İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan startapı rusiyalıları sanksiyadan yayındırır?

1161 08.04.2022 20:56 İqtisadiyyat A A

Ukrayna mənbələri bir video paylaşıblar. Orda Azərbaycanlı Elmir Əliyevin rəhbərlik etdiyi komandanın, onun Bankoff (bankoff.co) startapının rusiyalı vətəndaşlara sanksiyadan yayınmaq üçün kömək etdiyi vurğulanır.

İddia olunur ki, Elmir Əliyev və komandası kütləvi olaraq rusiyalılar üçün virtual bank kartları ("Visa") hazırlayırlar.

Hansı ki, bu kartları əldə edən rusiyalılar ödəniş etməyə, pul köçürmələrinə, alqı-satqı etməyə imkan qazanır.

Bu isə o anlama gəlir ki, rusiyalılar MasterCard və Visa-nın onlar üçün müəyyən etdiyi sanksiyalardan Bankoff vasitəsilə yayına bilirlər.

osman.jpg (42 KB)

Musavat.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycan startapının rusiyalıları bu yolla sanksiyalardan yayındırmaq imkanı var: "İlk öncə qeyd edim ki, Ukrayna tərəfinin yaydığı bu məlumatın nə dərəcədə doğru olmasını deməkdə çətinlik çəkirəm.

Bankoff resursunu nəzərdən keçirdikdə görmək olar ki, buna imkanlar tam realdır.

Amma onu da vurğulamaq lazım ki startap xidmət üçün, kart üçün onlara müraciət edənlərin kimlər olmasına diqqət edə və etməyə də bilər.

Hər halda, əminəm ki startap rəhbərliyi dəqiq bilir ki, son bir ayda kart üçün müraciətlər haradan daha çox olub.

Düşünürəm ki, yayılan məlumatlarda Azərbaycanın adı hallandığından buna münasibət bildirmək doğru olardı".

Mütəxəssisə görə, ilk baxışda ortada hansısa kriminalın olmadığı görüntüsü yaranır: "Bu, Elmir Əliyev və komandası üçün bir vicdan və bir biznes məsələsidir.

Bununla belə, fikrimcə, komanda fərqində olmalıdır ki, Ukrayna üçün bu müharibə ədalətli müharibədir. Bu müharibədə yalnız Ukraynanın taleyi həll olunmur. 44 günlük müharibəmizdə bizim ərazi bütövülüyümüzə, ədalətli savaşımıza etinasız yanaşan qlobal şirkətləri biz də burada, ölkəmizdə qınaq etmişik. İndi Ukraynalılar bunu edir və bunun uğrunda vuruşurlar. İzlədiyim üçün deyə bilərəm ki, onlar bu məsələdə güzəştə getməyəcəklər və sonadək gedəcəklər. Beynəlxalq əlaqələri də hədsiz güclüdür.
Düşünürəm ki, bütün bunlar nəzərə alınmalı məsələlərdir.

Əlbəttə, bir də vurğulamaq istərdim ki, komanda üçün bu vicdan məsələsidir, yalnız biznes üçün də çalışa bilərlər.

İkinci tərəfdən, hazırda ASAN-nın İNNOLAND Akselerasiya Mərkəzində oturan Bankoff startapının saytından görsənir ki, şirkət ABŞ -da qeydiyyatdan keçib, Stripe , Visa, GooglePay, ApplePay və s. qurumlarla partnyorluq edir.

Düşünürəm ki, əgər Elmir Əliyev və komandası yayılan məlumatlarda qeyd olunan fəaliyyəti həqiqətən də ediblərsə və davam etdirirlərsə, onda adı çəkilən ABŞ şirkətləri tərəfindən bankoff.az startapına qarşı çox ciddi məhdudiyyətlər qaçılmaz olacaq.
Adi araşdırma ilə onlar son zamanlar virtual kartların kimlərə verildiyini, hansı sayda verildiyini asanlıqla müəyyən edə bilərlər.
Ukraynada çox böyük İT komanda bunkerdə oturub hazırda gecə-gündüz bu işlərlə məşğuldur, bütün yollarla ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışırlar.

Qeyd etdiyim kimi, ukraynalıların beynəlxaq əlaqələri güclüdür və qlobal şirkətlər də onları eşidir.

Bu isə, əlbəttə, yeni fəaliyyətə başlayan startapımız üçün heç də yaxşı perspektiv vəd etmir.

Rusiyaya qarşı sanksiyalar getdikcə sərtləşdiyindən və ümumiyyətlə, sanksiya məsələsi siyasiləşdiyindən Bankoff şirkətinin açıqlanan məlumatlara münasibət bildirməsi və öz partnyorlarını, Ukrayna startap ekosistemini də öncədən məlumatlandırması doğru olardı".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR