İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı “sərhəd revizorları”nı qovmaq istəyirlər - “Bakıya işləyirlər...”

1709 19.04.2023 10:03 Siyasət A A

Prezident İlham Əliyev avropalı müşahidəçilərin işğaldakı anklavlara getməsini istəyib; Aİ missiyasının vəziyyətlə bağlı Bakını məlumatlandırması erməniləri “cin atına mindirib” və hərbi-mülki missiya vaxtından tez gedə bilər

Prezident İlham Əliyev Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşən müşahidə missiyasının Qazağın işğal altında qalan kəndlərinə - anklavlara səfər etməsini, oradakı vəziyyəti öyrənməsini istəyib.

“Yeni Müsavat” xəbər verir ki, bu maraqlı məlumat “blankspot” saytının Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə apardığı müsahibə zamanı ortaya çıxıb. Müsahibə martın 23-də alınıb, sayt isə Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağa həsr olunmuş məqaləni 13 apreldə dərc edib. Ermənistanın mövqeyinin müdafiə olunduğu məqalədə İlham Əliyevin Aİ-dən anklavlarla bağlı istəyinə dair məqam diqqət çəkir. M.Ritter deyir ki, sərhəd bölgəsində patrul aparmaqla bağlı planları haqda bir həftə öncə Bakıya məlumat verirlər. “Bu məlumatlar Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə ötürülür. Məqsəd anlaşılmazlığın və xoşagəlməz hadisələrin qarşısını almaqdır. Bizim Azərbaycanla ünsiyyətimiz bu cür qurulur”, - missiyanın rəhbəri deyib.

Missiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə gəlincə, M.Ritter indiyə qədər bir nümunənin olduğunu bildirib: “Bir neçə həftə əvvəl Prezident İlham Əliyev Toivo Klaar vasitəsilə missiyanın Ermənistanın şimalındakı Azərbaycan anklavlarına səfər etməsi xahişini çatdırıb”. Sayt Toivo Klaarla da danışıb. Aİ-nin region üzrə nümayəndəsi bildirib ki, bu kəndlər delimitasiya-demarkasiya prosesinin bir hissəsidir. “Esklavlar hər iki tərəflə müzakirə olunub və onların sərhəd danışıqlarında potensial problemə çevrilə biləcəyi üçün missiyanın oraya səfəri vacib hesab olunub”, - Klaar qeyd edib.

Qeyd edək ki, Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də erməni işğalında qalır. Rəsmi Bakı 8 kəndin sərhədin delimitasiyası çərçivəsində qaytarılması tələbində israrlıdır. Erməni müxalifəti isə Aİ missiyasından narazıdır. Onlar deyirlər ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Aİ regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır, habelə missiyanın vəziyyətlə bağlı Bakını məlumatlandırması xəbərindən də ciddi narazıdırlar. Erməni müxalifəti Aİ ilə Ermənistan arasında hələ də heç bir hüquqi baza, İrəvanla ikitərəfli razılaşma olmadığı faktını da qabardır.

Elman Nəsirov: Son altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha  da möhkəmlənib - AZƏRTAC

Elman Nəsirov 

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, Avropa İttifaqının mülki missiyası ikinci dəfədir Ermənistanla sərhədə yerləşir. E.Nəsirovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bu missiyanın Azərbaycan tərəfdən yerləşməsi əleyhinə olub: “Yəni bizimlə razılaşdırılmadan Ermnistanla sərhəddə bu addım atılıb. Əvvəlcə iki aylıq gələn ilk missiya sırf mülki müşahidəçilərdən ibarət idi. İkinci qrup isə mülki-hərbi missiyadır. Onların tərkibində alman polisi və fransız jandarması var. Xüsusən fransızlar bu missiyanın işinə kölgə salıb. Ermənistanın isə bu missiyanı tamamilə hərbi vəzifəyə çevirmək hədəfi var. Bunu da KTMT-dən uzaqlaşmaq məqsədilə edirlər”.

Deputat hesab edir ki, Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi var: “İndi istəyimiz odur ki, missiya işğal altında olan ərazilərimizə də baş çəksin. Yəni anklav - işğal altında olan ərazilərdə də missiyanı həyata keçirməlidirlər. Avropa İttifaqının bu xahişimizə müsbət reaksiyası Ermənistanı ciddi narahat edib. Bu kontekstdə son vaxtlar Paşinyan hökumətinin Rusiyanın qulağına xoşgələn fikirlər səsləndirməsi diqqətdən yayınmır. Xüsusən spiker Alen Simonyanı qeyd etmək olar. O, dəfələrlə antirus mövqedən çıxış edirdi. Simonyan bildirirdi ki, Ermənistan heç də Gümrüdən baza çıxarmır, KTMT-dən getmir, əksinə, onlar bizdən uzaqlaşır. İndi isə Rusiya ilə müttəfiq olduqlarını, strateji məsələlərdə hər zaman məsləhətləşmələr aparıldığını bildirir, Moskvanın xoşuna gələcək ifadələri işlətməkdən çəkinmir. O baxımdan, rəsmi İrəvanın Avropa İttifaqından gözləntiləri özünü doğrultmur. Ermənistanda bu missiya ilə bağlı yaranmış kövrək narazılıq motivləri İrəvanda bayrağımızın yandırılması hadisəsində də öz təsirini göstərməkdədir. Artıq Avropa İttifaqının mülki missiyası dərk edir ki, Ermənistan siyasi cığallıqla məşğuldur, İrəvan "iki stulda əyləşmək" siyasətini davam etdirməkdədir, gah Qərbə, gah Rusiyaya itaətini nümayiş etdirir. Bu reallıqlar fonunda Qərb missiyasının Ermənistanla sərhəddə fəaliyyəti vaxtından erkən bitə bilər".

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə qəzetimizə açıqladı ki, Aİ-nin mülki missiyasının bölgəyə gəlməsi böyük oyunun elementlərindən biridir. Siyasi ekspertin fikrincə, AB-nin aparıcı ölkəsi Fransadır və onun da Azərbaycana qərəzli münasibəti göz qabağındadır: “Mülki missiyanın tərkibində əsas qüvvələr fransızlardır. Bu missiyanın gəlişi Avropanın gələcəkdə qəbul edəcəyi siyasi qərarlara təsir edə bilər. O cəhətdən Ermənistan sərhəddə təxribatlar etməklə Avropa Birliyinin Azərbaycana qarşı hesabat qəbul etməsinə nail olmaq istəyir. Amma sərhədlər dəqiqləşməyib və bu missiya hansı bölgədə, nəyə nəzarət edəcək? Bu missiyanın özündə bir məntiqsizlik var. Sadəcə, Azərbaycana təzyiq etmək üçün bir mexanizmdir”, - deyə A.Məsiyev vurğuladı. Ekspert hesab edir ki, bu missiyanın gəlişində həm də məqsəd Rusiyanı regionda nüfuzdan salmaqdır: “Hesab edirəm ki, Qərb Cənubi Qafqazda nüfuzunu gücləndirmək üçün bu missiyadan alət kimi istifadə edəcək”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ – XəbərAl.Az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə Aİ-nin mülki monitorinq qrupunun tezliklə Ermənistanla sərhədi tərk edəcəyini gözləmir. Onun sözlərinə görə, İrəvan hər nə qədər narazı olsa belə, iki illik razılaşma var: “Üstəlik, periodik giley-güzar ola bilər, amma qlobal bir hədəf mövcuddur. Bu da Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Hər halda, Avropa İttifaqı Ermənistanın istəklərini tam ifadə etmirsə, o demək deyil ki, tez bir zamanda bölgəni tərk edəcəklər. Sadəcə, İrəvanın könlündən keçir ki, onların bütün arzularını ifadə etsinlər. Avropa İttifaqı isə Azərbaycanla yaxşı əlaqələrə malikdir, Avropa Komissiyanın Prezidenti Ursula von der Leyen Bakıda strateji sənəd imzaladı, iqtisadi əməkdaşlıq genişlənir, xüsusən də Ukrayna müharibəsi fonunda rus enerji məhsullarına tələbatı azaltmaq üçün Azərbaycan qazı Avropa üçün əhəmiyyət kəsb edir. Bu baxımdan, Ermənistanın mülki missiyadan bütün gözləntiləri heç də həyata keçməyəcək. Eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel masasında vasitəçidir, indi görüşlər dondurulmuş olsa belə, Bakını narazı salmaq istəməzlər. Ona görə Azərbaycan Prezidentin istəyi tamamilə əsaslıdır, əgər sərhədi monitorinq edirlərsə, o zaman anklav kəndlərimizə də getsinlər”. Bundan başqa, ekspertin fikrincə, Ermənistan onları qovsa, təzədən Rusiyanın çənginə düşəcək: “Bu səhvi edərlərmi? Paşinyan Rusiyanın təsirlərini kiçiltmək üçün Qərb missiyasını regiona gətirib, Fransa, özəlliklə Makron ona ciddi dəstək verməkdədir, ABŞ da Avropa Birliyinin sərhəddə bu fəaliyyətini təqdir edir, o halda onları çıxarmaq İrəvanın Kremldən asılılığını daha da sürətləndirəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR