İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Bakının qətiyyətli addımı Vaşinqtonu çətin duruma salıb, ABŞ strateji tərəfdaş statusunu itirə bilər"

734 23.11.2023 10:13 Siyasət A A

Bildiyimiz kimi, noyabrın 15-də ABŞ Konqresinin xarici əlaqələr komitəsində xəyali “dağlıq qarabağın” gələcəyi ilə bağlı keçirilən absurd dinləmələr zamanı dövlət katibinin köməkçisi James Obreyn ölkəsinin Azərbaycana qarşı planlarını açıqladı və sonra ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etdi.

Bəlli oldu ki, ABŞ 19-20 sentyabrda Azərbayanın həyata keçirdiyi anti-terror tədbirləri nəticəsində Qarabağda suverenliyini tam bərpa etməsindən, Ermənistanın ölkəmizdəki qeyri- qanuni silahlı birləşmələrinin tərkisilah olunmasından və yaratdığı oyuncaq rejimə son qoyulmasından, o cümlədən İran üzərindən 30 ildir blokada da olan Naxçıvanla dəmir və avtomobil yolları vasitəsilə əlaqə yaratması təşəbbüsündən bərk narahatdır və buna görə, yəni BMT Nizamnaməsinə uyğun ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə rəsmi Vaşinqton Azərbaycana sanksiya tətbiq edəcək, yüksək səviyyəli təmasları dayandıracaq, ölkəmizə birbaşa yardımı qadağan edən 907-ci düzəlişi işə salacaq, hərbi yardımları kəsəcək, işğalçı Ermənistana isə əksinə, birtərəfli şəkildə hərbi yardım göstərəcək.

Əlbəttə, ABŞ-ın ölkəmizə qarşı qəbul etdiyi bu cür absurd, qeyri-dost, qərəzli və irrasional qərarlarına görə heç kim təəccüblənmədi. Çünki, biz ABŞ-ın ölkəmizə birbaşa yardımını qadağan edən Azadlığın müdafiə aktına etdiyi həmin 907-ci düzəlişin 1992-ci ildə, Ermənistanın işğalına məruz qaldığımız ən çətin bir vaxtda qəbul etdiyini, 2020-ci ilədək Qarabağdakı separatçıların güclənməsi və təşkilatlanması üçün hər il milyonlarla dollar yardım ayırdığını və ATƏT-in Minsk qrupu vasitəsilə işğalın nəticəsini legitimləşdirməyə çalışğdığını unutmamışıq.

Onu da yaxşı bilirik ki, keçən üç il ərzində ABŞ-Fransa-Rusiya üçlüyünün Qarabağın bizdən qoparılması üzrə hazırladıqları məkrli planlarını 2020-ci ildə məhv edən və torpaqlarını işğaldan qurtaran Azərbaycanın tarixi qələbəsini ABŞ və Fransa həzm edə bilmədi və indi də etmir. Təəssüf ki, Fransanın ardından ABŞ-da siyasi riyakarlıq və ikili yanaşma sərgiləyərək ölkəmizə qarşı haqsızlığa və qərəzə yol verdi.

Lakin ABŞ 1992-ci ildə Azərbaycana qarşı həyata keçirdiyi yanlış siyasəti təkrarlamaqla çox ciddi strateji səhvə yol verir. Çünki, ölkəmiz artıq1992-ci ildəki zəif, siyasi xaosun və hakimiyyət böhranın hökm sürdüyü Azərbaycan deyil, indiki Azərbaycan həm Qalibdir, həm güclü Liderə, güclü dövlətə və orduya malikdir, həm cəmiyyətdə sarsılmaz milli birlik və siyasi həmrəylik mövcuddur, həm də Türkiyə kimi dünyada söz sahibi olan güclü təbii müttəfiqə sahibdir. Digər tərəfdən, ABŞ-ın qəbul etdiyi qərarların praqmatik cəhətdən nə izahı, nə də geosiyasi maraqlar baxımından bu ölkəyə faydası var.

Əgər, bəzi ekspertlərin dediyi kimi, ABŞ Ermənistanı birtərəfli şəkildə dəstəkləməklə onu Rusiyanın təsirindən və forpostu olmaqdan çıxartmaq istəyirsə, bunu niyə Azərbaycanın milli maraqlarını təhdid etmək və münasibətləri korlamaq hesabına etməlidir? Onsuz da Azərbaycan Qarabağı azad etməklə və münaqişəyə son qoymaqla Ermənistana fəaliyyət azadlığı vermiş oldu. Sağlam məntiq onu diktə edir ki, məhz buna görə qərb və ABŞ Azərbaycana minnətdar olmalı, Cənubi Qafqazın ən güclü dövləti ilə strateji münasibətlərini daha da dərinləşdirməli idi.

Ancaq görünən odur ki, ABŞ hələlik tamam fərqli bir siyasət seçib və Azərbaycanla ikitərəfli əlaqələrin qorunmasına deyil, bu əlaqələrin pisləşməsinə və ya gərginləşməsinə üstünlük verib.

Bu cür münasibət isə təbii ki, cavabsız qala bilməzdi və qalmadı. Rəsmi Bakının ABŞ-ın bu siyasətinə sərt və qətiyyətli reaksiyası bir daha onu göstərdi ki, kimliyindən asılı olmayaraq, Azərbaycan onunla ultimatum və təzyiq dilində danışanlara və milli maraqlarına qarşı çıxanlara adekvat cavab vermək gücündə və qüdrətindədir.

Nəticə etibarilə baxaq, görək, ABŞ bundan nə qazandı, nə itirdi?

Birincisi, Azərbaycan Ermənistanla sülh danışıqlarının Vaşinqton platformasından və noyabrın 20-də hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da nəzərdə tutulan görüşündən imtina etdi. Sülh müqaviləsinin şərtlərini və imzalanma yerini diktə etmək gücündə olan Azərbaycanı narazı salmaqla ABŞ dünyada və regionda ona çox ciddi geosiyasi divident qazandıra biləcək vasitəçilik missiyasından mərhum edildi. Vaxtilə Vaşinqton və Brüssel sülh platformlarını müsbət qiymətləndirən Azərbaycan artıq, onların heç birinə inamı qalmadı və dünən cənab Prezident Ermənistanla heç bir vasitəçi olmadan birbaşa dialoqa hazır olduğunu və tezliklə sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bəyan etdi. İtirən isə ABŞ oldu.

İkincisi, ABŞ dövlət departamentinin 907-ci düzəlişi işə salmaqla ölkəmizə birbaşa yardımı qadağan etməsi də bizim üçün heç nəyi dəyişməyəcək. Çünki, Azərbaycan nə maliyyə, nə də hərbi yardım baxımından ABŞ-dan asılı deyil. Onsuz da ölkəmiz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılmasında, Ermənistan tərəfindən dağıdılmış 300-dən çox şəhər və kəndimizin yenidən qurulmasında və minalardan təmizlənməsində heç kimdən, o cümlədən ABŞ-dan ciddi bir yardım almayıb. Azərbaycana tətbiq ediləcək yardım sanksiyası ilk növbədə (əgər prezident Bayden bu təklifin və Senatda qəbul olunan qanunun əleyhinə çıxmazsa) Vaşinqtonun tez-tez istinad etdiyi ABŞ-ın milli maraqlarına zərbə vuracaq. Artıq cəmiyyətdə və rəsmi dairələrdə ölkəmizə qarşı kampaniyanın önündə gedən USAİD-nin Azərbaycanda fəaliyyətinin mənasız və hətta, təhlükəli olduğu haqqında birmənalı və haqlı fikir formalaşmaqdadır. Bu mənada, yenə itirən ABŞ olacaq.

Üçüncüsü, Dövlət katibinin köməkçisi James Obreynin Azərbaycanın İran üzərindən 30 ildir blokada da olan Naxçıvanla dəmir və avtomobil yolları vasitəsilə əlaqə yaratmasının ABŞ üçün qəbul edilməz olduğu haqqında dedikləri də digər məsələlər kimi ölkəmiz tərəfindən birmənalı şəkildə rədd edildi. Əvvəla, ona görə ki, kommunikasiya xəttlərinin haradan və necə aparılması haqqında qərarı yalnız Azərbaycanın özü verir və bu onun suveren haqqıdır. ABŞ-ın bu məsələyə müdaxiləsi yersizdir və beynəlxalq hüquqla müdafə olunan ölkələlərin siyasi müstəqilliyinin və daxili işlərinə qarışmamaq prinsipinin kobud şəkildə pozulmasıdır. Görünür, hələ də James Obreyn tam dərk eləmir ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir və öz maraqlarına uyğun istənilən qərarı özü verir.

Bundan başqa, ABŞ-nın bu qədər canfəşanlıqla müdafiə etdiyi Ermənistan 3 ildir ki, Zəngəzur dəhlizinin açılmasını ləngidir, götürdüyü öhdəliyi pozaraq Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında maneəsiz əlaqələrin qurulmasına, iki ölkə arasında kommunikasiya xəttlərinin açılmasına imkan vermir. Buna baxmayaraq, ABŞ nə buna görə, nə də İranla strateji müttəfiqliyə, onun bütün hərbi və iqtisadi potensialından maksimum faydalanmasına görə Ermənistana heç bir irad bildirmir.

Ona görə də, Azərbaycan rəsmən bəyan etdi ki, İran üzərindən dəmir və abtomobil yollarının çəkilişi ilə bağlı planında heç bir dəyişiklik olmayacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirən layihələrin icrası, o cümlədən İrandan keçən birləşdirici xəttlərin çəkilişi daha sürətlə davam edəcək. Burada yenə də irtirən ABŞ oldu.

Çünki, şərqlə qərb arasında mühüm ticari, nəqliyyat, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsində, Mərkəzi Asiya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında həm ABŞ, həm də Avropa Azərbaycandan çox asılıdır və başqa sözlə desək Bakıya möhtacdırlar.

Yekunda isə onu qeyd etmək istərdim ki, son iki gündə Dövlət departamentinin bəzi rəsmiləri deyəsən, nə qədər böyük xətaya yol verdiklərinin, Azərbaycana qərəzli münasibət sərgiləməklə ABŞ-in geosiyasi maraqlarını təhlükəyə atdıqlarının fərqinə varıblar. Bunların arasında Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin və ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Mihael Karpenterin Azərbaycanın Ermənistanla birbaşa dialoq təklifini dəstəkləməsi və verdikləri açıqlamalarda Obraynın sələndirdiyi fikirlərin heç birini təkrarlamamaları Azərbaycanla başlatdıqları lüzumsuz gərginliyi azaltmaq istəyi kimi də qiymətləndirmək olar.
İsətnilən halda, münasibətlərin korlanması Azərbaycanın seçimi olmayıb və onun bərpası da ABŞ-ın qərarı ilə olmalıdr. Bəllidir ki, Bakının qətiyyətli addımları Vaşinqtonu çətin duruma salıb və əvvəlki münasibətlər təcili bərpa olunmazsa, ABŞ Azərbaycanda strateji tərəfdaş kimi statusunu və nüfuzunu tezliklə itirə bilər.


Azay Quliyev, millət vəkili

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR