İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ili 20 faizlik inflyasiya ilə başa vura bilər - gözlənti

762 23.04.2022 09:20 İqtisadiyyat A A

İqtisadçı: “Hökumət əhalini dəstəkləmək üçün əlavə mexanizmlər işə salmalıdır”

Qlobal əmtəə bazarlarındakı sürətli bahalaşma bir tərəfdən Azərbaycanın gəlirlərinin artmasına səbəb olursa, digər tərəfdən ölkədə inflyasiya səviyyəsini yüksəltməklə vətəndaşların sosial vəziyyətinin gərginləşməsini şərtləndirir. Artıq bir sıra beynəlxalq qurumlar Azərbaycanda cari il üçün inflyasiya gözləntilərinə artım istiqamətində ciddi korrektələr edirlər.

Məsələn, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda illik inflyasiyanın 12,3 faizə çatacağını proqnozlaşdırır. Proqnozlara görə, gələn il Azərbaycanda illik inflyasiya 8,7 faiz təşkil edəcək. Ötən ilin dekabrında isə BVF Azərbaycanda istehlak qiymətləri indeksinin bu il üçün 3,2 faiz olacağını proqnozlaşdırmışdı. Qurum proqnozlarına dəyişikliyi bilavasitə Ukraynadakı müharibənin qlobal bazarlara təsiri ilə bağlı etdiyini bildirir.

Qeyd edək ki, hazırda bütün dünyada inflyasiyanın kəskin şəkildə sürətlənməsi müşahidə olunur. Belə ki, bu ilin mart ayında Avrozonada illik inflyasiya 7,4 faiz təşkil edib. “Eurostat”ın hesablamalarına əsasən, bu, fevral ayı ilə müqayisədə 1,5 faiz bəndi çoxdur. Ötən ilin eyni ayında illik inflyasiya 1,3 faizə bərabər olub.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin yanvar-mart aylarında ölkədə istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz artıb. Cari ilin mart ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 12,1 faiz bahalaşıb.

Azərbaycanda ötən il inflyasiya 6,7% təşkil edib - QRAFİK

2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin mart ayına nisbətən 16,8 faiz artım nümayiş etdirib. Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 6,6 faiz artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 10 faiz yüksəlib.

Rəsmi statistika bildirir ki, 2021-ci ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi cari ilin fevral ayı ilə müqayisədə 4,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 5,3 faiz, emal sənayesi üzrə 1,9 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişməz qalıb.

2021-ci ilin fevral ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 27,1 faiz, 2021-ci ilin yanvar-fevral aylarında 2020-ci ilin yanvar-fevral aylarına nisbətən isə 25,8 faiz artıb.

2021-ci ilin fevral ayında ixrac olunan məhsulların qiymət indeksi isə əvvəlki ayla müqayisədə 8,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 14 faiz, 2021-ci ilin yanvar-fevral aylarında 2020-ci ilin yanvar-fevral aylarına nisbətən isə 5 faiz təşkil edib.

Mərkəzi Bank bildirir ki, yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir: “Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da, geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaradıb. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir”.

İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi

Qeyd edək ki, martın ikinci yarısından etibarən Azərbaycanda xüsusilə ərzaq məhsullarının kəskin bahalaşması müşahidə olunur. Məsələn, “Snikers” mini şokoladlarının 1 kiloqramı 14.69 manatdan 17.60 manata, 2 ltrlik “Sunar”  qarğıdalı yağının qiyməti 15.60 manatdan 19.40 manata yuksəlib və sair. Bu şəraitdə BVF-nin Azərbaycandakı inflyasiya gözləntiləri nə qədər realdır? Azərbaycan hökuməti ilin yekunundan inflyasiya hədəfinə nail ola biləcəkmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Ukraynadakı müharibə fonunda konyuktur əhəmiyyətli şəkildə dəyişib: “O cümlədən Azərbaycanda da belə dəyişiklik var. Azərbaycanda idxal bazarları baxımından Rusiya və Ukraynadan ciddi şəkildə asılı idi. Ölkəyə idxal olunan hər 100 dollarlıq məhsulun 22-23 dolları bu iki ölkənin payına düşürdü. İndi Ukraynadan idxal demək olar ki, tamamilə dayanıb. Azərbaycana idxal olunan hər 100 kq quş ətinin 68 kiloqramı, kərə yağının mühüm hissəsi Ukrayandan gətirilirdi. Rusiyadan  idxalımız da ciddi bir məbləği əhatə edirdi: 220 milyon dollarlıq bitki yağlarının 110 milyon dollarlığı bu ölkədən reallaşırdı”.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

Ekspertə görə, Azərbaycan hökuməti vəziyyəti görür: “Rəsmi statistika kifayət qədər yüksək inflyasiya səviyyəsi açıqlayır. Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmov bildirmişdi ki, inflyasiya gözləntiləri xeyli dəyişib, illik 12-13 faiz civarına yüksəlib. Bu, Beynəlxalq Valyuta Fondunun gözləntiləri ilə üst-üstə düşür. Baş verənlər proseslər göstərir ki, 2022-ci ilin yekununda Azərbaycanda inflyasiya səviyyəsi 20 faizdən aşağı olmayacaq. Bu isə əhalinin sosial-iqtisadi vəziyyətinin daha da ağırlamasına səbəb olacaq. Buna görə də Azərbaycan hökuməti sosial dəstək proqramlarını genişləndirməli, əhalini yüksək inflyasiyanın təsirlərindən qorumaq üçün əlavə mexanizmlər tətbiq etməlidir”.

Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR