İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan xalqı soyqırımın bütün növlərinə məruz qalıb - FOTOLAR

689 23.08.2022 13:53 Sosial A A

Sosial Tədqiqatlar Mərkəzində "Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru" mövzusunda dəyirmi masa təşkil edilib.

Musavat.com xəbər verir ki, tədbirdə millət vəkilləri, QHT rəhbərləri, siyasi ekspertlər və b. iştirak ediblər.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini, millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dünyaya özünü qüdrətli ölkə kimi tanıtdı:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 30 il düşmən işğalında olan torpaqlarımızı geri qaytardı. "Qisas" əməliyyatından sonra isə Ermənistan hökuməti və xalqının münasibətində dəyişikliklər baş verib. Bir neçə gün öncə STM-in keçirdiyi sorğunun nəticələrinə görə, xalqımız hesab edir ki, bəyannamənin şərtləri yerinə yetirilmədiyi təqdirdə əməliyyatlar davam etməlidir. Əhalinin 80 faizi 10 noyabr razılaşmasının şərtlərinə əməl edilməzsə, antiterror əməliyyatlarının davam etdirilməsini dəstəkləyir. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələri həyata keçirir. Ermənistan isə Qarabağda yaşayan ermənilərin taleyi ilə maraqlanmır. Yeni dəhlizlə bağlı layihənin reallaşmasında iştirakçı olmaması bunun bariz nümunəsidir".

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan qələbəsi ilə regionda güc balansını dəyişdirdi: "Yeni geosiyasi həqiqətlər formalaşdı. Bu mərhələyə qədər uzun yol keçilib. Bu yolda beynəlxalq hüququn lazımsız olduğunu, manipulyasiyaları gördük. 10 noyabr Bəyannaməsinin bəndlərinin icrası hələ də reallaşmayıb. Ermənistan hökuməti diplomatik manipulyasiyaya yol verərək, hətta şantaja əl ataraq siyasi terror törətməkdən çəkinmir".

STM-in İdarə Heyətinin üzvü, Daxili Siyasətin Təhlili Departamentinin rəhbəri, professor Tahirə Allahyarova bildirib ki, Azərbaycan xalqı soyqırımın bütün növlərinə məruz qalıb:

"Ətraf mühitin məhvi, torpaqların özününküləşdirilməsi, etnik təmizləmə və s. Ekoloji terrorla bağlı müvafiq tədbirlər görülür. Hazırda beynəlxalq hüquqda ekosid termini müzakirə olunur. Qarabağda urbisidə də yol verilib, yəni şəhərlərin məhv edilməsi baş verib. Bununla bağlı da müvafiq işlər görülməkdədir".

Professor şəhərlərin məhv edilməsi ilə bağlı filmlərin çəkilməsini, eyni zamanda alimlərin platformasının yaradılmasını təklif edib.

Millət vəkili Nizami Səfərov çıxışında qanunsuz məskunlaşma məsələsinə diqqət çəkib:

"30 il davam etmiş işğala 44 günlük müharibə ilə son qoyuldu. 30 ildə regionda saysız-hesabsız beynəlxalq cinayətlər törədilib. Onlardan biri də qanunsuz məskunlaşmadır. Prezident İlham Əliyev bu yaxınlarda qeyd etmişdi ki, Laçın şəhərində, Zabux, Sus kəndlərində məskunlaşmış ermənilər çıxarılmalıdır. Çünki bu, beynəlxalq cinayətdir, müharibə cinayətidir. Nəzərə almaq lazımdır ki, silahlı münaqişələr dövründə departasiyalar, qeyri-qanuni məskunlaşma beynəlxalq humanitar hüququn norma və prinsiplərinə birmənalı olaraq ziddir. Bu, regionda demoqrafik vəziyyətin dəyişilməsi, həmin dövrdə mövcud olan status-kvonun saxlanması, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının qarşısını almağa səbəb olur".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev mina terroruna diqqət çəkərək bildirib ki, bəzi ərazilərdə 1 kvadratmetrdə 10 mina basdırılıb: "Minaların əksəriyyəti 2021-ci ildə istehsal olunub. Araşdırmalar Laçında (Güləbirddə), Şuşada minaların basdırılıdığını göstərib. Bu gün ən böyük problemlərimizdən biri minalanmadır. Azərbaycan mina təhlükəsi olan ölkələr sırasındadır. Bu, qlobal təhlükədir".

Digər çıxış edənlər erməni təcavüzü nəticəsində Şərqi Zəngəzur və Qarabağa dəyən zərər barədə bir çox məqamlara diqqət çəkiblər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR