İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın gözü Bakıya dikilib -Azərbaycan və Qazaxıstan liderlərinin görüşü maraqla izlənir

1265 24.08.2022 14:00 Yazarlar A A

Enerji çatışmazlığından əziyyət çəkən Avropa ölkələri liderlərinin diqqəti Bakıya yönəlib. Qazaxıstan prezidenti Kasım-Comart Tokayevin Bakıya səfəri həm Avropa Birliyi ölkələri, həm də Azərbaycan və Qazaxıstan üçün mühüm əhəmiyyət daşıyır.

Qazaxıstanın “yeni boru xətti” siyasəti uzun müddətdir dünya mediasının diqqət mərkəzində dayanıb. İyulun 6-da Rusiya məhkəməsi inzibati xətalara əsaslanaraq, Qazax neftini Avropaya daşıyan boru kəmərinin fəaliyyətini dayandıranda Qazaxıstan yeni tranzit yolları axtarmağa qərar vermişdi.

İyulda “Caucasus Watch” portalı məlumat yaymışdı ki, Qazaxıstan hökuməti Novorossiysk vasitəsilə neft ixracının vaxtaşırı dayandırılmasına cavab olaraq, alternativ marşrutlar vasitəsilə neft ixracını genişləndirmək qərarına gəlib.

İyulun 7-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev nəqliyyat və tranzit potensialının inkişafı ilə bağlı keçirdiyi müşavirədə neft ixracının şaxələndirilməsinin zəruri olduğunu bildirmişdi. “Transxəzər marşrutu prioritetdir. “Kazmunayqaz”a bu işin həyata keçirilməsinin optimal variantını, o cümlədən Tengiz layihəsinə investorların cəlb edilməsi imkanlarını işləyib hazırlamağı tapşırıram. Hökumət Samruk-Kazynaya ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir”.

Qazaxıstan prezidentinin bəyanatlarına əsaslanaraq demək olar ki, Tokayev hökuməti Çinə daha çox neft ixrac etmək və neftin Türkiyənin Ceyhan limanına çatdırılması üçün Azərbaycan üzərindən tranzitdən fəal istifadə etmək istəyir.

Qazax liderinin Azərbaycana səfəri də əsasən “yeni neft kəmərləri” siyasətinin davamıdır.

İndiyə qədər Qazaxıstan neft ixracının 80 faizini Rusiyadan keçən neft kəməri vasitəsilə həyata keçirib. Kreml öz ərazisindən keçən bu boru kəmərindən Nursultana təzyiq vasitəsi kimi istifadə edir. Bu kəmər bağlanarsa, ölkəyə böyük ziyan dəyə, ölkənin ticari imici zədələnə bilər. Moskvadan üz çevirən Tokayev hökuməti isə Azərbaycana və Türkiyəyə üz tutub.

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxacağı da gözlənilir. Neft və qaz satışı ilə yanaşı iki ölkə arasındakı münasibıtlərin genişləndirilməsi planları artıq dövlət başçılarının müzakirə masasının sağ tərəfində yer alıb.

“Reuters” agentliyinin adı açıqlanmayan üç mənbəsinə görə, Qazaxıstan sentyabr ayından etibarən Azərbaycan vasitəsilə xam neftinin bir hissəsini Avropaya satmağı planlaşdırır. Tokayev hokumətinin Rusiyanın bağlamaqla hədələdiyi boru kəmərinə alternativ axtarışı artıq öz bəhrəsini verib.

“Reuters”in məlumatına görə, Qazaxıstanın dövlət neft şirkəti “Kazmunaigaz” (KMG) Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə 1,5 milyon ton xam neftin Azərbaycanın boru kəməri ilə Türkiyəyə daşınması üçün əvvəldən danışıqlar aparırdı.

Rusiya üzərindən axan gündəlik 1,3-1,4 milyon barellə müqayisədə Azərbaycan üzərindən axan Qazax nefti gündəlik 30 min bareldən bir qədər çoxdur. Mənbənin sözlərinə görə, müvafiq yekun müqavilənin imzalanması avqustun sonuna planlaşdırılır. “Reuters”in məlumatında daha sonra bildirilir ki, 2023-cü ildən daha 3,5 milyon ton Qazaxıstan nefti Azərbaycan vasitəsilə Gürcüstanın Qara dənizdəki Supsa limanına daşına bilər.

Azərbaycan və Qazaxıstan neftinin əsas alıcısı Almaniyadır. İlin birinci yarısında Almaniya Azərbaycandan idxalı 342%, Qazaxıstandan isə 92%-dən çox artırıb. Almaniya hökumətinin Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsinin yeni xarici ticarət statistikasında bildirilir ki, Almaniya hökuməti Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycan və Qazaxıstandan neft idxalını artırmağa qərar verib.

Azərbaycandan alınan neftin miqdarı keçən ilki 209 milyon avrodan 922 milyon avroya yüksəlib.

Qazaxıstanla xarici ticarəti ikiqat artıran Almaniya öz mallarının bu ölkəyə satışını da artırıb. Qazaxıstan ötən ilin ilk altı ayında Almaniya bazarına 1,65 milyard avro dəyərində məhsul ixrac etdiyi halda, bu ilin eyni dövründə ixrac 3,17 milyard avro təşkil edib. Eyni zamanda, Qazaxıstana ixrac olunan Almaniya məhsullarının həcmi 46% artıraraq 948 milyon avroya çatıb.

Almaniya və Qazaxıstan arasında ticarət 79% artaraq 4,11 milyard avroya çatıb və Qazaxıstan Almaniyanın postsovet məkanında ikinci ən mühüm ticarət tərəfdaşına çevrilib. Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsi Mərkəzi Asiya ölkələrinin əhəmiyyətinin getdikcə artdığını vurğulayır və həm Qazaxıstanın, həm də Özbəkistanın "böyük potensialına" işarə edir. Almanitanın bu ölkələrlə ticarəti iki dəfədən çox artıb.

Rusiyanın təzyiqlərindən qorunmaq üçün Azərbaycana üz tutan Qazax liderinin Bakıdan əliboş qayıtmayacağı şübhəsizdir. Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqələrin güclənməsi həmçinin rəsmi Ankaranın prioritet saydığı vacib məsələlərdən biridir. Rusiyadan asılılığı minimuma endirməyə qərar verən Qazaxıstan və Özbəkistan nümunəsi Türkmənistanı da Azərbaycan və Türkiyə ilə münasibətləri dərinləşdirməyə sövq edir.

Ərdoğan hökumətinin praqmatik xarici siyasəti Orta Asiyanın türk cümhuriyyətlərini Kremlin təzyiqlərindən qorumağa imkan verir. Çindən tam asılı vəziyyətə düşmək təhlükəsi ilə üzləşən Moskva üçün Türkiyə ikinci nəfəsdir və bu nəfəsin bağlanması Moskvanı Pekinin yedək dövlətinə çevirə bilər.

Prezident İlham Əliyevin Qazax lideri ilə söhbətində söylədiyi fikirlər deməyə əsas verir ki, Azərbaycanın Orta Asiyanın türk cümhuriyyətləri ilə münasibətlərində yeni mərhələ başlayıb. Avropa Birliyi ilə strateji əməkdaşlığın dərinləşməsində Qazaxıstanın və digər türk cümhuriyyətlərinin rolu böyükdür. Enerji qıtlığından əziyyət çəkən Avropa ölkələrinin Bakıda keçirilən görüşdən böyük gözləntiləri var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR