İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA İrəvanda toplaşır - Azərbaycana qarşı hazırlıq

947 15.11.2023 11:55 Siyasət A A

Paşinyan komandası sessiyanın Ermənistanda keçirilməsini uğur kimi təbliğ edir, erməni müxalifəti anti-Rusiya mövqeyinə yuvarlanmış iqtidara Avropanın “lütf nümayişi” sayır

Noyabrın 18-20-də İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. “Yeni Müsavat” qeyd edir ki, toplantı Səmərqənddə keçirilməli idi, lakin 2023-cü ilin fevralında Özbəkistan hökuməti bundan imtina etdi. Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyanın isə sessiyanın İrəvana köçürülməsi təklifi qəbul edildi. Ermənistan Milli Assambleyasının məlumatına görə, 50-yə yaxın ölkədən 300 nümayəndə gələcək. Ermənistan hökuməti payız sessiyası üçün 120 milyon dram (təxminən 300 min dollar) ayırıb.

Paşinyan hakimiyyəti bu qərarın verilməsini Ermənistanın ciddi uğuru kimi təbliğ etməyə çalışsa da, əksəriyyət heç də belə düşünmür. Erməni mediası yazır ki, ATƏT Parlament Assambleyası təmsilçi bir qurumdur, qərarlarının əhəmiyyəti azdır. Praktik baxımdan heç nəyi həll etmir. Erməni müxalifəti isə iddia edir ki, tədbirin İrəvanda keçirilməsi qərarı anti-Rusiya mövqeyinə yuvarlanmış Paşinyan hakimiyyətinə Avropanın “mükafat və lütf nümayişidir”.

“Təbii ki, İrəvanda sessiya Nikol Paşinyanın xarici siyasətdəki kəskin dəyişikliyinin mükafatıdır. Ukrayna hadisələri fonunda Paşinyanın getdikcə artan qərbpərəst siyasəti, sülh danışıqlar üçün Amerika və Avropa platformalarına üstünlük verməsi, Zəngəzur dəhlizinə nəzarəti Rusiya Federasiyasına verməkdən imtinasının müqabilində İrəvana jest edilib. Ermənistana 57 dövlətin nümayəndəsi uçacaq. Beynəlxalq siyasi həyatın kənarında olan bir ölkə üçün bu, böyük hadisədir və Nikola böyük dəstəkdir”, - deyə erməni mediasında gedən yazıların birində deyilir. Sessiyada demokratiya, insan hüquqları və humanitar, siyasi və təhlükəsizlik məsələləri müzakirə ediləcək. Aydındır ki, Ermənistan nümayəndə heyəti bu tribunadan yenə də Azərbaycan əleyhinə istifadə etməyə çalışacaq. Onu da deyək ki, ATƏT PA prezidenti xanım Pia Kauman noyabrın 12-də Azərbaycana gəlib. Kauma Azərbaycandan Gürcüstana gedəcək və orada ölkə prezidenti Salome Zurabişvili, parlamentin spikeri, bir neçə nazir, ölkənin ATƏT-dəki nümayəndə heyəti, hökumət və müxalifət partiyalarının nümayəndələrilə görüşəcək. O, Ermənistanda baş nazir Nikol Paşinyan, parlamentin spikeri və xarici işlər naziri ilə də görüşəcək. Kaumanın Qarabağdan könüllü köçmüş ermənilərlə də görüşü planlaşdırılır. Sonra o, noyabrın 18-20-də ATƏT PA-nın İrəvanda Baş Assambleyasına sədrlik edəcək.

Prezident İlham Əliyev isə noyabrın 13-də Pia Kaumanı qəbul edib. Dövlət başçısı vurğulayıb ki, artıq bu məsələlər keçmişdə qalıb. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. İ.Əliyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Prezident bildirib ki, Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb. Görüşdə qeyd olunub ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.

Beləliklə, ATƏT PA Ermənistanın mühüm anti-Azərbaycan tribunası, ermənipərəstlik alətidir. Qurum özünün payız sessiyasını Ermənistanda keçirmək qərarı ilə beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaza yönəltmək məqsədi güdür. Məqsəd diqqəti bilavasitə Ermənistan ətrafında cəmləşdirməkdir. Ölkənin məzlum obrazını canlandırmaq başlıca xətti təşkil edir. Guya ölkə Cənubi Qafqazda demokratiya qalasıdır və əgər dünya həmrəylik göstərməsə, bu qala yad qüvvələr tərəfindən dağıdılacaq. ATƏT PA-nın İrəvanda sessiya keçirmək məntiqi eyni zamanda Ermənistanın anti-Rusiya siyasətinin təzahür formasıdır. Şübhəsiz ki, qurumun payız gündəliyində Bakı ilə yanaşı Moskva da təhlükə mənbəyi kimi göstəriləcək. Faktiki olaraq İrəvan özünün açıq tekstlə Rusiya əleyhinə söyləməyə cəsarət etmədiklərini ATƏT-in deputatlarının dili ilə gündəmə gətirəcək. Tam mümkündür ki, orada Azərbaycan əleyhinə qətnamə də qəbul edilsin. Axı dünya Ermənistana qətnamə dəstəyini əsirgəmir. Ola bilər, indidən sənədi yazıb hazır saxlayıblar da. ATƏT PA-dan, ümumən ATƏT-dən nə desən gözləmək olar.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqladı ki, bu sessiyanın harada keçirilməsindən asılı olmayaraq, Azərbaycan əleyhinə qərar qəbul ediləcəyini gözləmir. Partiya sədri qeyd etdi ki, Azərbaycan da ATƏT PA-da təmsil olunur: “Hətta bu yaxınlarda qurumun xanım rəhbəri Bakıda oldu, bizimlə də görüşlər keçirdi. Düşünürəm ki, Ermənistan tədbiri anti-Azərbaycan tribunasına çevirə bilməyəcək. Paşinyan komandası tədbirlərin İrəvanda keçirilməsini uğur kimi təqdim edə bilər, amma növbəti tədbirlərdən biridir, xüsusi əhəmiyyət kəsb etmir”. AMİP sədri bildirdi ki, orada əleyhimizə çıxışlara cəhd olunacağı istisna deyil: “Amma hansısa qətnamə qəbul edilməsini gözləmirəm. Azərbaycan nümayəndə heyəti orada iştirak etməyəcək, bunu da nəzərə almaq lazımdır. Sadəcə, bu addımlar Paşinyan administrasiyasının qərbyönümlü siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ona görə də erməni müxalifəti dərk edir ki, bu tədbirlər Rusiyaya qarşı açılan platformalardır. Qərb təsisatlarının Ermənistana ayaq açması, avropalı rəsmilərin İrəvana intensiv səfərləri bunu deməyə əsas verir”.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev isə xatırladır ki, Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kaumanı qəbul edərkən mühüm məsələni onun nəzərinə çatdırıb: “Dövlət başçısı dedi ki, Azərbaycan birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb. Yəni İrəvanda keçiriləcək sessiyada bu məsələni müzakirə etməyə başlasalar, xanım Kauman özü Bakının rəyini orada yada salmalıdır. Ermənistan Qarabağ ermənilərinin qayıdışı məsələsini iclasda müzakirəyə çıxarmağa cəhd edə bilər, amma ATƏT-in parlament iclasında bu barədə danışılması heç nəyi həll etmir. Sadəcə, İrəvan göstərir ki, Bişkekə getmir, MDB və KTMT tədbirlərinə qoşulmur, amma Paris Sülh Konfransında iştirak edir, Ukrayna konfransına qoşulur, ATƏT PA-nın İrəvanda iclaslarının keçirilməsini istəyir... Bütün bu addımları guya Kremlə görk üçün edir. Amma Paşinyan başına gələcəkləri təsəvvür belə etmir və hələ də Makrona, Baydenə güvənir. Onlara güvənənlərin yaşadıqları isə göz qabağındadır - Ukrayna alov içində, Saakaşvili zəlil günündə...”

Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan deyib ki, Azərbaycan, Türkiyə  və Rusiya nümayəndələri İrəvandakı toplantında iştiraklarını təsdiqləməyiblər.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR