İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sizin sentinizə və vasitəçiliyinizə möhtac deyil!

2499 17.11.2023 11:49 Siyasət A A

Konqresin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı qərəzli məruzə ABŞ-Azərbaycan münasibətlərinə ciddi xələl gətirdi - Azərbaycan Vaşinqton görüşündən imtina etdi; deputat: “Belə çıxır ki, ABŞ Qarabağda terrorçuların mövcud olmasına şərait yaratmağımızı istəyirmiş...”

Noyabrın 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayen və USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbərinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovski Konqresin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı məruzə ediblər. Konqresmen Tomas Kinin (Nyu-Cersi ştatından respublikaçı) keçirəcəyi tədbir romitənin saytında birbaşa yayımlanıb. 

Erməni lobbisi 907-cü düzəlişin yenidən tətbiqi üçün səfərbər olub - ABŞ-da  manipulyasiya başladı

Ceyms Obrayen dinləmələrdə deyib ki, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir. Bundan əlavə, ABŞ  tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.

Obrayen həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu “dəfələrlə” açıq şəkildə bəyan edib.

“Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”, - o əlavə edib.

Sentyabr müharibəsi haqqında danışan Obrayen bildirib ki, Dövlət Departamenti katib Blinkenin göstərişi ilə təkcə o günlərdə deyil, ondan əvvəlki aylarda baş verənlərin hərtərəfli və şəffaf hesabatını hazırlayır.

Vaşinqton Ermənistana dəstək üzərində də işləyir. “Biz Ermənistana dəstək vermək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik”.

Sülh danışıqlarına gəldikdə, Obrayen bildirib ki, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətdən hərəkətə keçmək istəyini yoxlamaq üçün kritik olacaq. 

Obrayen qanunvericilərin sualını cavablandırarkən bir daha bəyan edib ki, 19 sentyabr hadisələrindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.

“Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, (Bakının) hərəkətlərini pislədik və 907-ci düzəlişı  bərpa etdik”, - Obrayen bildirib.

Bir gün əvvəl  müzakirələrin anonsunu yayan “Turan”ın Vaşinqton müxbiri yazıb ki, sentyabrdakı antiterror tədbirlərindən sonra ABŞ Azərbaycanla ikitərəfli görüşləri və yüksək səviyyəli razılaşmaları ləğv edib və gələcək tədbirlər planlarını dayandırıb. 

Bu proses hansı nəticələri vəd edir? Azərbaycana təzyiqin artmasının əlaməti sayıla bilərmi? Azərbaycan ərazisi olan Qarabağın gələcəyini ABŞ Konqresinin müəyyən etməyə çalışması beynəlxalq hüquqa meydan oxumaq deyilmi? 

NƏSİROV Elman Xudam oğlu

Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzli bir hesabat hazırlamağa başlayıb. Bunun anonsunu da ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayen və USAİD-in rəhbərinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovski Konqresin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı məruzələrində bildiriblər: “Onların çıxışı bir daha sübut edib ki, ABŞ-ın ali siyasi rəhbərliyini Azərbaycanın 19-20 sentyabrda öz ərazisi olan Qarabağda keçirdiyi lokal antiterror tədbirləri və onun nəticələri xeyli məyus edib. Bu isə paradoksdur. Yəni ABŞ-ın siyasi rəhbərliyi sevinməli idi ki, onların da iştirakı ilə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamə işlək vəziyyətə keçib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edilib. Bu zaman Ermənistanın heç bir ərazisi zəbt edilməyib, Ermənistana qarşı Azərbaycan heç bir ərazi iddiası irəli sürməyib. Lakin bunun qarşılığında görürük ki, Amerika Dövlət Departamentində, USAİD-də, Konqresdə narahat olublar ki, Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa edib. Siz təsəvvür edin, 30 il ərzində bizim taleyimizi bunlara - üç həmsədrə tapşırılmışdı. Bu üçlükdən biri ABŞ idi. ABŞ-ın mövqeyi göz qabağındadır. Belə olan vəziyyətdə münaqişə təbii ki, həll oluna bilməzdi. Həll etmədilər də. Nəticədə Azərbaycan özü məsələni həll etməli oldu. İndi belə görünür ki, bunlar münaqişənin həll olunmasını qəbul edə bilmirlər, hətta Azərbaycanı hədələyirlər ki, niyə ərazi bütövlüyünüzü və suverenliyinizi təmin etmisiniz. Belə çıxır ki, ABŞ Qarabağda terrorçuların mövcud olmasını, terrorçulara burada qalmaları üçün şərait yaratmağımızı istəyirmiş. Bu, terrora, terrorçuluğa dəstək vermək deyil, bəs nədir?! Azərbaycan öz ərazisindən terrorçuları, separatçıları təmizləyib, ABŞ bundan inciyib, narazı qalıb və buna görə diplomatlarının Azərbaycana səfərlərini təxirə salıb. Hələ bununla da ürəkləri soyumayıb, Azərbaycana qarşı hesabat hazırlayır, hətta bizi hədələyirlər ki, dondurduğumuz "907-ci düzəlişi" bərpa edəcəyik. Etsinlər, Azərbaycanın bu cüzi yardıma heç ehtiyacı da yoxdur. Sizin sentlərinizə qalmamışıq! Azərbaycan güclü dövlətdir. 1992-ci il oktyabrın 24-də haqsız, ədalətsiz olaraq Azərbaycana qarşı dövlət səviyyəsində iqtisadi qadağa aksiyasını nəzərdə tutan “907-ci düzəliş”i qəbul edərkən bəlkə də bizim sizin vəsaitinizə ehtiyacımız var idi. 2001-ci ilin sentyabrında özünüz dəhşətli terrora məruz qaldınız və Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşuldu. Bundan sonra da siz “907-ci düzəliş”i ləğv etmədiniz, onun fəaliyyətini dayandırdınız. İndi isə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib, güc yolu ilə terrorçu dəstələri silahı yerə qoymağa məcbur edib, ABŞ buna görə Azərbaycanı hədələyir. Deyirlər ki, Azərbaycan Ermənistan sülh müqaviləsi imzaladıqdan sonra Amerika Azərbaycanla 19 sentyabrdan əvvəlki münasibətlərini bərpa etməyə baxa, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsi imzalandıqdan sonra baş tuta bilər. Tamamilə açıq mətnlə Ermənistana dəstək siyasəti ortaya qoyulur. Əgər ABŞ həqiqətən sülh istəyirsə, o zaman niyə sülh sazişindən yayınan Ermənistanı sazişi imzalamağa məcbur etmir?! ABŞ Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsini elan etmiş olur. Fransa bunu edib, indi də ABŞ etmək istəyir. Beləliklə, ABŞ başda olmaqla, Qərb bloku üzvləri regionda sülhün və təhlükəsizliyin olmasını istəmirlər. Onlar revanşizmi, separatizmi dəstəkləyirlər. Nəticədə üçüncü bir müharibənin başlanmasının münbit şəraitini təmin etmiş olurlar. Çıxışlarında da qeyd edirlər ki, Avropa İttifaqı xətti ilə də Ermənistana dəstək siyasətini həyata keçirəcəklər. 30 il Azərbaycanın torpaqlarını işğalda saxlayan, terrorçuluğu özünün ana xətti kimi seçən bir dövlətə dəstək vermək terrora dəstək verməkdir".

Deputat qeyd etdi ki, Ermənistanı silahlandırıb Azərbaycana qarşı növbəti müharibəyə, Azərbaycanın ərazilərini işğal etməyə hazırlamaq istəyirlər: “Bu, sözün həqiqi mənasında şeytanlıqdır. Sülhdən danışıb əslində bunları etməyin başqa adı yoxdur. Bu siyasət regiona fəlakət gətirməyi vəd edir. Onlar əslində Cənubi Qafqazın "ukraynalaşdırılması" siyasətinə start veriblər. Qarabağın gələcəyi adı ilə regionu “ukraynalaşdırmaq” siyasətinin konturları cızılır və praktiki addımların atılmasının istiqamətləri göstərilir. Amma bütün bunların heç birinin nəticəsi olmayacaq. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü müttəfiqləri var, Azərbaycanda vətəndaş həmrəyliyi hökm sürür, səfərbər olunmuş cəmiyyət mövcuddur. Xalq Prezidentimizin ətrafında birlik nümayiş etdirir. Bu amillər Azərbaycanı və bölgəni qoruyan ən güclü silahdır. Bizə qarşı qurulan planlar nəticə verməyəcək, iflas olacaq".  

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər. Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər: “Bu baxımdan, Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər. Əslində isə Vaşinqton Bakı ilə dialoqu davam etdirir. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayen Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. O il ərzində bir neçə dəfə Bakıda olub, Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb.

Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Azərbaycan buna mane olmur. Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsilə Ermənistana dəstəyi artırmağı qərar verib. Halbuki Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir".

“ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”.

 Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR