İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Türkiyəyə tələbə axını azala bilər iddiası - Zəlzələ: qalıcı, yoxsa keçici səbəb?

514 18.02.2023 09:03 Gündəm A A

Qardaş Türkiyə, bütövlükdə Türk milləti öz tarixinin ən ağrılı dönəmlərindən birini yaşayır. Bu, sözsüz ki, həm də taleyin sınağıdır. Ancaq zəlzələnin fəlakətli nəticələri aradan qaldırılsa da, təbii ki, canlı itkilərin yerini doldurmaq, faciədə əzizlərini itirmiş insanları ovundurmaq mümkün olmayacaq.

Onların arasında 10 azərbaycanlı, o cümlədən 4 tələbəmiz də var. Sözsüz ki, valideynlər üçün sonsuz kədər, üzüntüdür. Övladı böyüdüb Türkiyəyə oxumağa göndər, oradan isə tabutda al...

Bəzi iddialara görə, bu faciəvi olaylardan sonra qardaş ölkəyə Azərbaycandan təhsil almaq üçün gedənləri sayı azalacaq. Belədirmi? Ümumiyyətlə, zəlzələ Türkiyədə xarici təhsil sektoruna nə dərəcədə zərbə vura bilər, bu cür iddialar əsaslıdırmı?

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“ Yeni  Sabah

Kamran Əsədov: “Tələbələr yalnız bu cür bölgələrdə təhsil almaqdan çəkinirlər... ”

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Azərbaycandan kənarda təhsil alanların sayı təxminən 42 min nəfərdir. Azərbaycanlı tələbələrin təhsil üçün seçdiyi ölkələr arasında qardaş Türkiyə ilk sıradadır ki, bunun da bir neçə səbəbi var. İlk səbəblərdən biri budur ki, Türkiyə universitetlərinə qəbul imtahanları qaydaları kifayət qədər asan, əlçatandlr. İkinci vacib məqam Türkiyə ali təhsil müəssisələrində tədrisinin keyfiyyətinin kifayət qədər yüksək olması ilə bağlıdır. Universitetlərin yüksək reytinqi var, məzunlar əmək bazarının tələblərinə və müasir standartlara cavab verirlər. Bundan başqa, tədrisin dili bizə kifayət qədər yaxındır, təhsil haqlarının aşağı olması, yataqxana ilə təminat, yaşayış xərclərinin minimal olması sayəsində kifayət qədər azərbaycanlı tələbə qardaş Türkiyədə təhsil almağa çalışır. Türkiyədə təhsil təkcə, azərbaycanlılar üçün deyil, digər ölkələrin gəncləri üçün də cəlbedicidir. Qeyd edim ki, Türkiyədə təhsil alan digər ölkələrin vətəndaşlarının sayı 185 min nəfərdir. Bu, kifayət qədər ciddi rəqəmdir”.

Kamran Əsədov hesab edir ki, dəhşətli zəlzələ və onun fəsadları təhsil üçün Türkiyəyə üz tutmaq istəyənlərin sayına təsir göstərməyəcək: “Əlbəttə ki, Türkiyədə baş verən zəlzələ böyük bir ərazini, o cümlədən, Kahramanmaraş, Adıyaman, Malatya, Qaziantep kimi şəhərləri əhatə edib. Ancaq bu dəhşətli zəlzələ, itkilərin sayının çox olması təhsil üçün Türkiyəyə üz tutmaq istəyənlərin sayına təsir göstərməyəcək. Heç bir ölkə bədbəxt hadisələrdən, təbii fəlakətdən sığortalanmayıb. Hər bir ölkədə zəlzələ, dağıntı, təbii fəlakət ola bilər. Amma bu amilin Türkiyədə təhsil almaq istəyən xarici tələbələrin fikrinə hər hansı mənfi təsir edəcəyi ehtimalı yoxdur.

Məsələn, Ukraynada 1 ildir müharibə gedir, amma hələ də Ukrayna universitetlərinə qəbul olan azərbaycanlılar var, dərslər onlayn keçilir. Zamanında istər Yaponiyada, istərsə də digər ölkələrdə sunami, zəlzələ kimi təbii fəlakətlər olmuşdu. Araşdıranda görürük ki, təbii fəlakətlər həmin ölkələrə təhsillə bağlı gedişə mənfi təsir göstərməyib. Əskinə, bu dəhşətli təbii fəlakət nəticəsində Türkiyədə bundan sonra mühəndislik işlərinin keyfiyyətli görülməsinə daha da diqqət ediləcək, təhlükəsizlik qaydalarına riayət olunacaq.

Hər il Azərbaycandan azı 6 min nəfər öz vəsaiti hesabına Türkiyəyə təhsil almağa gedir. Təhlil edəndə görürük ki, Kahramanmaraş, Malatyada olan universitetlərə gedən azərbaycanlı tələbələrin sayı çox deyil. Azərbaycanlı tələbələr daha çox İzmir, Eskişəhər, Bolu, Çankaya, Çorum, İstanbul, Antalyada da təhsilə üstünlük verirlər. Yəni soydaşlarımızın seçdiyi universitetlər sırasında zəlzələ baş verən ərazilər o qədər də üstünlük təşkil etmir. Beləliklə, Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbələrin çox cüzi qismi zəlzələ baş verən ərazidəki universitetlərdə təhsil alır. Beləliklə, dünya ölkələrinə də diqqət edəndə görürük ki, təbii fəlakətlərin baş verdiyi bölgələrdə tələbələrin sayında azalma müşahidə olunmur. Tələbələr əsasən hərbi münaqişə olan ölkələrə getmirlər ki, bu da təbii haldır".

Bəs zəlzələnin yaratdığı qorxu hissi keçici, yoxsa qalıcıdır?

Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” –  Müsahibə

Elnur Rüstəmov: “Bu cür həyəcan və qorxulardan azad olmaq üçün zaman lazımdır”

 

Psixoloq Elnur Rüstəmov bu barədə qeyd edib ki, ümumiyyətlə, bu cür situasiyalarda, yəni zəlzələ, sunami, digər təbii fəlakətlər, yanğın hallarında insanlarda kəskin stress pozuntusu, psixoloji narahatçılıq yaranır: “Çünki bu cür situasiyalarda insanların diqqəti konkret olaraq baş verən hadisəyə yönəlir. Diqqət edəndə görürük ki, insanlar daha çox zəlzələ və zəlzələnin törətmiş olduğu  fəsada köklənib. Bu gün istər Türkiyədə, Azərbaycanda, istərsə də digər ölkələrdə insanlar daha çox ”zəlzələ ola bilərmi, zəlzələ olarsa,  yaşadığımız yer güvənlidirmi, sağ çıxa bilərikmi" kimi düşüncələr yaranır və bu da normal haldır. Lakin zaman-zaman insanlar bu düşüncələrdə artıq özü ilə öz düşüncələri arasında bir sərhəd yarada bilərlər. Bunun üçün də zaman lazımdır.

Zəlzələnin baş verdiyi ilkin dönəmlərdə insanlarda daha çox narahatçılıq, gərginlik, təlaş var idi. Bu gün də həmin təlaş var, lakin o təlaş əvvəlki intensivlikdə deyil. Artıq insanlar baş verən hadisə ilə özü arasında hansısa sərhəd qoya bilir. Doğrudur, yenə də narahatıq, acıyırıq, üzülürük, çünki on minlərlə həlak olan, yaralı var, dağıntılar var. Biz bu gün həm də düşünürük ki, bu fəsadları necə aradan götürmək lazımdır. Bütün bunlar əlbəttə ki, insanın psixologiyasına təsir göstərir".

Psixoloqun sözlərinə görə zaman keçdikcə məlum narahatçılıq, təlaş azalacaq: “Zamanla insanlar proses və hadisələrə daha soyuqqanlı yanaşacaqlar. Bu gün nəinki  Azərbaycanda olan valideynlər hansı ki, onların övladları Türkiyədə təhsil alır, hətta Türkiyənin özündə yaşayan insanlar bəzən düşünürlər ki, ”bəlkə şəhəri tərk edək, həyət evinə köçək, bəlkə yaxın bir şəhərə, daha təhlükəsiz yerə köçək?" Zamanla hadisəyə bu cür reaksiya da azalacaq. Hesab edirəm ki, bütün bunların fonunda nəinki Türkiyədə, həmçinin Azərbaycanda, digər ölkələrdə artıq binalar inşa edilərkən, tikinti işləri aparılarkən daha diqqətli, daha məsuliyyətli olmağa çalışacaqlar".

Psixoloq narahatçılıq keçirən valideynlərə də öz tövsiyəsini bildirib: “Narahatçılıq keçirən valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, hadisəyə bir qədər soyuqqanlı yanaşsınlar. Məlum olduğu kimi, Türkiyədə ali məktəblərdə tədris distant rejimə keçib. Hətta bu özü belə məcburi deyil, çünki  tələbələr arasında yaxınları vəfat edənlər qoşulmaq istəməsələr qoşulmayacaq, yəni bu güzəştlər də var. Bu həm də insanların narahatçılığının bir qədər səngiməsinə yönəlib. Çünki təsəvvür edin, əgər dərslər əyani olsaydı tələbə və valideynlərdə bir narahatçılıq, gərginlik ola bilərdi. Bizdə də Təhsil Nazirliyi bununla bağlı bəyan etdi ki, qardaş Türkiyədə zəlzələdən dağıntılar altında qalan universitetlərdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycana da köçürülə bilər. Bütün bunlar, insanların gərginliyinin, psixoloji sıxıntılarının azaldılmasına hesablanıb. Lakin hadisəni yaşayanlar, yaxınlarını itirən insanlar var ki, onlara şübhəsiz ki, psixoloji yardım göstəriləcək. Həm Türkiyədə həm də Azərbaycanda o hadisədən təsirlənən  insanlar var ki, onlar da vaxtında psixoloji dəstək almalıdırlar ki, sonradan həmin narahatçılıqları onların həyat keyfiyyətlərinə pis təsir etməsin”.

Xalidə Gəray
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR