İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qarabağ ermənilərinə və separatçılara son sözünü dedi! - Xankəndi ilə bağlı qərar...

1323 20.04.2023 12:39 Siyasət A A

Deputat: “Azərbaycanın öz məqsədinə çatması üçün sadəcə sonuncu addımı atması qalıb”

Postmüharibə dövründə ən çox müzakirə olunan məsələlərdən biri də Xankəndidəki ermənilərlə birgəyaşayış və separatçılarla hansı cür danışılacağına dair idi. 44 günlük müharibədən sonra Azərbaycan bu məsələdə ermənilərə kifayət qədər vaxt verdi. Ancaq onlar bu güzəştdən doğru yararlanmaq əvəzinə, sui-istifadə etməyə çalışdılar.

Azərbaycan artıq bu məsələdə son qərarını verib.

Azərbaycan Prezidenti İlham Əliyev Salyan səfəri zamanı AzTV-yə müsahibəsində bu məsələyə nöqtə qoydu. Sitat: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar... Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır... İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər”.

Bu iki il yarım ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələrin baş verdiyini deyən dövlət başçısı vurğulayıb: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.

Prezident: “Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”

“Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır” deyən prezident separatçılarla nə cür davranılacağının anonsunu da vermiş olub: “Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada... Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar”.

Beləliklə, Azərbaycan Qarabağ ermənilərinə və separatçı rejimə son sözünü dedi. Bundan sonra praktiki olaraq hansı addımların şahidi ola bilərik və hansı addımlar atılmalıdır?

Hikmət Babaoğlu baş redaktorluqdan çıxarıldı

Hikmət Babaoğlu 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, müharibənin iki il yarımdır bitməsinə baxmayaraq hələ də Ermənistanla Azərbaycan arasında sülh əldə etmək mümkün olmayıb. Buna görə məsuliyyət Ermənistanın üzərinə düşür. Əslində müharibədən dərhal sonra sülhə daha çox yaxın olan tərəflər Ermənistanın yanlış xarici siyasəti sayəsində get-gedə sülhdən uzaqlaşmağa başladılar: “Əgər bu iki il yarımlıq postmüharibə dövrünü analiz etməyə çalışsaq görəcəyik ki, cəmi bir neçə il bundan əvvələ qədər hadisələr daha da mürəkkəbləşməkdə davam edirdi. Çünki başda Fransa olmaqla, Avropa İttifaqının müəyyən missiyası, eyni zamanda İranın rəsmi xarici siyasəti də daxil olmaqla, İrandakı bəzi qüvvələr sülhə mane olurdular. Ancaq nə baş verdi? Sonuncu erməni təxribatından sonra bəlli oldu ki, Avropa İttifaqının missiyası ermənilərin ümidlərini doğrultmadı. Eyni zamanda cəmi bir neçə gün bundan əvvəl İran xarici işlər nazirinin Azərbaycanla münasibətlərin düzəlməsi təşəbbüsü göstərməsi, açıqlamalar verməsi İranın da Ermənistana dəstək məsələsində bir qədər geri çəkilmək kimi qiymətləndirilə bilər. Nəticə etibarilə Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə qeyd etdi ki, Ermənistanı Hindistandan başqa müdafiə edən yoxdur, biz yalnız Hindistana arxalanırıq. Paşinyan da bilir, elə Hindistan da bilir ki, heç bir real dəstək mümkün deyil, Hindistan Cənubi Qafqazdakı hadisələrə, proseslərə real müdaxilə edəcək imkana, mexanizmlərə sahib olan ölkə deyil. Yalnız və yalnız Ermənistana müəyyən silahlar verə bilir. Reallığın dərk edilməsi fonunda Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın rolu və mövqeyi, dünya üçün əhəmiyyəti ilə bağlı iki gün öncə açıqladığı fikirlərə şahidlik etdik. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi. Ancaq məsələ bundadır ki, bu vaxta qədər bənzər populist fikirləri desə də Paşinyan populizmdən kənara çıxa bilməyib, sülhün əldə olunması istiqamətində real addım atmayıb. Amma Azərbaycan öz ərazisində konstitusion hüquqlarını bərpa etmək, sülhün əldə olunması üçün ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirib. Ermənilər tərəfindən törədilən ən son sərhəd təxribatının qarşısının alınması və bundan əvvəl Laçın dəhlizinə birləşən yardımçı qanunsuz yollardan istifadənin qarşısının alınması Azərbaycanın qətiyyətindən xəbər verir. Salyanda verdiyi müsahibədə isə Azərbaycan Prezidenti bütün bu proseslərin xülasəsi kimi son xəbərdarlığını bildirdi. Bu, Azərbaycan dövlətinin liderinin açıq xəbərdarlığıdır”. Deputat qeyd etdi ki, Azərbaycan ərazisində Azərbaycanın vətəndaşlığını qəbul etmək istəyən ermənilər var, ancaq təəssüf ki, onların iradəsi Azərbaycana qarşı cinayətlər törətmiş separatçı quldurlar tərəfindən istismar olunur: “Prezident İlham Əliyev həmin istismarçı cinayətkarların kimlər olduğunu da bildirdi, dedi ki, onlar özlərinə qondarma "prezident, baş nazir, nazir, spiker" adları qoyan şəxslərdir. Bu, həm də o anlama gəlir ki, hədəfdə qanunlarımızı pozan, Azərbaycana qarşı cinayət törədən, erməni sakinlərin iradəsini zorlayan həmin separatçı quldurlar olacaq, məhz onlar cəzalandırılacaq. Yəni Azərbaycan Prezidentinin xəbərdarlığı formalaşan ən yeni reallığın ifadəsi idi. Bu xəbərdarlığı ermənilərin ciddiyə alması lazımdır. Çünki Azərbaycanın öz məqsədinə çatması üçün sadəcə sonuncu addımı qalıb. Bu addımı atmağın da zamanı yaxınlaşmaqdadır. Ona görə ki, sülh üçün vaxt qısalır, ya sülh olmalıdır-ya da sülh olmalıdır, başqa çıxış yolu yoxdur. Proseslər sürətlə davam edir. Sülh əldə olunmasa, sülhü əldə etmək məqsədilə yeni müharibə ola bilər. Belə olan təqdirdə Ermənistanın mövcud olub-olmaması sual altına düşə bilər. Qarabağdakı quldur separatçılar isə şübhəsiz ki, cəzalarını alacaqlar. Azərbaycan sonuncu həlledici addımını istənilən an ata bilər. Azərbaycan Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsini quraşdırmaqla bu vaxta qədər 10 noyabr üçtərəfli bəyanatının yerinə yetirilməyən bəndlərinin icra olunmasına zorla nail ola bilər. Bu da ondan ibarətdir ki, hələ də Azərbaycan ərazisində olan erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması və cinayət törətmiş separatçıların cəzalandırılması, eyni zamanda Azərbaycan vətəndaşı olaraq burada yaşamaq istəyən erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmasıdır. Ermənilər xəbərdarlıqdan nəticə çıxarmasalar, Azərbaycan gərəkən addımları atacaq".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı bildirib ki, Prezident Əliyev Xankəndinə açıq mətnlə mesaj göndərdi. Bu mesaj ondan ibarətdir ki, separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər: “Prezident separatçılara mesaj göndərdi və onları "təlxəklər toplusu" elan etdi. Tanış mənzərədir: 44 günlük müharibədə Paşinyanla eyni tonda danışan Əliyevin indi separatçılara verdiyi adi ritorika yox, atılacaq addımların anonsu hesab oluna bilər. Prezidentin bundan öncə də belə mesajları olub, lakin mövcud vəziyyət fonunda indi dediklərini fərqli oxuya bilərik: son əməliyyatlardan sonra separatçıların xarici aləmlə nəzarətsiz bağlantısı qalmayıb və özləri bildirirlər ki, Bakı onlara “ya reinteqrasiya prosesi ilə razılaşmaq, ya da daha çox çətinlik” şərtini elan edib. Əliyevin “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar” sözləri də bunu təsdiq edir.

Azərbaycan Xocalı görüşü, ardınca iki dəfə Bakıda görüş təklifi ilə reinteqrasiyanın alternativinin olmadığı fikrini formalaşdırdı, xüsusilə təmasların qurulmasını istəyən Qərb qarşısında, həm də erməni əhalisi ilə separatçıların eyni olmadığını nümayiş etdirdi. Araikin “Qərbdən verilən dəstək böyük ölçüdə azalıb” sözləri bu kontekstdə təsadüfi deyil və bu o deməkdir ki, təmasları dəstəkləyən qüvvələr buna əngəl olanların neytrallaşdırılmasından yanadır. Bu, Bakının önünü açır.

Bunun fonunda Rusiyanın Lavrovun Ankara səfərində adlandırdığı “kənar qüvvələrə” qarşı Türkiyə ilə birləşmək istəyi də Bakının əlini gücləndirən məqamdır. Moskva bölgədə qalmaq üçün Qarabağ kartından istifadə etmək siyasətindən əl çəkməsə də, şərtlər geri çəkilməsi reallığını yaradıb. Separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb".

Ekspert hesab edir ki, Qərb və Rusiya masasında planlaşdırılan mümkün görüşdən öncə Prezident Əliyevin verdiyi mesaj Bakının Xankəndi məsələsini - separatçıların neytrallaşdırılmasını masaya gətirəcəyi gözləntisini də önə çıxarır: “Bunu şərti olaraq, "Xankəndi əməliyyatı" adlandıra bilərik: bu əməliyyatda diplomatik, siyasi və iqtisadi rıçaqlar həlledici rol oynayacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR