İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ermənistana, əslində, bunu təklif edib! - Birinci vitse-prezidentin köməkçisindən SENSASİON AÇIQLAMALAR

4220 22.04.2023 17:37 Son xəbər A A

"Azərbaycanın Ermənistana təklif etdiyi şey "qalibin sülhü" deyil, elə bir strategiyadır ki..."

Azərbaycanın yüksək səviyyəli diplomatlarından biri, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Elçin Əmirbəyov "Eureporter" nəşrinə geniş müsahibə verib.

Musavat.com xəbər verir ki, Elçin Əmirbəyov siyasi redaktor Nik Pauellə müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi tövhələrdən, "Orta Dəhliz" ticarət marşrutunun bir hissəsi kimi oynadığı mühüm roldan, Azərbaycan-Ermənistan münasibətlərindən və digər vacib məsələlərdən danışıb.

Məqalədə vurğulanıb ki, ötən il Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycanın Avropaya qaz ixracını ikiqat artırması ilə bağlı sazişi imzalamaq üçün Bakıya səfəri Avropa İttifaqı-Azərbaycan əlaqələrini daha da inkişaf etdirib: "Bu, Aİ-nin Rusiya qazından asılılığına son qoymaq istəyi kontekstində əldə olunmuş razılaşma idi, lakin Elçin Əmirbəyov vurğuladı ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı kimi neft və qazdan daha çox təklif verə bilər".

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan tanınmış enerji ixracatçısı kimi ənənəvi rol ilə yanaşı, Rusiya və Ukrayna arasında baş verən müharibə fonunda əlaqə baxımından mühüm rol oynamağa çalışır, nəticədə "Orta dəhliz"in geoiqtisadi və geosiyasi əhəmiyyəti artır.

Məqalədə qeyd olunub ki, "Orta dəhliz" Asiya və Avropa arasında ticarətə həm Rusiyadan keçən quru marşrutundan, həm də alternativ uzun okean səyahətindən qaçmağa imkan verir. Əvəzində isə Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizindən keçir.

Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycan həmişə qitələrin və sivilizasiyaların qovşağında olub və artıq etibarlı tərəfdaş kimi öz nüfuzunu sübut edib.

IMG_0117 (1).jpg (156 KB)

Azərbaycanlı diplomat enerji sektorunda görüləsi işlərdən də danışıb. Məlumdur ki, 2027-ci ilə qədər Avropaya artan təbii qaz həcmləri öhdəliyini yerinə yetirmək üçün yeni investisiyalar tələb olunur. Elçin Əmirbəyov öhdəliyin yerinə yetiriləcəyinə əmin olduğunu, lakin neft və qazdan kənara da baxmağın vacibliyini vurğulayıb:

“Biz enerji portfelimizi şaxələndirməyi ciddi şəkildə nəzərdən keçiririk. Hazırda külək və günəş potensialında çox güclü olduğumuz üçün bərpa olunan enerjini inkişaf etdirməyə kömək etmələri üçün bir neçə ölkə ilə işləyirik. BƏƏ və Səudiyyə Ərəbistanı kimi bəzi Yaxın Şərq ölkələri ilə bu infrastrukturların yaradılmasına kömək məqsədilə müqavilələr imzalanıb. Nəhayət, bu yaxınlarda biz Gürcüstan, Rumıniya və Macarıstanla Azərbaycandan Qara dənizin dibi ilə potensial elektrik enerjisinin ixracına dair dördtərəfli saziş imzaladıq. Biz Azərbaycanda karbohidrogen ehtiyatlarından təmiz enerjiyə keçid baxımından hazırkı dünya tendensiyasına qoşulmalıyıq”.

Elçin Əmirbəyov Azərbaycan hökumətinin 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə qayıdış üçün gördüyü işlərdən və ermənilərin bu ərazilərdə törətdiyi vəhşiliklərdən də danışıb:

“Siz toxunulmamış bir bina görə bilməzsiniz. Bütün mədəniyyət obyektləri və infrastruktur tamamilə dağıdılıb. Buna görə də biz ən azı ən mühüm humanitar problemlə - minaların təmizlənməsi ilə üzləşmək üçün bizə kömək edə biləcək tərəfdaşlar axtarırıq. Bu münaqişə nəticəsində Azərbaycan dünyanın ən çirklənmiş ərazilərindən birinə çevrildi, minalar və partlamamış hərbi sursatlar hələ də oradadır və insanların həyatı bahasına başa gəlir. Əhəmiyyətli olan odur ki, bu torpaqlar hələ də təmizlənmədiyi üçün yüz minlərlə məcburi köçkün və qaçqın öz evlərinə qayıda bilmir, baxmayaraq ki, bu ərazilər artıq işğaldan azad edilib. Biz həmin ərazilərin təhlükəsiz olduğuna əmin olmasaq, onların geri qayıtmasına icazə verə bilmərik”.

Məqalədə qeyd olunub ki, E.Əmirbəyovun sözlərinə görə, əvvəlcə minaların təmizlənməsi və sonra yenidənqurulma kimi böyük problem Azərbaycanın Ermənistanla yeni qarşıdurma istəməməsi deməkdir: "O, ölkəsinin beynəlxalq hüququn prinsiplərinə, o cümlədən iki ölkənin bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmətə, sərhədlərin toxunulmazlığına, indi və gələcəkdə ərazi iddialarının rədd edilməsinə və sərhədin delimitasiyasına əsaslanan sülh sazişinə can atdığını bildirib. Əmirbəyov düşmənçiliyin, rəqabətin və qarşıdurmanın sona çatdığı və Cənubi Qafqazın “normal siyasi region”a çevrildiyi yeni dövrü səbirsizliklə gözləyir. O, Ermənistanın sülh sazişini imzalamaması səbəbindən əziyyət çəkdiyini, Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olduğunu, sovet dövründə mövcud olan ticarət yollarının məhv edildiyini bildirib".

3a3d860d215078306a5936bf125ce8fe.jpg (308 KB)

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycanın Ermənistana təklif etdiyi şey qalibin sülhü deyil, qazan-qazan (win-win) strategiyasıdır və bunun nəticəsində Ermənistan daha çox qazanc əldə edəcək, çünki rəsmi İrəvan ətrafındakı ölkələrin sərmayəsinə açıq olacaq və qonşuları ilə heç bir yeni qarşıdurma riski daşımayan, nisbətən sabit bir yer hesab ediləcək.

“Ona görə də biz Ermənistanın niyə bu süründürməçilik ruhunu nümayiş etdirdiyini başa düşmürük. Niyə vaxta görə oynayırlar? Niyə birbaşa danışıqlardan çəkinirlər? Niyə revanşizmdən danışırlar? Ona görə də bunu başa düşmək bizim üçün çox çətindir” - o qeyd edib.

Elçin Əmirbəyov qərb mediasına müsahibəsində Paşinyanın Azərbaycanın ərazi bütövlüyü barədə verdiyi açıqlamalara da münasibət bildirib.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib və parlamentə üzünü tutaraq sülh müqaviləsi imzalamağa çağırıb. Nikol Paşinyan deyib ki, ermənilər onilliklər ərzində Azərbaycan ərazisinə iddia edərək özlərini aldadıblar. 

“Biz Paşinyanın ciddi olub-olmadığına əmin deyilik, çünki onun bəyanatları ilə özünün və xalqının gördüyü konkret əməllər arasında uyğunsuzluq var. Bu, məsələni çətinləşdirir” - E.Əmirbəyov deyib.

Azərbaycanlı diplomat Avropa İttifaqının və şəxsən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında qarşıdurmaya son qoymaq cəhdlərini yüksək qiymətləndirib.

E.Əmirbəyov vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün daha bir stimul Ermənistan ərazisindən keçən 42 kilometrlik dəmir yolunun yenidən qurulması, onun Azərbaycanı öz torpaqları olan Naxçıvanla birləşdirməsi və Gürcüstandan keçən mövcud xəttə əlavə olaraq Türkiyəyə yeni marşrutun yaradılması imkanlarıdır: “Bu, həm də iki xalq arasında etimadın möhkəmləndirilməsi tədbiri və ...tezliklə imzalanacağına ümid etdiyimiz sülh sazişinə sadiq qalmaq üçün daha bir səbəb ola bilər”. 

Azərbaycanın Cənubi Qafqazdan kənardakı qonşularına müraciət edən Elçin Əmirbəyov bildirib ki, son bir ildə Azərbaycan Mərkəzi Asiyanın beş ölkəsi ilə əlaqələri yaxşılaşdırıb: "Bu, sülh və əməkdaşlıq bölgəsi olan Xəzər dənizi üzərindən ticarətin artan əhəmiyyətini əks etdirir. Bir neçə il əvvəl Xəzərin statusu ilə bağlı danışıqlar yekunlaşıb. Bu sazişi hələ də ratifikasiya etməyən yeganə ölkə İrandır, ona görə də ümid edirik ki, bu, reallaşacaq”.

Birinci vitse-prezidentin köməkçisi İranla münasibətlərin yenidən qurulmasına gəldikdə “yeni sehrli həllərin” olmadığını söyləyib.

"Söhbət siyasi və diplomatik kanallarla işi intensivləşdirməyə cəhddən gedir" - "Eureporter" nəşrinin məqaləsində qeyd olunub.

Elçin Əmirbəyov sonda bildirib ki, Azərbaycanı əhatə edən ölkələrin xəritəsinə və böyüklüyünə baxıb yalnız bir şeyi öyrənmək lazımdır ki, çox ayıq və çox tədbirli olmaq lazımdır: "Bu, bizim xarici siyasətimizi formalaşdıran və həyata keçirən zaman müxtəlif oyunçular arasında tarazlığı saxlamaq qabiliyyətimizi izah edir... Biz hər hansı qarşıdurmada heç bir tərəfi tutmaqda maraqlı deyilik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR