Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Türkiyənin Ankara Universitetində olub.
İkitərəfli əməkdaşlıq çərçivəsində gerçəkləşən səfər zamanı ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarla görüşüb.
Universitetlər arasında əlaqələrin uğurlu inkişafına həsr olunan görüşdə tərəflər beynəlxalq stomatologiyanın aktual problemləri ətrafında fikir mübadiləsi aparıblar. Söhbət zamanı qlobal miqyasda bu sahədə tətbiq edilən ən son tibbi texnologiyalar, elmi yeniliklər və beynəlxalq tədris standartlarından bəhs olunub. ATU-nun nümayəndələri, həmçinin Ankara Universitetinin Diş həkimliyi fakültəsindəki elmi-pedaqoji fəaliyyətlə də tanış olublar.
Görüşdən sonra ATU əməkdaşları fakültənin klinik bazası, elmi-tədqiqat infrastrukturu və tədris prosesini yaxından nəzərdən keçiriblər.
Qeyd edək ki, hər iki ali təhsil ocağı arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsini tənzimləyən bir neçə mühüm saziş və memorandum mövcuddur. Bu çərçivədə gerçəkləşən növbəti səfər ATU ilə Ankara Universiteti arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə xidmət edir./AZƏRTAC






