İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan referenduma gedə bilər - MÜHÜM GƏLİŞMƏ

3568 20.02.2024 11:01 Ölkə A A

Siyasətçilər hesab edir ki, Ana Yasa ölkədə yaranmış yeni reallıqlara uyğunlaşdırılmalıdır; idarəetmə mexanizmi və parlamentin say tərkibi, habelə proporsional sistemin də tətbiqi ilə bağlı təkliflər var; Zahid Oruc: “Bir çox şeylər dəyişməlidir”

Azərbaycanda referendumun keçiriləcəyi barədə xəbərlər yayılıb. Hətta bunun qarşıdakı ayların birində baş tutacağı deyilir. Refendumun Naxçıvanın statusu, Nazirlər Kabinetinin taleyi və proporsional seçki sisteminin tətbiqi barədə olacağı iddia olunur. Belə bir referendumun olmasına ehtiyacın yarandığı haqda uzun zamandır söz-söhbətlərə rast gəlinir. 

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı bəzi səbəblərə görə referendumu zəruri sayır: “Çünki konstitusiyada yeni yaranmış şəraitə uyğun dəyişikliklər olmalıdır. Yeni siyasi reallıqlar yaranıb. Həm ərazi bütövlüyümüzün təmin olunmasından, həm də iqtidarın elan etdiyi yeni islahatlar kursundan sonra hesab edirəm ki, konstitusiyada dəyişikliklərin edilməsinə böyük ehtiyac yaranıb. Bu, ilk növbədə Naxçıvanın statusu barədə olmalıdır. Bu, yerli  idarəetmə mexanizmlərinin yerləşdirilməsi ilə bağlı ola bilər. Eyni zamanda əhalinin sayının artımına görə deputatların sayının artırılması məsələsi gündəmdə olmalıdır. Bundan başqa, proporsional seçki sisteminin bərpası da vacibdir. Düşünürəm ki, müxalifətin parlamentdə təmsilçiliyinin tənzimlənməsi məsələsi üçün konstitusiyaya bəzi maddələr əlavə olunmalıdır. Bilirsiniz ki, dekabrın sonlarında bələdiyyə seçkiləri olmalıdır. Dekabra qədər kifayət qədər vaxt var. Çox rahat formada iki seçki keçirilə bilər. Seçkinin biri referendum ola bilər. Bu, aprel-may aylarında başa tuta bilər. Digər seçki isə növbədənkənar parlament seçkiləri olması mümkündür ki, bu da iyun-iyul aylarına düşə bilər. Bununla da yeni dövrə start verilər. Bir çox məsələlərimiz var. Onunla bağlı bu deyilənlər gerçəkləşə bilər. Əslində bu istiqamətdə söz-söhbətlər gəzirdi. Sonradan bunun olmayacağı barədə fikirlər səsləndi. Bizim gözləntimiz odur ki, referendum olsun, gözlədiyimiz dəyişikliklər baş tutsun”.

Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb

Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin üzvü  Zahid Oruc isə dəyişiklikləri çox vacib bir məqam kimi qəbul edir: “Biz bütövlükdə bütün siyasi proseslər dövründə, o cümlədən son prezident seçkisi kampaniyası müddətində konstitusion islahatları dəstəkləmişik. Bunlar dövrün tələbləridir. Siyasi proseslərin gəldiyi son nöqtə onu göstərir ki, işlər, mexanizmlər dövrün çox vacib tələbləri sırasında yer alır. Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu, təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunub. Sosial Təddiqatlar Mərkəzi səviyyəsində keçirilən sorğularda ictimai rəy hakimiyyət institutlarına olan münasibəti ortalığa qoydu. Orada da görmək mümkün oldu ki, ictimai rəy yeni baxışları dəstəkləyir, yeni idarəetmə tezislərini dəstəkləməyin tərəfdarıdır. Bu cür prizmalar çox önəmlidir. Zahid Oruc olaraq, qeyd etmək istəyirəm ki, mənim siyasi baxışlarımda bəlli bir mərhələni özündə ehtiva edən dördüncü respublika kimi siyasi, ictimai periodu əhatə edəcək ad var. O adın içərisində bir çox məsələləri özündə ehtiva edən yeni baxışlar toplusu var. Əlbəttə ki, bir çox şeylər dəyişməlidir. Bir növbədənkənar seçkiləri götürsək, onun yalnız konstitusiyada yer alması düzgün deyil. Dövrün tələblərinə uyğun olaraq, bu cür qərarın verilməsi sadə mexanizmlə təsbit olunmalıdır”.

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov vurğuladı ki, Azərbaycanda Konstitusiya islahatları zəruridir və bunun üçün də referendumun keçirilməsinə ehtiyac var: “Xüsusilə də İkinci Qarabağ savaşından sonrakı qələbə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də növbədənkənar prezident seçkisindən sonra dövlət başçısının qarşıya qoyduğu yeni hədəflərlə bağlı fəaliyyət referendumunun keçirilməsini zəruri edir. Düşünürəm ki, konstitusiya islahatları özündə bir sıra mühüm məsələləri ehtiva etməlidir. İlk növbədə, yerli icra hakimiyyətləri və Nazirlər Kabineti ilə bağlı dəyişikliklərə ehtiyac var. Azərbaycanda 14 iqtisadi rayonun yaradılması və yeni institut olaraq Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsindən sonra yerli icra hakimiyyəti orqanlarının idarəçilikdə təsir imkanları çox azalıb və bu sahədə dəyişikliklər edilməlidir. Əgər səlahiyyətli nümayəndələr varsa, bir neçə icra hakimiyyətinin səlahiyyətləri bir səlahiyyətli nümayəndə tərəfindən də həyata keçirilə bilər. Məlumdur ki, yerli icra hakimiyyətləri bir təsisat olaraq SSRİ-də olmuş rayon və şəhər xalq icraiyyə komitələrinin yerinə qurulmuşdu. Başqa sözlə desək, bu təsisatın çox köhnə və səmərəsiz bir sistem olduğu gün kimi ortadadır. Eyni şəkildə bələdiyyələrin statusunun artırılması ilə icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin böyük bir qismini bələdiyyələrə həvalə etmək olar. Daha güclü bələdiyyə institutunun formalaşması üçün Türkiyə modeli əsas götürülə və böyük şəhər bələdiyyələrinin yaradılması, eləcə də bələdiyyə sədrlərinin birbaşa xalq səsverməsi yolu ilə seçilməsi ilə bağlı dəyişikliklər edilə bilər. Digər vacib məqam Nazirlər Kabineti ilə bağlıdır. Nazirlər onsuz da Prezidentə tabedir və onlar arasında koordinasiyanı da vitse-prezident səviyyəsində həyata keçirmək mümkündür. Odur ki, Nazirlər Kabinetinin ləğvi ilə bağlı dəyişikliklərin edilməsi də zəruridir. Dəyişikliklərin edilməsi zəruri olan digər bir məsələ də parlamentin statusunun artırılması və say tərkibi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda 125 nəfərdən ibarət Milli Məclisin formalaşması əhali sayımızın 7 milyon olduğu dövrə təsadüf edir. Həmin vaxtdan etibarən əhali sayımız 10 milyon nəfəri keçib. Bu da deputatların sayının artırılmasını şərtləndirir. Odur ki, parlament üzvlərinin sayını mövcud 125 nəfərdən ən azı 155 nəfərə çatdırılması daha məqsədəuyğundur. Eyni şəkildə ölkədə siyasi institutların çəkisinin və rolunun artırılması üçün çoxmandatlı seçki sisteminin, yəni proporsional seçki sisteminin bərpası istiqamətində də addımların atılması lazımdır. Azərbaycanda qarışıq seçki sisteminin tətbiqinin daha effektli olacağı qənaətindəyəm. Bütün sadalananlar idarəetmənin təkmilləşməsinə, daha çevik idarəetmə sisteminə keçidə, əlavə lazımsız strukturların ləğv edilməsi ilə büdcə vəsaitinə qənaət olunmasına, millət vəkillərinin seçicilərlə daha effektli əlaqə qura bilməsinə, bələdiyyələrin statusunun artırılması ilə hökumətin yükünün xeyli azalmasına xidmət edir. Bunlara isə böyük ehtiyac var”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR