İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı da erməniləri barışığa çağırır-bəyanatın pərdəarxası

827 04.09.2023 22:39 Son xəbər A A

Azər Badamov: “Laçın dəhlizi ifadəsi işlədilməməlidir”

Şəhla Cəlilzadə: “Belə bir əhəmiyyətli görüş ərəfəsində regional nizama zərbə vuran...”

Avropa İttifaqı Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyacın yarandığını bildirir. Bu barədə qurumun Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bu sözlər də yer alır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

O da bəyanatda vurğulanır ki, Şarl Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib.
Aİ tərəfi, həmçinin, Bakının Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.

İndiki vaxtda Avropa İttifaqı tərəfindən belə bir dialoq çağırışının edilməsi Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Bunun yersiz olduğu qeyd olunur. Çünki, Avropa İttifaqının Qarabağ münaqişəsində oynadığı ikibaşlı rol, yürütdüyü ikilistandartlar hər kəsə bəllidir. Bütün bunların fonunda indiki vaxtda reinteqrasiyaya da bir gərəyin qalmadığı ortadadır. O zaman Aİ nə üçün dialoq çağırışı edir?

Deputat Azər Badamov bu çağırışlarda bir yenilik görmür: “Azərbaycan Ermənistanla müxtəlif platformalarda danışıqlar zamanı sülh müqaviləsinin imzalanması üçün beynəlxalq normalara əsaslanmış 5 baza prinsipinə uyğun təkliflərini verdiyini dəfələrələ bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın suveren ərazilərinin bütövlüyünün parametrlərini açıqlayaraq tanıdığını bildirib. Paşinyanın bütövlüyünü tanıdığı Azərbaycanın ərazi bütövlüyünə Qarabağ torpaqları da daxildir. Azərbaycan görüşlərdə Bakı ilə Xankəndi arasında dialoqun vacibliyini dəfələrlə açıqlayaraq Qarabağdakı erməni ictimaiyyətinə çağırışlar edib. Amma ermənilər Bakı ilə diaoqdan imtina edərək Ağdam-Xankəndi yolunu bağlayaraq, blokadada olduğunu bildirərək dünya ictimaiyyətinə saxta çağırışlar edir. Onlar anlaya bilmirlər ki, məsələlərin həlli Azərbaycana reinteqrasiya olunmaq və vətəndaşlığı qəbul etməkdən keçir.

Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda dialoqla bağlı çağırış etməsində də bir yenilik yoxdur. Bakı Xankəndi ilə dialoqa hər zaman hazırdır və bu yolla reinteqrasiya prosesini həyata keçirmək fikrində qalır. Amma separatçıların öz saxta iddialarının yaşadılması yol verilməzdir və buna son qoyulmalıdır. Avropa İttifaqı təklif etdiyi görüşlərdə Azərbaycanın suveren ərazi bütövlüyünə hörmətlə yanaşmalı və ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə əsaslanaraq münasibətlərin normallaşmasına töhfə verməlidir. Belə ki, Laçın dəhlizi ifadəsi işlədilməməlidir. Laçın dəhlizi ifadəsi artıq keçmişdə qalıb. Bu gün Laçın yolu var və bu yol vasitəsilə bütün keçidlər suveren ölkələrin hüquqları çərçivəsində həyata keçirilməlidir. Prezidet İlham Əliyev telefon zəngi zamanı Fransa prezidenti Emmanuel Makrona açıq şəkildə bildirdi ki, Laçın yolu Ağdam-Xankəndi yolu açılandan sonra Azərbaycanın sərhəd və gömrük qanunlarına uyğun şəkildə açıla bilər. Bunun üçün ilk növbədə Ağdam-Xankəndi yolu açılmalı və bu yol vasitəsilə Xankəndində yaşayan ermənilərin təminatları həyata keçirilməlidir. Ermənistan və separatçılar Fransaya arxalanıb özləri-özlərini aldatmasınlar. Onların düşündükləri məsələlər 44 günlük Vətən müharibəsində cəhənnəmə göndərilib. Ölü heç vaxt dirilmir”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, bu bəyanatda həm də Ermənistan tərəfə bir mesaj var: “Şarl Mişel 31 avqustda İspaniyanın Toledo şəhərində baş tutan Avropa İttifaqı Xarici işlər nazirlərinin zirvə görüşündən dərhal sonra Laçın yolu ilə bağlı bəyanat yayıb. Maraqlıdır ki, erməni mediasında bunu “Avropa İttifaqı Azərbaycanı Ağdam yolu məsələsində dəstəkləməyə davam edir” şəklində şərh edirlər. Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin birdəfəlik sonlanması və bölgədə sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında normallaşmada maraqlıdır. Təbii olaraq bunun üçün Ermənistan tərəfi də öz öhdəliklərinə əməl etməli, təxribatçı davranışlardan çəkinməlidir. Lakin təəssüf ki, biz hələ ki, bu cür münasibəti görmürük. Əksinə, sərhəddə toqquşmalar yenidən eskalasiya edir. Sentyabr ayı sanki ermənilər üçün müharibə törətmək ayıdır. Ermənistan tərəfi 2020-ci il məğlubiyyətindən sonra 2022-də də, 2023-də də vəziyyəti gərginləşdirib revanş etmək istəsə də məqsədləri fiaskoya uğradı. 2023-cü il toqquşması Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılması, Azərbaycanın Qarabağ ermənilərini reinteqrasiya etmək siyasətinin qarşısının alınması, sülh prosesi önündə süni əngəllər yaradılması məqsədilə törədildi. Lakin, bu təxribatların heç biri Azərbaycanın məqsədyönlü fəaliyyətinin qarşısını ala bilməz. 2022-ci ilin sentyabr toqquşmaları (“Qisas” əməliyyatı) göstərdi ki, ermənilər artıq əvvəlki kimi istədiyi vaxt təxribat törədib istəklərinə nail ola bilməyəcəklər. Çoxsaylı itkilər bahasına başa gələn bu toqquşmada Azərbaycan strateji üstün mövqe qazandı. Bununla yanaşı erməni tərəfi məsələni belə şərh edirdi ki, “uzun zaman gərginlik artsa da, bunu azaltmaq üçün addım atılmadığını müşahidə edirik”. İndi, 2023-cü il sentyabr toqquşmasından dərhal sonra Avropa İttifaqı tərəfindən belə bir bəyanat bir sözlə gərginliyi azaltmaq üçün atılan addım olaraq qiymətləndirilə bilər. Bu, həm də Ermənistan tərəfinə bir mesajdır. Belə ki, Ermənistan tərəfi təxribatlara davam edir və onların yaratdığı gərginliyi azaltmağa həqiqətən də ehtiyac var. 2 sentyabrda, qondarma rejimin yaradıldığı günün ildönümündə Paşinyanın səsləndirdiyi bəyanatlar, qondarma rejimin mövcudluğu ilə bağlı cəfəng iddiaları bunu deməyə əsas verir ki, Ermənistan yenidən sülh prosesindən uzaqlaşır. Avropa İttifaqının mövqeyi isə uzlaşdırmağa hesablanıb. Maraqlıdır ki, həmin gün İtaliyanın “La Repubblica” qəzetinə açıqlama verən Paşinyan Rusiya sülhməramlılarının da 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla götürdüyü öhdəlikləri, həmçinin Rusiyanın KTMT üzvü olaraq Ermənistan qarşısında öhdəliklərini yetirmədiyini vurğulayaraq, Rusiya ilə Ermənistan arasında münasibətlərdə də dərin bir çat yaradıb. Maraqlıdır ki, bütün bu proseslər 4 sentyabrda baş tutan Putin-Ərdoğan görüşü ərəfəsində baş verir. Belə bir əhəmiyyətli görüş ərəfəsində regional nizama zərbə vuran Ermənistanın aqibəti heç parlaq görünmür. Odur ki, Avropa İttifaqının bəyanatı da hazırkı vəziyyətdə Ermənistanı doğru yola yönəltmək məqsədi daşıyır”.

 

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR