İnsanlara hürriyət, millətlərə istiqlal!

Atası şəhid olan, anası qətlə yetirilən körpə...

1216 16.05.2023 11:33 Kriminal A A

Şəhid əmanətinə xəyanətdə cəmiyyətin payı

Mayın 13-də Xızı rayonunun Giləzi qəsəbəsində faciəvi hadisə baş verib. 1984-cü il təvəllüdlü Taleh Qurbanov qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürüb. Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub. Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Saleh Qurbanov Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Beləcə, şəhidin yadigarı olan körpə qətl nəticəsində və heç bir il keçməmiş həm də anasız qalıb. Bu olay cəmiyyətdə ciddi rezonans doğurub.

“Dünən dəhşətli xəbəri eşidəndən hələ də anlamaqda çətinlik çəkirəm. İnsan övladı öz doğmasının əmanətinə necə qıya bilər ki? Axı bu başsız qalmış, ömrü, həyatı puç olmuş qadınlar ilk növbədə ailə üzvlərinə, sonra cəmiyyətə, Vətənə, dövlətə əmanətdirlər. Şəhid adı müqəddəs dəyər daşıyır. Heç bir sərvətlə, maddiyyatla itirdiyimiz qəhrəmanları əvəz edə bilmərik. Lakin şəhidin əmanətini şəfqət, qayğı ilə əhatə edə bilərdik”.

Raquf Orucovun xanımına vəzifə verildi -

Bu barədə şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, mayın 13-də bir şəhid xanımı vəhşicəsinə, ailə üzvlərinin gözü qarşısında, köməksiz vəziyyətdə boğularaq öldürülüb: “Bu qəddar cinayət hamımıza qarşı baş verib. Şəhidin körpə övladını heç düşünürükmü? O, böyüdükcə bu faciənin təsirindən necə əzab çəkəcək? Böyük acı və təəssüf hissi bizi bürüyüb. Bu cinayət cəzasız qalmamalı, kimliyindən asılı olmayaraq, bir şəhid xanımına, anaya, qadına qarşı baş verən bu dəhşətə görə cavab verməlidir”.

Sevinc Alızadə həmçinin bildirib ki, cəmiyyətimizdə bəziləri qadın cinayətlərində “mentalitet” axtarışına çıxır: “Lakin bu, sadəcə, bilmədən, tanımadan günahkar axtarmağın ən asan yoludur. Heç bir səhv bir insanı yaşamaq hüququndan məhrum edəcək səviyyədə cəzalandırmağa haqq vermir. Cəmiyyətdə şəfqət, mərhəmət hissi yerini qəddarlığa, zorakılığa, şiddətə təslim edir. Biz heç nə edə bilmirik və ya gecikirik”.

Humay Axundzadə

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, ölkəmizdə bu növ zorakılığın qarşısını almaq üçün müvafiq qanunverici baza mövcuddur. Ekspert bildirdi ki, sorğuların nəticələrinə görə, Azərbaycan insanı ailədaxili şiddət mövzusuna daha həssas yanaşmağa başlayıb: “Daha gənc nəsil ailədaxili zorakılığı qəbuledilməz sayır, nəinki  yaşlı nəsil. Yaşı 25-ə qədər olan respondentlərin 34%-i  yolverilməz hesab edirsə, yaşı 55-dən çox olanların cəmi 1/5-i belə hesab edir. Demək olar ki, əksər hallarda şiddətli zorakılıq hallarının ictimai müzakirəsindən, həyəcanlı söhbətlərdən sonra cinayəti törətmiş şəxsin sonrakı cəzası haqqında heç bir məlumat verilmir. İnsanlarda belə bir təəssürat formalaşır ki, sanki cinayətkar cəzadan yayınır. İctimaiyyətə cinayətin yolverilməzliyi fikrini aşılamaq üçün cinayətkarların cəzası və s. işıqlandırılmalıdır”.

Ekspert gender amilinə diqqət çəkərək qeyd etdi ki, dünya üzrə ailə zorakılığında qadınlar daha çox zərər çəkir. O qeyd etdi ki, bu növ cinayətlərin qarşısını almaq üçün beynəlxalq təcrübədə müvafiq metodlar var ki, onların tətbiq olunması önəmlidir: “Hər hansı qətldən öncə hədə-qorxu halları olur. Bu baxımdan qadın sığınacaqlarının artırılması, fəaliyyətinin daha effektiv təşkil olunması önəmlidir. Bu halda cinayətlərin sayını müəyyən dərəcədə azaltmaq olar”.

resul mirhesim.jpg (174 KB)

Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda şəhidlərə və onların ailələrində cəmiyyətin münasibəti geniş miqyasda müsbətdir. Onun sözlərinə görə, cəmiyyətin fərdləri dərk edir ki, xalqımız bu oğulların qəhrəmanlığı, Vətən torpaqları uğrunda canlarını fəda edənlərin sayəsində 30 il işğalda qalan torpaqlarımız azad edilib: “Şəhid ailəsinə qarşı baş verən bu cinayəti də cəmiyyət qınayır və hiddətini nümayiş etdirir. Bir insan cinayət törətməyə meylli oldusa, onun gözünə şəhid əmanəti, şəhid xanımının dəyəri görünməz. Bu cinayəti törədən şəxs də müqəddəs dəyərləri tapdayıb. Heç bir halda insanın qətlə yetirilməsinə bəraət qazandırmaq mümkün deyil. Dinimizin bəyanına görə, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Ümid edirəm ki, məhkəmə orqanları bu cinayəti törədən şəxsə qarşı ən ağır cəzanı verməklə ədalətli qərar çıxaracaq. Şəhid ailələrinə sahib çıxmaq dövlətin vəzifəsi, cəmiyyətin fərdlərinin isə mənəvi borcudur. Cinayət Məcəlləsində bu cür hallarla bağlı ağırlaşdırıcı maddələr olsaydı belə, bu cinayətin baş verməyəcəyini söyləmək çətindir. Bu cinayəti törətmiş insanın psixoloji durumu, qəddarlığı, qadını qətlə yetirməsinın qarşısını hansı ağırlaşdırıcı maddə ilə almaq mümkün ola bilərdi? Bunu söyləmək çox çətin olar. Eyni zamanda qeyd etmək lazımdır ki, cinayətə meyl edən insanlar təəssüf ki, cəmiyyətimizdə hələ də var. Bu adamlar üçün isə şəhid əmanəti, onun ailəsinin dəyərini anlatmaq da çətin olur.

Allah qatında ən uca məqama layiq görülən şəhidlərimizin ailə fərdlərinə dəyər vermək, onları qorumaq cəmiyyətin borcudur. Bu dəyəri cəmiyyətin hər bir fərdi öz üzərində məsuliyyət olaraq düşünməli, onun həyatda tətbiqi üçün əlindən gələni etməlidir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR