İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada yayda 3500 dollara olan qaz qışda 1100 dollara düşüb - səbəb

1348 22.12.2022 10:53 İqtisadiyyat A A

Ekspert: “Qış ayları sərt keçsə, qiymətlər kəskin artacaq”

Avropada dekabrın 20-də keçirilən hərracın gedişində təbii qazın min kubmetrinin qiyməti 7 faiz ucuzlaşaraq noyabrın 17-dən bəri ilk dəfə 1100 dollardan aşağı enib.

Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın yanvar fyuçersinin qiyməti 1098 dollar təşkil edir.

Maraqlıdır ki, yayda Avropada qazın qiyməti 3500 dollaradək yüksəlmişdi. Qışda, Avropada bəzi regionların evlərdə odun yandırdığı bir vaxtda qaz 1100 dollara enib.

Dünyadakı ərzaq böhranı Azərbaycanda hansı iqtisadi fəsadlar yarada bilər?

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, hər ilin dekabrın ikinci ongünlüyündən etibarən qazın qiyməti aşağı düşür: “Yayda qazın qiymətinin yüksək olması daha çox psixoloji faktorlarla əlaqədardır. İkinci səbəb anbarların boşalmasıdır. Adətən qışın sonuna doğru anbarlar boşalır və aprel-may aylarından başlayaraq anbarlar doldurulur. Bu zaman qazın qiyməti qalxır. Hazırda Avropada qaz anbarları 70-80, bəziləri hətta 90 faiz doludur. Bu səbəbdən də alıcılıq aşağı düşüb. Digər tərəfdən, Misir hazırda 3,5 trilyon kub metrlik yataq kəşf edib. Bu, dünya qaz bazarında müsbət tendensiyadır. Digər tərəfdən, Rusiyanın ixracında olan məhsulların həcminə qoyulan minimum qiymətlər qazın qiymətinə də təsir göstərir. Ən böyük faktor isə ilin sonu olması, anbarların dolu olmasıdır”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli də təsdiq edir ki, qiymətlərin aşağı düşməsinin səbəbi anbarların dolu olmasıdır: “Avropa qışa xüsusi hazırlaşırdı. Buna görə də bütün anbarlar demək olar ki, tam doludur. Bir il yarım öncə Avropada qazın qiyməti 300-400 dollar idi. Bu nöqteyi-nəzərdən baxsaq, qiymətlər 3 dəfə artıb. Qiymətin formalaşması nisbi anlayışdır. Bu, həm də dövrdən asılıdır. Qış ayları mülayim keçəcəksə, qiymət 1000-1500 arası dəyişəcək. Əksinə, qış ayları sərt keçsə, qiymətlər kəskin artacaq. Bunun Azərbaycana aidiyyəti yoxdur, çünki ölkəmiz Türkiyə, Gürcüstan və Avropaya uzunmüddətli müqavilələrlə qaz satır. Buna görə də Avropa bazarındakı spot qiymətinin Azərbaycana təsiri yoxdur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR