İnsanlara hürriyət, millətlərə istiqlal!

Atasının etirazına baxmayaraq evdən qaçdı, illərlə küçədə yatdı-Bu gün isə İranın qəhrəmanıdır

4572 22.06.2026 02:51 İdman A A

2026-cı il Dünya Çempionatında Belçika ilə qarşılaşmanın ən yaxşı futbolçusu seçilən İran millisinin qapıçısı Əlirza Beyranvandın həyat hekayəsi futbol dünyasının ən təsirli uğur hekayələrindən biri hesab olunur.

Musavat.com xəbər verir ki, İran millisinin əsas qapıçısı olan Beyranvand bu gün milyonlarla azarkeşin alqışladığı ulduzlardan biri olsa da, onun zirvəyə gedən yolu son dərəcə çətin və keşməkeşli olub.

Belə ki, Əlirza Beyranvand İranın qərbində qoyunçuluqla məşğul olan köçəri ailədə dünyaya gəlib. Uşaqlıq illəri səhralarda, çadırlarda və ağır həyat şəraitində keçib. Futbola böyük maraq göstərən Beyranvandın arzusu peşəkar futbolçu olmaq idi. Lakin atası onun bu istəyini dəstəkləmir, ailə təsərrüfatı ilə məşğul olmasını istəyirdi. Bütün çətinliklərə baxmayaraq, gənc Əlirza arzusundan vaz keçmədi. Yeniyetmə yaşlarında ailəsini tərk edərək Tehrana yollandı. Paytaxtda onu isə daha ağır sınaqlar gözləyirdi. Maddi imkansızlıq səbəbindən qalmağa yeri olmayan Beyranvand uzun müddət küçələrdə yaşayıb. O, bəzən məşq bazalarının qapıları yanında gecələyib, bəzən isə pizzaxanalarda və ibadət otaqlarında sığınacaq tapıb. Yaşamaq üçün müxtəlif işlərdə çalışıb, eyni zamanda futbol məşqlərini davam etdirib. Məhz bu əzmkarlıq onun həyatını dəyişdi. Yerli klublarda özünü göstərən qapıçı qısa müddətdə İran futbolunun diqqət mərkəzinə çevrildi. Sonradan milli komandaya qədər yüksələn Beyranvand ölkəsinin ən tanınmış futbolçularından biri oldu.

Bu gün Dünya Çempionatında Belçika kimi güclü rəqibə qarşı göstərdiyi möhtəşəm performans sayəsində matçın ən yaxşı oyunçusu seçilən qapıçı milyonlarla insan üçün nümunəyə çevrilib.

Əlirza Beyranvandın hekayəsi bir daha sübut edir ki, uğur yalnız istedadın deyil, həm də əzmkarlığın, iradənin və öz arzularına sadiq qalmağın nəticəsidir. Vaxtilə küçələrdə gecələyən gənc bu gün Dünya Çempionatının səhnəsində ölkəsinin qəhrəmanı kimi alqışlanır.
Qeyd edək ki, Belçika-İran oyunu qolsuz heç-heçə ilə başa çatıb.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR