İnsanlara hürriyət, millətlərə istiqlal!

Ay Qəmərim, Qəmərim...

1677 05.09.2023 14:09 Yazarlar A A

Bu yaxında Dövlət Sərhəd Xidməti 6 əlcəzairlini tutduğunu bəyan edəndə, açığı, bir az təəccübləndim. Həmin müsəlman qardaşlarımız Azərbaycan sərhədlərini Avropaya mühacirət etmək üçün pozubmuş.

Təsəvvür elə. Adam necə bərbad durumda olmalıdır ki, Avropaya gizli yollarla girmək üçün öncə Azərbaycana gizli yolla girsin. Biz özümüz, maşallah, heç ölümüz-dirimiz olanda Gürcüstana gedə bilmirik, qalırıq sərhədin bəri tərəfində ağlaşa-ağlaşa. Çünki quru yol əbədiyyən bağlanmışdır.

İnsafən, sınırların tam bağlandığını yazmaq günah olar. Uçaraq getməyə icazə verilir. Təyyarə ilə, balonla, ya da Baron Münhauzen kimi, top mərmisi üzərində. Keçən ay bir Borçalı sakinini səhvən Aya göndərdik. Bu sahədə hər cür azadlıq verilibdir, o səbəblə Füzuli Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığımı çatdırıram. Allah sizi bildiyi kimi eləsin.

Məsələnin mənəvi-coğrafi tərəfləri də, ekspertlər demişkən, düşündürücüdür. Əlcəzairlə Azərbaycanın arası neçə min kilometrdir. Ancaq insanlar bu məsafəni keçib gəlmişlər. Əsl əzablı yollardır. Bundan başqa, bəzən sərhəd və miqrasiya xidmətlərimiz Hind okeanı tərəfdəki Qəmər adalarının sakinlərini də tutub geri qaytarırlar. Ora da, təbii ki, müsəlman dövlətidir. Dünyada harda müsəlman dövləti varsa, onun sakinləri kafir Qərbə qaçmağa çalışır, bunun özü ziddiyyətlidir. Axı Qərbdə müsəlmanların müqəddəs kitabı yandırılır, donuz əti yeyirlər və kişilər kişilərlə evlənir. Tfu... Bəs biz müsəlmanlar niyə Əfqanıstan, Ərəbistan, İran kimi qutsal yerləri qoyub elə Qərbə qaçırıq? Bunu xüsusilə Azərbaycanda orta əsrlərdən qalma İran rejiminin propaqandasını aparanlara üzümü tutaraq yazıram. Siz istəyirsiniz biz də buradan baş götürək qaçaq? Təşkilatının adını “Müsəlman birliyi” qoyanlara şəxsən mənim heç bir dözümüm yoxdur və hökumətin onların hamısını dama basmasını ikiəlli dəstəkləyirəm - lap ara yerdə bizim özümüzü də gözünə qatıb içəri bassa belə. Qaldırıcı kranların ev tikintisində işlədilməsini istəyirəm, adam asmaq üçün yox. Necə deyərlər, “qurban olum Şura hökumətinə”...

Təcrübə göstərir ki, hər bir sahədə dövlət təminatı və dövlət nəzarəti vacibdir. Bunu biz Naxçıvanda müşahidə edirik. Vasif müəllimin işdən çıxarılması bölgədə, türkün sözü, ayaqlanmalara səbəb olmuşdur. Keçən ay velosiped oğurluğu artmışdı, indi isə daha ekzotik təxribatın sorağını almışıq: Naxçıvanın kəndləri boz ayıların hücumuna məruz qalır. Sitat: “Son vaxtlar Naxçıvanın dağətəyi kəndlərinə boz ayılar hücum edirlər. Onlar həyətlərə girib alma-armudu yeməklə kifayətlənmir, əhalini qorxu içində saxlayırlar. Arı pətəklərini dağıdır, balı yeyirlər. Ayılar bölgədə sözün əsl mənasında ağını çıxardıblar”. Sitatın sonu.

Bəli. Budur əsas məsələ. Qabaqlar niyə bu ayılar qudurub camaatın asayişini pozmurdular? Bəlkə o zamanlar Naxçıvanda ayıların nəsli kəsilmişdi? Xeyr. Bizdə bütün canlılar və nəbatat aləmi dövlətin çətiri altındadır, yüksək səviyyədə qorunur. Sadəcə, Vasif müəllim bölgənin qubernatoru olanda ayılar öz ov arealını tanıyırdı. Bilirdilər Vasif müəllimin arealı haracandır, ora risk edib girmirdilər. Bəlkə “risk edib” əvəzinə “hörmət edib” də yazmaq olar. Ya da “qibtə edərək” - kimə necə xoşdursa, elə oxusun.

Vəziyyət belə davam eləsə, Ordubadın, Culfanın kəndlərində nəinki boz, o cümlədən ağ, qonur, Himalay ayıları, koala və pandalar da əhaliyə hücum edəcəkdir. Sərhəd xidmətimizi çətin günlər gözləyir.

Sonda əlaqədar təşkilatların diqqətinə çatdırmaq istəyirəm ki, əgər bizi buradan qovası olsalar, mən Qəmər adalarına getməyə razıyam. Əsas da adı xoşuma gəlir, elə bilirəm orada dövlət himni hardasa “Qəmərim” havası olmalıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR