İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa Şurasına qayıdır?

726 17.04.2024 11:09 Ölkə A A

Siyasi şərhçi: “Azərbaycanla bağlı verdiyi qərar bütövlükdə AŞ PA-nın prinsiplərinə zidd idi, odur ki...” 

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın AŞ PA-ya qaytarılması barədə qərar qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Alpha News” assambleyadakı mənbəsinə istinadən məlumat yayıb. 

Qeyd edək ki, yanvar ayında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi. Nümayəndə heyəti bununla bağlı bəyanat yaymışdı.

Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib.

Bu qərar AŞ PA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib.

Qətnamədə deyilirdi ki, rəsmi Bakı ölkədə plüralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti bir neçə dəfə AŞ PA-ya xəbərdarlıq ünvanlayıb. Prezident  fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Prezident Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. 

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövzu ilə bağlı deyib ki, AŞ PA-nın son dövrlər Azərbaycana qarşı ədalətsiz münasibətini nəzərə almasaq, bu platforma əməkdaşlıq baxımından ölkəmiz üçün faydalıdır: “Nəticə etibarilə istənilən platforma Azərbaycanın mövqeyinin çatdırılması üçün imkan yaradır. Ölkəmizin deputatları da Parlament Assambleyasında iştirak etməklə nəticədə Azərbaycanla bağlı ədalətli mövqenin sərgilənməsində fəaliyyət göstərirlər. Digər tərəfdən, Ermənistan və ermənipərəst qüvvələr ölkənin əleyhinə apardıqları təbliğatın qarşısının alınması istiqamətində öz arqumentlərini səsləndirir ki, bu baxımdan istənilən platforma əməkdaşlıq üçün faydalıdır. Amma bu son qərar gözlənilən idi. Çünki Azərbaycanın AŞ PA-nı tərk etməsi orada təmsil olunan, Azərbaycanın müttəfiqi olan ölkələr tərəfindən də birmənalı qarşılanmırdı. Onlar da AŞ PA-nın mövqeyinə etirazlarını bildirirdilər. Birtərəfli qaydada qəbul olunan qərarların yolverilməz olduğunu diqqətə çatdırırdılar.  Digər tərəfdən, Azərbaycanla bağlı verdiyi qərar bütövlükdə AŞ PA-nın prinsiplərinə zidd idi. Çünki burada məqsəd əgər faydalı, qarşılıqlı əməkdaşlıqdırsa, istənilən dövlətə qarşı qərəzli mövqenin sərgilənməsi və mandatın dondurulması istiqamətində qərarların qəbul olunmasına cəhd bu prinsiplərə ziddir.  Fikrimcə, Avropa Şurasının Nazirlər Komitəsi doğru bir qərar qəbul edib. Azərbaycanın bir daha bu təsisat üçün nə qədər əhəmiyyətli olduğunu bu qərar diqqətə çatdırır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR