İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan növbəti anti-Azərbaycan demarşı - Bakıdan sərt reaksiyalar

853 14.11.2023 12:38 Siyasət A A

Aİ növbəti dəfə rəsmi Bakının iştirakı olmadan Azərbaycan-Ermənistan münasibətlərini müzakirəyə çıxarır; beynəlxalq hüquqa və siyasi etik normalara zidd fəaliyyətin pərdəarxası məqamları; regional məsələləri regiona aidiyyəti olmayanlar çözə bilməz...

Noyabrın 14-də Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin toplantısı olacaq. Məlumatlara görə, iclasda Azərbaycan-Ermənistan münasibətləri məxsusi diqqətdə saxlanılacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da həmin tədbirə dəvətlidir. Azərbaycanı isə qurumun toplantısında heç kim təmsil etməyəcək.

Yəni növbəti dəfə rəsmi Bakı iştirak etmədən Azərbaycan müzakirə ediləcək. Halbuki iclasa simvolik balans xətrinə olsa da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu da dəvət edə, Bakının mövqeyini də dinləyə bilərdilər.

Beləcə, özünü neytral vasitəçi kimi qələmə verməyə çalışan Avropa İttifaqı faktiki Ermənistan siyasətinin yedəyində getməyə davam edir. Bakıya qarşı “tək qapılı” oyunlarla, bitməyən şər və yalan ritorikası ilə, destruktiv gündəmlə kövrək sülh prosesini baltalayır, erməni revanşist qüvvələrin “çörəyinə yağ sürtür”.

Bu cür müzakirələr əlbəttə ki, regionda sülhə yaxşı heç nə vəd eləmir. Əksinə, Brüsselə qarşı etimadızlığı gücləndirir.

Azərbaycana qarşı belə həmlələrin təsiri ola bilərmi? Belə həmlələr nə vaxtsa bitəcəkmi?

Ermənistanın məqsədi Laçın sərhəd buraxılış məntəqəsinin bağlanmasıdır - Xəyal  Bəşirov (ÖZƏL) - Azer.Press

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın iştirakı olmadan Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirə edilməsi, xüsusilə də Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərin müzakirəsi və bununla əlaqədar nəticəyə gəlinməsi beynəlxalq hüquqa, siyasi etik normalara ziddir. Bu, həmin təşkilatların qeyri-ciddiliyindən xəbər verir. Əgər bir dövlətin iştirakı olmadan onunla əlaqədar hər hansı bir məsələ müzakirə edilirsə, bu, müzakirəni aparan tərəfin tərəf tutmasının, qərəzinin, qeyri-ciddiliyinin göstəricisidir: “Azərbaycanın Brüssel formatına dəstəyi həmişə olub. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz mövqeyini bildirib. Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyinin zirvə toplantısı keçiriləndən sonra Prezident İlham Əliyev mətbuat üçün açıqlama verdi və Azərbaycanın Brüssel formatına dəstəyini nümayiş etdirdi. Amma təəssüflər olsun ki, həmin o Brüssel formatını sonradan Fransa və digər ermənipərəst qüvvələr fərqli məcraya yönəltdilər və keçmiş Minsk Qrupunun taleyinə oxşar bir şəkildə bu format irəlilətməyə çalışdılar. Əvvəlcə Fransanı görüşə dəvət etdilər, sonra Almaniyanı dəvət etdilər. Azərbaycan hər dəfə deyirdi ki, bizim üçün bu, Brüssel formatının alternativi deyil. Amma onlar buna Brüssel formatının alternativi kimi baxırdılar. Azərbaycan 5 oktyabrda Qranadada görüş keçirilməzdən öncə Türkiyənin prosesdə iştirakının təmin olunmasını tələb etdi.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı yeni reallıqlara uyğun 3+3 əməkdaşlıq formatını təklif etdi. Bu formatın təklif edilməsində əsas məqsəd sui-istifadə hallarının qarşısının alınması ilə bağlı idi. Yəni üç Cənubi Qafqaz dövləti - Azərbaycan, Gürcüstan, Ermənistan və region qonşu olan dövlətlər Türkiyə, Rusiya və İranın əməkdaşlıq formatında müzakirə ediləcək bütün məsələlərin həlli asanlaşacaq. Diqqət edin, Avropa İttifaqına aid olan məsələ başqa bir qitəyə aid olan dövlətlərin iştirakı ilə müzakirə edilirmi? Xeyr. Onlar buna imkan vermirlər. Onlar öz evlərinə aid olan problemləri özləri həll etməyə üstünlük verirlər. Amma digər qitələrə, özlərinə aid olmayan regionların məsələləri ilə bağlı proseslərdə iştirak edirlər. Hətta regiona aid olan, bilavasitə müzakirə hədəfi olan dövlətlərin iştirakı olmadan prosesləri reallaşdırmağa çalışırlar. Bu isə absurddur, ayrı-ayrı regionlara yuxarıdan aşağı baxmaq, ayrı-ayrı dövlətlərə ikinci dövlət yanaşması ilə yanaşmaq cəhdidir".

Ekspert vurğuladı ki, ona görə də Azərbaycan haqlı olaraq, regiona aid olan problemlərin məhz regiona aid olan dövlətlərin əməkdaşlıq formatında həll edilməsinə çalışır: “Bu, əslində Avropanın yuxarıda qeyd etdiyim özünəmünasibət tərzinə uyğun bir məsələdir”.

X.Bəşirovun sözlərinə görə, Azərbaycanın xarici işlər nazirinin dəvət edilməməsi bizim üçün narahatlıq yaratmır: “Biz hər bir halda ərazi bütövlüyümüzü təmin etmişik, separatizmi çökdürmüşük. İndi bir sıra Qərb ölkələrinin və təşkilatlarının aktivləşməsi sülh sazişinin imzalanmasına töhfə vermək üçün deyil, pozuculuq üçündür. Biz regionumuzu kənar qüvvələrin döyüş meydançasına çevirmək istəmirik. Biz bizə necə yanaşmalarından asılı olmayaraq qarşıya qoyduğumuz hədəflərimizə addım-addım nail oluruq. Əgər xarici işlər nazirimiz qarşıdakı görüşə də dəvət edilməyəcəksə və Azərbaycanın iştirakı olmadan müzakirə aparılacaqsa, hansısa sənəd qəbul ediləcəksə, bu, Azərbaycan üçün quru kağız parçasından başqa heç bir əhəmiyyət daşımayacaq. Azərbaycanın iştirak etmədiyi, Azərbaycanın imzası olmayan sənədlərin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan belə sənədlərlə bağlı addım atmaq öhdəliyini daşımır. Azərbaycana qarşı belə həmlələr nə qədər davam etsə də Azərbaycanı haqq yolundan döndərə bilməz. Gec-tez hər kəs Azərbaycanın yaratdığı reallıqları qəbul edəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR