İnsanlara hürriyət, millətlərə istiqlal!

Avazada tarixi Türk zirvəsi – Əliyev-Ərdoğan-Berdıməhəmmədov sammitindən əsas gözləntilər

1059 14.12.2022 19:30 Analitika A A

Dünən Türkmənistanda –Xəzər dənizi sahilindəki Avaza turizm mərkəzində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin ilk zirvə görüşü keçirilib.  Üçlü zirvədən əvvəl Türkiyə-Türkmənistan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Türkiyə prezidentlərinin təkbətək görüşləri baş tutub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2008-ci il noyabrın 29-da Türkmənbaşıda, 2014-cü il iyunun 6-da Bodrumda müxtəlif regional tədbirlər çərçivəsində üçtərəfli görüşləri keçirilib. İlk sırf üçlü zirvənin 2012-ci ildə keçirilməsi barədə razılaşma olsa da, indiyədək baş tutmamışdı.

Qeyd edək ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər son illərdə böyük sürətlə inkişaf edir. Bu ilin martında Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin isə iyunda Aşqabada səfərləri reallaşıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında həyata keçirilən dünənki səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçirilib. Prezidentlərin növbəti - ikinci Zirvə Görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

Azərbaycan Prezidenti üçlü görüş zamanı bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır: “Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”.

Prezident bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.

Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik”.

Azərbaycan Prezidentinin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq: “Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.

Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub”.

Prezident qeyd edib ki, Vətən Müharibəsi nəticəsində  Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı: “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan isə bildirib ki, ölkəsi Türkmənistan və Azərbaycandan elektrik enerjisinin idxalı üzərində işləməyə hazırdır. O, qeyd edib ki, tərəflər Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıdır. Ərdoğan, həmçinin, üç ölkə ərazisindən keçən Orta Dəhlizin də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu dəhlizin önəmli bir hissəsini Bakı-Tiflis-Qars dəmir yolu ilə tamamladıq. Biz sərhəd keçidləri və gömrük prosedurlarını asanlaşdırmalıyıq. Hər üç ölkənin yük daşıyıcıları üçün rüsumların aradan qaldırılması və ya qiymət endirimlərinin edilməsi ticarət dövriyyəmizi artıracaq”.

Zirvə görüşündən sonra  Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Bunlar Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı, “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”,  “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”dur.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 377,25 milyon ABŞ dolları olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 105,03 milyon ABŞ dolları olmuşdu.

Hazırda Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın (2 ədəd RoRo, 5 ədəd tanker və 3 quru yük gəmiləri) gəmi fəaliyyət göstərir. Daşımaları stimullaşdırmaq məqsədilə Türkmənistan bayrağı altında üzən gəmilərə münasibətdə liman yığımlarına Bakı Limanı tərəfindən birtərəfli qaydada güzəşt tətbiq edilib. Eyni zamanda, Bakı gəmiqayırma zavodunda Türkmənistan şirkətinə məxsus “NT Flagman” üçayaqlı üzən qurğunun (Lift Boat) gövdə bloklarının və ayaqlarının birləşdirilməsi, eləcə də hərəkətverici sistemləri və yükqaldırma kranlarının əsaslı təmir olunması işləri müvəffəqiyyətlə tamamlanaraq sifarişçiyə təhvil verilib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib ki,  energetika üç ölkə arasında əməkdaşlığın vacib hissəsidir: “Azərbaycan təbii qazını Cənubi Qaz Dəhlizi və TANAP vasitəsi ilə Avropaya nəql edirik. Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupu yaratmaq qərarını verdik. Bu gün enerji sahəsində əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da lazımi çərçivəni yaradır”.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Türk Dövlətləri Şurasının yaradılması, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir: “Bu kontekstdən bugünkü sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur”.

Millət vəkilinin fikrincə, Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər: “Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir.

1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir”.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzininb rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Vətən Müharibəsindən sonra Türk dövlətləri arasında inteqrasiya prosesi ciddi şəkildə sürətlənib: “Lakin təəssüflər olsun ki, Türkmənistan bu prosesdən bir qədər kənarda qalıb, neytral siyasi statusuna görə. Bu zirvə görüşü Türkmənistanın aktivləşdirilməsi, inteqrasiya prosesinə cəlb olunmasına xidmət edir. Digər bir mühüm məsələ türkmən qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasıdır. Türkiyə Prezidenti bu məsələdə çox maraqlıdır, ölkəsinin qaz habına çevrilməsi ideyasını reallaşdırmağa çalışır. Rusiya türkmən qazının Azərbaycan və Türkmənistan üzərindən nəqlinə qarşıdır, xüsusilə də Xəzərin dibi ilə kəmər çəkilməsinə yol vermək istəmir. Lakin bunun yolunu tapmaq olar. Azərbaycanla-Türkmənistanın “Dostluq” yatağını birgə işləmək, onun qazını Azərbaycan üzərindən dünya bazarına çıxarılması barədə razılığa gəliblər. Bu yataqda işlər başlanıb, irəli aparılarsa, oradan Azərbaycana kəmər çəkilməsinə gətirib çıxarar. Sonrakı mərhələdə Türkmənistandan həmin yatağa kəmər çəkməklə problemi həll etmək mümkündür. Lakin düşünmürəm ki, bu istiqamətdə bir görüşdə ciddi qərarlar qəbul olunsun. Bu görüşdə təkliflər Türkmənistana çatdırılıb, sonrakı mərhələdə proseslərin inkişafı Avropanın fəallığından da asılı olacaq. Hər bir halda, üç ölkə arasında inteqrasiyanın dərinləşməsi Azərbaycanın xeyrinə olan prosesdir və davam etməlidir”.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR