İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: “Bu təkliflərin qəbulu dövlət orqanlarının cavabdehliyini artıracaq”

476 02.05.2023 15:25 Siyasət A A

Milli Məclisin iclasında “İctimai iştirakçılıq haqqında” qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com-un xəbərinə görə, deputat Azay Quliyev bildirib ki, qanun layihəsinin əsas məqsədi “İctimai iştirakçılıq haqqında” qanunda istifadə edilən termin və anlayışların “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun olaraq daha aydın və birmənalı ifadə olunmasını təmin etməkdən ibarətdir:

“Dəyişiklik qanunun əsas anlayışlar haqqında 1-ci, İctimai şuraların hüquq və vəzifələri haqqında 7-ci, yazılı məsləhətləşmənin təşkili haqqında 16-cı və yazılı məsləhətləşmələrin müddəti haqqında 17-ci maddələrinə təklif olunur. Əsas anlayışlar haqqında 1-ci maddədə həm ictimai müzakirə, həm də yazılı məsləhətləşmənin əhatə etdiyi mövzuların dairəsi genişlənir və bura mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi yerli və ictimai əhəmiyyətli məsələlər də daxil edilir. Bildiyiniz kimi, mövcud mətndə ictimai müzakirələrin mövzusu sadəcə “müvafiq məsələlər” kimi ümumi ifadə ilə, yazılı məsləhətləşmə isə yalnız hüquqi aktların layihələri ilə məhdudlaşır”.

Deputat qeyd edib ki, təklif olunan yeni redaksiya hər iki anlayışın əhatə dairəsinə aid mövzuları genişləndirir və konkretləşdirir: “İctimai şuraların hüquq və vəzifələri haqqında 7-ci maddə də İctimai şuraların hüquqları artırılır, onlar təkcə ictimai əhəmiyyətli deyil, eyni zamanda yerli əhəmiyyətli məsələlər barədə vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq və onları ümumiləşdirərək mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim etmək hüququ verilir. Yazılı məsləhətləşmənin təşkili haqqında 16-cı maddəyə təklif oluna dəyişikliyə əsasən isə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının üzərinə əlavə vəzifə qoyulur ki, həmin orqanlar təkcə hazırladıqları hüquqi aktların layihələri barədə deyil, eyni zamanda müzakirə olunan yerli və ictimai əhəmiyyətli məsələlərə barədə də yazılı məsləhətləşmələrin başlanması haqqında məlumatı öz internet səhifəsində və ya mediada yerləşdirsin. Eyni müddəa yazılı məsləhətləşmələrin müddəti haqqında 17-ci maddəyə də təklif olunur. Bu təkliflərin qəbulu ölkədə qərar qəbulu prosesində vətəndaşların iştirakının daha da genişlənməsinə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə və o cümlədən ictimai iştirakçılığın təmin olunmasına məsul olan dövlət orqanlarının cavabdehliyinin artırılmasına xidmət edəcək”.

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR