İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: “İran parlamentinin bədnam bəyanatını qəti şəkildə rədd edirik”

728 07.04.2023 13:29 Siyasət A A

“Aprelin 5-də İran parlamentinin 210 deputatı İsraildə Azərbaycanın səfirliyinin açılması ilə bağlı qəbul etdiyi bədnam bəyanatı qətiyyətlə rədd edirik”.

Musavat.com xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentdəki çıxışında söyləyib.

Azay Quliyev deyib ki, iranlı deputatlar Azərbaycanı İslam dünyasının və Fələstin xalqının maraqlarına zidd hərəkət etməkdə ittiham edərək bu addımın bir çox mənfi siyasi nəticələrə səbəb olacağı ilə bizi təhdid ediblər: “Əslində, İran parlamentinin bu bəyanatı özünü ifşadan başqa bir şey deyil. Çünki bəyanatda səslənən fikirlər molla rejiminin özünün çirkin maraqları naminə dünya müsəlmanlarının hisslərini və islam dəyərlərini növbəti dəfə necə istismar etdiyindən xəbər verir. Əvvəla, onu deməliyik ki, Azərbaycan müstəqil dövlət kimi milli maraqlarının təmini üçün istənilən ölkə ilə, o cümlədən İsrail dövləti ilə diplomatik əlaqələrin qurulmasında və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində sərbəstdir və heç kim, xüsusilə, İran bizim suveren hüququmuzu məhdudlaşdırmağa çağırış edə bilməz”.

Deputat bildirdi ki, bu çağırış Azərbaycanın daxili işinə kobud müdaxilədir və belə müdaxiləni BMT Nizamnaməsi və beynəlxalq hüquq birmənalı şəkildə rədd edir: “İkinci, İsraillə əlaqələr heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib və İran parlamentinin bu bəyanatı sadəcə Azərbaycanı şantaj etməklə bərabər daxildə baş verən siyasi və sosial təlatümləri, xalqın molla rejiminə olan qəzəb və nifrətini başqa səmtə yönəltmək cəhdidir. Üçüncü, İranın səsləndirdiyi yalan və böhtanın əksinə olaraq, Azərbaycan hər zaman fələstin xalqının hüquqlarının və qanuni maraqlarının qorunmasında özünün prinsipal mövqeyi ilə seçilib, bütün beynəlxalq təşkilatlarda, xüsusilə, BMT Baş Assambleyasında Fələstinin xeyrinə olan qətnamələri, o cümlədən Fələstinin UNESCO -ya üzv olmasını dəstəkləyib. Azərbaycan Fələstinə mümkün olan hər cür maddi və mənəvi dəstəyi verib və bu siyasət bundan sonra da davam edəcək.

Dördüncü, İrandan fərqli olaraq Azərbaycan islam dünyasının birliyi və həmrəyliyi üçün ən böyük töhvələr verən ölkələrdəndir və biz hər zaman müsəlman kimliyimizi qorumuş və onunla fəxr etmişik. İran isə əksinə, hər zaman müsəlman ölkələri arasında nifaq salmaqda, müsəlman ölkələrində qeyri-qanuni silahlı birləşmələri və terror təşkilatlarını dəstəkləməkdə ad çıxarıb. Beşinci, islam dünyasının maraqlarından dəm vuran İran Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal olunmasına nəinki göz yumub, əksinə, işğal zamanı ermənilərlə birləşərək rayon və şəhərlərimizin tar-mar olunmasında, evlərin sökülüb inşaat materialı kimi satılmasında iştirak edib”.

A.Quliyev qeyd edib ki, İran Ermənistan tərəfindən islam abidələrinin və müqəddəs yerlərin, məscidlərin dağıdılmasına və təhqir olunmasına göz yumub, Ermənistanın bəşəriyyət əleyhinə olan çoxsaylı cinayətini heç zaman pisləməyib:

“Ermənistan rəsmiləri dəfələrlə etiraf ediblər ki, əgər İranın qardaş dəstəyi olmasaydı, ərzaq təchizatının 70-80 faizini İran təmin etməsəydi, Ermənistan özünütəcrid siyasətinə tab gətirə və torpaqları uzun müddət işğalda saxlaya bilməyəcəkdir.
Nəhayət, İran islam dəyərlərini və milli maraqlarımızı heçə sayaraq 44 -günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalət və haqq uğrunda apardığı müqəddəs savaşdakı qələbəsinə mane olmağa, ordumuzun Cəbrayıl istiqamətində irəliləməsinin qarşısını almağa çalışdı. İranın bu addımı daha çox şəhid verməyimizə bais oldu. İran Azərbaycana qarşı nifrət və düşmənçiliyini nümayiş etdirmək üçün Qərbi Zəngəzurda, Qafanda konsulluq açdı, sərhədlərimiz boyu təhrikedici hərbi təlimlər və hərbi uçuşlar həyata keçirdi, “Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir” dedi, ölkəmiz əleyhinə yalan və iftira dolu bəyanatlar səsləndirdi, Tehrandakı səfirliyimizə və həmkarımız Fazil Mustafaya qarşı qanlı terror aktı törətdi. Bakıdakı İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildi.

İndi, Azərbaycana qarşı belə bir bədnam bəyanata səs verənlərdən soruşmaq lazımdır, kim islam dəyərlərinə, islam dünyasının birliyinə qarşı çıxır?

Deyin görək, islam dininin müqəddəs dəyərlərini və məscidlərini dağıdan, təhqir edən və bir milyon müsəlmanı evlərindən didərgin salan, onlara qarşı etnik təmizləmə və soyqırımı cinayəti törədən Ermənistana qucaq açmaq islam dünyasının maraqlarına uyğundurmu? Müsəlmanlara qarşı bütün bu cinayətləri törədən Ermənistanın üç il öncə İsraildə səfrilik açmasına niyə təpki göstərmədiniz?

Çünki qardaş dediyiniz Ermənistanın Azərbaycana qarşı etdiyi pisliklər sizi maraqlandırır və işinizə yarayır, başqa heç nəyin sizin üçün dəyəri yoxdur. Sual olunur, bu cür çoxüzlü və riyakar siyasətə, islam dünyasına qarşı etdiyiniz haqsızlığa nə vaxt son qoyacaqsınız? Hamı bilməlidir ki, İran hakimiyyətinin bu cür yersiz və bədnam bəyanatları və ya təhdidləri Azərbaycanı qətiyyən qorxuda bilməz. Azərbaycan dövləti və xalqı molla rejiminin istənilən təcavüzünün və təxribatının qarşısını almağa qadirdir. İnanıram ki, cənubda yaşayan 40 milyonluq soydaşlarımız da fars-molla rejiminin ölkəmizə qarşı sərgilədiyi düşmənçilik siyasətinə səssiz qalmayacaq və dünya azərbaycanlılarının yeganə milli dövləti olan Azərbaycana qarşı İran rejiminin hazırladığı çirkli planların ifşa olunmasında yaxından iştirak edəcəklər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR