İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından Azərbaycana 2 milyard avroluq dəstək - hara xərclənəcək?

1305 13.12.2022 09:18 İqtisadiyyat A A

Gələn il Rumıniya və Macarıstan Azərbaycandan elektrik enerjisi almağa başlayacaq

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə fəallıq müşahidə olunmaqdadır. Bu ilin iyulunda Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Aİ ilə Azərbaycan arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb. Avropa İttifaqı Azərbaycandan qaz və yaşıl enerji idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.

Eyni zamanda Azərbaycana investisiya olaraq ayrılması nəzərdə tutulan 2 milyard avro vəsaitin yatırılacağı sahələrin müəyyənləşdirilməsi istiqamətində iş davam etdirilib.

Xatırladaq ki, 2021-ci ildə Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro, Azərbaycana isə 150 milyon avro həcmində investisiya dəstəyi ayrılacağını elan edib. Bu, Azərbaycan Prezidenti tərəfindən kəskin tənqid olunub. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə fərqli yanaşmasından narazı qaldığını açıq şəkildə bəyan edib: “Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir - həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq » Qlobal.Az

Prezident qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. “Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı, əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik” .

Prezidentin açıqlamalarından sonra Avropa İttifaqı təmsilçilərinin Bakıya bir neçə səfəri baş tutub. 2022-ci ilin fevralında Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını açıqlayıb: “Başlamağa hazır olan bir çox əla investisiya layihələri var. Biz üzərində işləmək üçün bir sıra digər layihələri də müəyyən etdik. Beynəlxalq maliyyə institutları ilə biz Azərbaycanın iqtisadi inkişafını yeni səviyyəyə çatdırmaq və artım üçün real imkanlar yaratmaq üçün ən azı 2 milyard avro investisiya cəlb edə bilərik”.

Arminfo: Oliver Varhelyi: EU ready to support Azerbaijan in restoring  liberated territories

Avropa İttifaqının qərarı açıqlanandan sonra tərəflər arasında investisiya istiqamətləri ilə bağlı müzakirələr başladılıb. Nəhayət, dekabrın 8-də Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən verilən xəbərə görə, yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə Avropa İttifaqının dəstəyi ilə prioritet investisiyaları Avropanın komanda ruhunda istiqamətləndirib, müəyyənləşdirəcək. Bu, blendinq və zəmanət kimi innovativ maliyyə alətlərindən istifadə edərək ölkəyə 2 milyard avroya qədər investisiyanın mobilizasiyası vasitəsilə Azərbaycanın İqtisadi və İnvestisiya Planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək.

Bu cür prioritet investisiyalar Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi, ölkə daxilində layiqli iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə verəcək.

İqtisadi və İnvestisiya Planı Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin investisiya sütunu olub, demokratik institutları gücləndirmək üçün idarəetmə sütunu ilə fəaliyyət göstərir. Bu iki sütun sabit biznes mühiti yaratmaq və iqtisadi sərmayələr gətirməklə insanlara nəzərəçarpacaq faydalar təmin etmək üçün birlikdə işləyir. İqtisadi və İnvestisiya Planı, həmçinin bütün dünyada davamlı və etibarlı rəqəmsal, enerji və nəqliyyat əlaqələrinin qurulmasında Aİ-nin “Qlobal Gateway” strategiyasını dəstəkləyir.

Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib: “İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir. İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir: 90 milyon avroya qədər vəsait ayrılıb və əhəmiyyətli investisiya layihələri həyata keçirilir. Bura Gəncədə küçə işıqlandırmasının yaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. Birgə işçi qrupumuzun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının İqtisadi İnvestisiya Planında nəzərdə tutulan investisiya potensialından daha çox faydalanmasını təmin edə bilərik!”

Yüksək səviyyəli işçi qrup prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək. O, bərpa olunan enerji, əlaqələndirmə, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiyaları araşdıracaq.

İşçi qrupu prioritet investisiya layihələrinin müəyyən edilməsi və birgə həyata keçirilməsi üçün Avropa Komissiyası, Azərbaycan hökuməti və Avropa maliyyə institutları ilə müntəzəm görüşlər keçirəcək, bərpa olunan enerji, kommunikasiya, kiçik və orta biznes, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiya imkanlarını araşdıracaq.

Yuxarıda da qeyd etdik ki, Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını artırmaqla yanaşı, elektrik enerjisi, hidrogen idxalını təmin edəcək layihələri də dəstəkləyəcəyini bəyan edib. Artıq Avropa İttifaqının (Aİ) İqtisadi Əməkdaşlıq Planı çərçivəsində Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya strateji elektrik enerjisi kabelinin çəkilməsi üçün 2,3 milyard avro investisiya ayrılmasına dair qərar qəbul edilib. Bununla bağlı  “Twitter”  şəbəkəsində Aİ-nin qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhely paylaşım edib: “Elektrik enerjisi kabeli Gürcüstanı və bütün Qafqazı Rumıniya ilə əlaqələndirəcək və Avropaya yaşıl enerji ixracına imkan verəcək”.

Varhelyi elektrik enerjisi kabelinin tərəflərin qarşılıqlı dayanıqlılığını gücləndirəcəyini vurğulayıb. O, "Şərq tərəfdaşlığı" ölkələrinin 17 milyard avro dəyərindəki İqtisadi Əməkdaşlıq Planının nəqliyyat, rəqəmsal kommunikasiya kimi müxtəlif sahələri də əhatə etdiyini qeyd edib.

Azərbaycandan Gürcüstan və Qara dəniz üzərindən Rumıniyaya çatdırılacaq elektrik enerjisinin ilk alıcısı Macarıstan olacaq. Macarıstan hökumətinin mətbuat xidmətinin rəhbəri Bertalan Havaşinin dünən verdiyi məlumata görə, bununla bağlı saziş dekabrın 17-də Buxarestdə imzalanacaq. Sazişi Macarıstanın baş naziri Viktor Orban, Rumıniya Prezidenti Klaus Yohannis, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen imzalayacaqlar.

Qeyd edək ki, Macarıstan Azərbaycandan elektrik enerjisi almaqla təbii qaza ciddi şəkildə qənaət etmək niyyətindədir. Bu barədə V.Orban oktyabrda Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə apardığı müzakirələrdən sonra açıqlama verib. Macarıstan rəhbəri ölkəsinin “çox uzaq” ölkələrdən qaz aldığını, bu sahətə etibarlı təminata inamın az olduğunu, buna görə də Azərbaycan kimi “etibarlı” ölkədən enerji idxalına nail olmağa çalışdığını bildirib. Orban həmçinin Azərbaycandan ilk enerjini 2023-cü ildə almağı planlaşdırdıqlarını açıqlayıb.

Azərbaycan son illərdə elektrik enerjisi ixracını xeyli artıra bilib. 2021-ci ildə 45,5 faiz artımla 1,8 milyard kilovatt/saata yaxın, 2022-ci ilin 10 ayında isə 81,8 faiz artımla 2,1 milyard kvt/saat elektrik enerjisi ixrac olunub.

Gələn il “Masdar” şirkətinin Qaradağda inşa etdiyi Günəş Elektrik Stansiyası fəaliyyətə başlayacaq. 2023-cü ildə həmçinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası istifadəyə veriləcək. Beləliklə, 500 Mvt-a yaxın yeni enerji gücü formalaşacaq ki, bu da elektrik enerjisi ixracının daha da artırılmasına imkan verəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR