan bir ənənəmiz var, həyatda olan böyük sənətkarlarımız var. Amma onların bəziləri kinodan kənara çəkiliblər, çünki yaşamaq lazımdır. Onlar istiqamətlərini, peşələrini dəyişməyə məcbur olublar. Halbuki gec deyil. Azərbaycan kinosunun taleyi məhz bu gün həll olunmalıdır".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR