İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"

330 23.04.2024 16:31 Siyasət A A

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir.  İkitərəfli münasibətlərin inkişafı öz növbəsində  yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının  genişləndirilməsinə öz müsbət təsirini göstərir. Şübhəsiz ki, əməkdaşlığın möhkəmləndirilməsində  qarşılıqlı səfərlər, bu zaman imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, biz təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, hazırda 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Dövlətimizin başçısı sözügedən  görüşdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki,  Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Çünki o,  Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu nəhəng layihənin  tikintisində fəal iştirak ediblər. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.

Musavat.com xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Dövlət başçısı İlham Əliyev çıxışında bu reallığı da xüsusi vurğuladı ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti  Vladimir  Putin və Ulu Öndər Heydər Əliyev qoyublar. Vladimir Putinin  2001-ci ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin  2002-ci ildə Rusiyaya dövlət səfəri   bu gün birlikdə şahidi olduğumuz böyük yolun başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin  əlaqələrinin  inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu dostluğun, müttəfiqliyin  möhkəm təmələ əsaslandığını təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” əlaqələrimizdə yeni səhifə açdı. 2002-ci ildə   Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri  zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi.

  YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas məsələləri olan keçmiş Qarabağ münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində Rusiyann dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər iki ölkənin  dövlət başçıları  ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. Belə ki,  2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin  imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir.

Vüqar Rəhimzadə bildirib ki, iki ölkə arasında bugünədək imzalanan 260 sənəd,  mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşündə ikitərəfli əlaqələrin gündəliyinin zənginliyi xüsusi qeyd edildi. Bildirildi ki, Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilir. 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard  dollara çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz,  tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı. İki ölkənin əlaqələrinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev sözügedən görüşlərdə bu məqama da xüsusi diqqət yönəltdi ki,  regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Bu əminlik də ifadə edildi ki,  görüş münasibətlərimizin inkişafına yeni təkan verəcək.

Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR