İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Türkiyədə ev alanların sayı kəskin azaldı

1103 20.07.2024 08:50 İqtisadiyyat A A

Zəlzələ qorxusu, yoxsa kəskin inflyasiya - ekspertlərin izahı

Türkiyə sosial-iqtisadi baxımdan sabit günlərini yaşamır. İllik inflyasiya 50 faizdən yüksək olur. Qiymətlər dayanmadan artır. Az-çox lirə dəyər itirməməyə çalışır. Ümumilikdə, vəziyyət yaxşılığa doğru getmir. Qardaş ölkədə turizmə bəslənən ümidlər də özünü doğrultmur. Bu yay xüsusilə Bodrumda az turist gözə dəyir. Qiymətlərin çox yüksək olması özünü göstərir. Mənzil bazarında isə geriləmə daha nəzərəçarpan görünür. 

Bizimyol.info xəbər verir ki, Türkiyədə mənzil alanların sayı azalıb. Türkiyə Statistika Qurumunun məlumatına görə, iyunda 1440 əcnəbi bu ölkədə ev sahibi olub. Ümumilikdə, ilin ilk yarısında say 10 min 548-ə çatıb. Aşkar azalma var. 2023-cü ilin birinci yarısı ilə müqayisədə fərqi daha aydın görmək mümkündür. Keçən ilin ilk 6 ayında Türkiyədə xarici ölkə vətəndaşlarına 20 minə yaxın mənzil satılmışdı. 

Əvvəlki illərlə müqayisə daha fərqli mənzərə ortaya qoyur. Məsələn, 2019-cu ildə əcnəbilərə satılan mənzillərin sayı 44 minə çatmışdı. Düzdür, onda lirə hələ təzə ciddi dəyər itirdiyindən, böyük sıçrayış qeydə alınmışdı. Yəni bir il əvvəl ilə müqayisədə say 1,7 dəfə artmışdı. Bir ay ərzində təkcə Rusiya vətəndaşlarına 400-dən çox mənzil satılırdı. İran, Səudiyyə Ərəbistanı, Azərbaycan vətəndaşlarının bu istiqamətdə fəallığı da öz yerində. 

Azərbaycanlılar xüsusilə pandemiyadan sonra Türkiyədə çox böyük imkanlar ortaya qoya bilmir. Ölkədə sosial vəziyyətin pisləşməsi, pul kütləsinin azalması qardaş dövlətdə daşınmaz əmlak bazarındakı davranışa da təsir göstərib. Hər il sayda azalma qeydə alınır. Keçən il azərbaycanlılar Türkiyədə 800 civarında mənzil almışdı. 2023-cü ilin ilk yarısında say 395 olmuşdu. Halbuki sayın 1000-i keçdiyi dövrlər olub. Bu ilin birinci yarısında isə 339 müqavilə imzalanıb. 

Azərbaycan vətəndaşlarının Türkiyədə ev almasına tərəddüdünün bir səbəbi də gözlənilən böyük İstanbul zəlzələsi göstərilir. 

Xalid Kərimli: ADNF- nun gəlirlərinin yüksəlməsi proqnozlaşdırılır

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Türkiyədə uzun müddət ucuz pul siyasəti həyata keçirilib: “Buna qeyri-ənənəvi siyasət də deyirlər. Türkiyənin AKP hakimiyyəti, Ərdoğanın nüfuzu, yanaşması  çox böyük rol oynayır. 2019-cu ildən başlayaraq inflyasiya artmasına baxmayaraq faiz dərəcələrini aşağı salmağa başladılar. İnflyasiya artanda faizlər artır ki, inflyasiya zəifləsin. Bank faizləri aşağı salanda əhali də elə zənn edir ki, onsuz da inflyasiya artacaq, borclansa da onsuz da pul dəyərini itirəcək. Bu proses başladı spiralvarı artmağa. Digər tərəfdən, pandemiya ortaya çıxdı. Pandemiya enerji qiymətlərini kəskin artırdı. Prezident seçkilərindən sonra isə bu məsələ işin peşəkarlarına həvalə olundu. İnflyasiya 80 faizdən 50 faizə endirildi, bu əla göstəricidir. İlin sonuna kimi bir az da zəifləyəcək. İnflyasiya spiralvarı ötürüldüyünə görə birdən birə sıfıra endirmək olmur. Burada nüans ondan ibarətdir ki, faizlərin artırılması iqtisadi, işgüzar aktivliyi aşağı salır. Türkiyə Mərkəzi  Bankı faizləri bir neçə dəfə artırdı ki, iqtisadiyyata pulun girişini azaltsın. Burada əsas məqsəd inflyasiyanı cilovlamaqdır”. 

O ki qaldı Bodurmda baş verənlərə, ekspert qeyd edib ki, sahibkarlar dayanmadan qiymətləri artırırlar: “Türkiyəyə əsasən münasib qiymətlərə görə gəlirdilər. Türkiyənin təbiəti, xidməti gözəldir, amma qiymət də burada böyük rol oynayır. Turistlər yunan adalarına deyil, ondan iki dəfə ucuz olan Türkiyəyə gedirdilər.  Qiymət eyni olanda yunan adalarına üz tuturlar. Yəni inflyasiya ocağının söndürülməsi iqtisadi aktivliyi aşağı salacağı gözlənilirdi, yəni burada qeyri adi heç nə baş vermir. İndi boş qalan hotellər gələn il üçün daha əlverişli qiymətlər verəcək ki, müştərilərini cəlb etsinlər. Artıq inflyasiyanın aşağı düşəcəyini görüb daha aşağı qiymətlər təklif edəcəklər. Mərkəzi Bankın müstəqillik çərçivəsində lirə də daha stabil olacaq, sürətli dəyər itirməyəcək. Həm turizmlə bağlı, həm də daşınmaz əmlakla bağlı vəziyyət də stabilləşəcək”. 

Elnur Fərzəliyev: "Şirkətin təklif etdiyi məbləğlə vətəndaş o ərazilərdən  ev ala bilməz"

Elnur Fərzəliyev

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Türkiyədə daşınmaz əmlakla bağlı ötən il verilən qərar azərbaycanlıların marağına uyğun olmadı. 2021-ci ilə qədər Türkiyədə daşınmaz əmlakların qiymətləri sabit idi. Artım çox cüzi şəkildə müşahidə olunurdu. Rusiya-Ukrayna müharibəsi nəticəsində Türkiyəyə ciddi axın müşahidə olunmağa başladı. Xüsusən də Avropada, Amerikada yaşayan rus iş adamları, Rusiya vətəndaşları, həmçinin Ukrayna və digər ölkələrdən gələn xarici vətəndaşlar Türkiyədən daşınmaz əmlak almağa üstünlük verdilər. Bu cür kütləvi axın Türkiyənin öz qanunvericiliyində dəyişiklik etməsinə yol açdı. Əvvəlki illərdə Türkiyədən 250 min dollar məbləğində daşınmaz əmlak alan turistə Türkiyə vətəndaşlığı verilirdi. Dəyişiklikdən sonra müəyyən olunan məbləğ artırıldı və 400 min dollar civarında oldu. Əgər hansısa xarici vətəndaş Türkiyə vətəndaşı olmaq üçün ev almaq istəyirsə, bu halda 400 min dollar xərcləməlidir. Azərbaycan vətəndaşlarının Türkiyədən ev almasında azalmanın müşahidə olunması da məhz qiymətlərlə bağlıdır. Yeni qiymət azərbaycanlıların Türkiyədən ev almasına marağı kəskin şəkildə azaldıb. Əvvəlki illərdə qiymət ucuz olduğuna görə vətəndaşlarımız aldıqları evi rahatlıqla kirayə verə bilirdilər. Lakin indiki məqamda daşınmaz əmlak üçün təyin olunan yüksək qiymət alıcılıq qabiliyyətini azaldıb. Ona görə də azərbaycanlıların reytinqdəki mövqeyi də geriləyib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR