İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı sanksiya hazırlığı - Avropadan təzyiqlər artır

1273 06.03.2024 13:35 Siyasət A A

Avropalı parlamentarilər Avropa İttifaqını Bakıya sanksiyalar tətbiq etməyə çağırır, lakin qurumun energetika üzrə müşavirinin son bəyanatlarını, deyəsən, unudurlar... - iki partiyadan reaksiya

Avropa Parlamentinin (AP) fevralın 28-də qəbul etdiyi “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” başlıqlı illik hesabatda Azərbaycan sərt tənqid edilib. 

“Yeni Müsavat” qeyd edir ki, hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı “son zamanlar daha da kəskinləşən repressiyalar”dan ciddi narahatlıq ifadə edilib. Bu hesabatda da Azərbaycanın Qarabağdakı əməliyyatları pislənib və Avropa İttifaqı (Aİ) Şurası Azərbaycan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb. Ümumiyyətlə, Avropa Parlamenti ötən bir il ərzində Azərbaycanla bağlı üç qətnamə və bir hesabat qəbul edib. Bununla yanaşı, avropalı deputatlar Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinə dair çoxsaylı bəyanat və çıxışlar ediblər. Azərbaycan AP-nin hesabatını və qətnamələrini qəbul etmir və bunu qərəzli sayır. Rəsmi Bakı hesabatı pislədiyi və rədd etdiyi barədə bəyanat yayıb. Azərbaycan Milli Məclisi də sözügedən hesabatı qərəzli sayaraq pisləyib.

Yerli analitiklərin zənnincə, AP-nin anti-Azərbaycan mövqeyi hesabatda əksini tapıb ki, bu, özlüyündə heç nəyi ifadə etmir. Ekspertlərin qənaətincə, AP-nin çağırışı ilə Aİ-nin Azərbaycana qarşı sanksiya tətbiq edəcəyi gözlənilən deyil. 

Fərhad Məmmədov: "Terrorizm bu gün də erməni milli ideologiyasının  dayaqlarından biridir"

Fərhad Məmmədov

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov AYNA-ya deyib ki, Azərbaycana qarşı sanksiyalar o qədər də real deyil. Avropa Parlamentində Azərbaycana qarşı tənqidlər bundan əvvəl də səslənib. Amma sanksiya çağırışı səviyyəsinə çatmamışdı. İndi nə baş verdi ki, artıq Aİ sərt tədbirlərə çağırılır, sanksiya tətbiqi istənilir? F.Məmmədov deyib ki, Avropa Parlamentindən sərt çağırışlar ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror tədbirləri ilə əlaqədardır. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi Avropadakı dairələri qıcıqlandırdı və bunu onlar həzm edə bilmirlər. Xüsusilə Fransanın canfəşanlığı ortadadır və Parisin AP-yə təzyiqləri böyükdür. Nəticədə bu məsuliyyətsiz qurum tərəfindən anti-Azərbaycan çağırışları dərinləşir, sanksiya tələbləri güclənir. 

Amma Aİ-dəki hökumətlər qərar verməlidir ki, bu da gözlənilmir. Çünki 14 ölkənin Azərbaycanla strateji əməkdaşlığı var və bu ölkələr münasibətlərin pozulmasında maraqlı deyillər. Bunu təsdiqləyən bir detalı da “Yeni Müsavat” olaraq biz qeyd edək: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib ki, 2027-ci ilə qədər Azərbaycanla qaz ticarətini iki dəfə artıracağıq. “Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün əslində işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir”. Simson bəyan edib ki, Avropa İttifaqı gələcəkdə elektrik enerjisi ixracında da Azərbaycanı əsas tərəfdaş kimi görür. Belə bəyanatlar fonunda AP-nin çağırışlarına Aİ qoşularmı? Qurum ermənipərəst avropalı parlamentarilərin səsinə səs verərək Bakıya sanksiya tətbiq edərmi? Simsonun açıqlamasına diqqət yetirsək, o zaman sanksiyalar inandırıcı görünmür. Tam tərsinə, Rusiyanın təcavüzkar əməliyyatına görə Avropa ondan qaz asılılığını tam aradan qaldırmaq niyyətindədir və belə şəraitdə Azərbaycanın enerji məhsullarına sanksiya qoyulması Qərbin maraqlarını ifadə etmir. Bəs Avropa Parlamentinin və AŞ PA-nın bizə total hücumlar əslində haradan qaynaqlanır? Yeri gəlmişkən, Prezident də bu məsələdə AŞ PA-da nümayəndə heyətimizə qarşı çirkin kampaniya aparıldığını nəzərə çatdırdı...

Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi

 Arzuxan Əlizadə

“Avropa Parlamenti yekcins qurum deyil”. AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi. Partiya sədri vurğuladı ki, bu parlamentdə iqtidar partiyalarının üzvləri ilə yanaşı müxalifətin deputatları, solçu və sağçı ideologiyaları olan parlamentarilər də yer almaqdadır: “Onların arasında rüşvət alanlar, müxtəlif qruplar tərəfindən idarə olunanlar, lobbinin xidmətçisinə çevrilənlər zaman-zaman ifşa olunub. Son zamanlar da çağırışları məhz həmin deputatlar etməkdədir. 300-dən çox deputat olsa da, onlardan 30-40 deputat bir araya gəlib hansısa çağırışlar səsləndirir. Lakin onların mövqeyi ölkələrinin rəsmi mövqeyini ifadə etmir. Çünki həmin dövlətlər bilirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir”. A.Əlizadə qeyd etdi ki, Avropa İttifaqı dövlətlərindən 9 ölkə ilə artıq tərəfdaşlıq mövcuddur: “O baxımdan sanksiyaları istisna edirəm və artan əməkdaşlıq daha da genişlənəcək. Sadəcə, bizim müvafiq qurumlar Avropa Parlamenti ilə yaxşı işləmirlər. Biz Avropa səfərində olanda keçirdiyimiz görüşlərin birində maraqlı bir söhbət oldu. Avropalı deputatlardan biri dedi ki, sizin səfiri indiyədək görməmişik, amma erməni tərəfi çox aktivdir, əlində fincanla masa-masa gəzərək görüşlər keçirir, müzakirələr aparır. Yəni bu məsələdə öz qüsurlarımızı da görməliyik”.

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

 Natiq Cəfərli

Real Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli isə qəzetimizə söylədi ki, Avropa Parlamentinin bu heyəti özünün son 2-3 ayını yaşamaqdadır. Onun sözlərinə görə, iyunda seçkilər olacaq və növbəti tərkibə indiki deputatların çoxunun düşməsi ehtimalı azdır. N.Cəfərli hesab edir ki, Avropa Parlamentinin indiki addımları seçki ərəfəsində edilir və deputatların bu çağırışlarını da özlərinin diqqət cəlb etməsi kimi izah oluna bilər. “Bütün hallarda Azərbaycan üçün xoş hal deyil. Lakin heç bir hüquqi əsası da yoxdur, boş bir kağız parçasıdır.  İnsan haqları, söz azadlığı ilə bağlı təbii ki, problemlər var, əvvəl də olub, amma bunu ərazi bütövlüyü və suverenliyi ilə təqdim etmək absurddur. Əgər Avropa Parlamenti media azadlığı, insan haqları barədə ayrı-ayrılıqda hesabat hazırlasaydı, bu problemləri bir-birinə qatmasaydı, haradasa başa düşmək olardı. Ancaq hazırkı hesabatda Qarabağ məsələsi vurğulanır və aniterror əməliyyatı pislənilir. Bu da absurd yanaşmadır. Əvvəla, insan haqları probleminin həlli Azərbaycanın özünə lazımdır, Qərbdən xoş söz gələcək deyə yox. İkincisi, Qarabağ müharibəsi kontekstində bir qərəz nümayiş etdirilir. Halbuki Avropa Parlamenti Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Deməli, burada ikili yanaşma var. Qurum separatçı Donbas bölgəsinə zərbələr endiriləndə bir başqa mövqedən çıxış edir, Qarabağda separatçıları biz təmizləyəndə fərqli...”

N.Cəfərli Aİ-nin sanksiya qoymasını mümkün saymır: “Sanksiyanı dövlətlər qəbul edir. Əgər Avropa Birliyində səsverməyə bir ölkə veto qoyursa, o zaman qərar qəbul edilə bilməz. Azərbaycanla yaxşı əlaqəsi olan Almaniya, İtaliya, Macarıstan, Balkan dövlətləri var. Hətta səsverməyə çıxarılsa belə, həmin ölkələr veto qoyacaq. Ona görə də Avropa Birliyinin addım atacağını gözləmirəm”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR