İnsanlara hürriyət, millətlərə istiqlal!

Atabəy Eldənizin arxasındakı böyük güc O QADIN İDİ: Naxçıvandakı məqbərədə yatan sirr

1298 18.07.2024 17:01 Yazarlar A A

Atabəy Eldənizin arxasındakı ən böyük güc, şübhəsiz, onun həyat yoldaşı Möminə xatun idi. Möminə xatun sarayda və dövlət idarəçiliyində oynadığı yüksək roluna görə dövrünün qadın sultanı hesab edilir.

Möminə xatun Böyük Səlcuq sultanlığının bir parçası olan İraq səlcuqlarının sultanı II Toğrulun arvadı idi. Bu izdivacdan onun Arslan adlı oğlu dünya gəlir. II Toğrul iki il hakimiyyətdə olduqdan sonra 1134-cü ildə 25 yaşında vəfat edir. Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və o, vəzifə pillələrində sürətlə irəli getdi. Sultanın bütün ömrü boyu məsləhətçisinə çevrilən qadını Mömünə xatun ona xüsusi iltifat göstərirdi.. Sultan Eldənizin sadiqliyini qiymətləndirdi və onu əmir rütbəsinədək qaldırdı. Bir qədər keçməmiş sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi.

Yeni sultan Məsudun qərarı ilə Eldəniz Möminə xatunla evlənir və şahzadə Arslanın atabəyi olur.

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü . Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi.

Möminə xatun - Atabəylər dövlərinin... - Kitabsevər uşaqlar | Facebook

Bu hadisə ilə Azərbaycan Atabəylər dövlətinin əsası qoyulmuş oldu. Tezliklə Eldəniz bütün Azərbaycanı öz hakimiyyəti altına aldı və Şərqin ən qüdrətli hökmdarlarından birinə çevrilərək xəlifədən “Şəms əd-din və əd-dövlə” titulu aldı. O zaman Naxçıvan Atabəylər dövlətinin paytaxtlarından biri idi.

Möminə xatunun atabəylə izdivacından Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan adlı iki oğlu, eləcə də adı bizə məlum olmayan bir qızı oldu. 1160-cı ildə Şəmsəddin Eldəniz oğulluğu Arslan şahı İraq Səlcuq sultanlığının taxtına çıxardı və dövləti onun adından idarə etdi.

Möminə xatun bütün bu mürəkkəb siyasi proseslərdə öz ərinin ən yaxın məsləhətçisi idi. O, oğlu Arslan şah ilə əri Eldəniz arasında münasibətlərin rəvan davam etməsində böyük rol oynayırdı. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" əsərində yazırdı: “Möminə xatun xalq arasında böyük hörmətə malik idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi”.

Möminə xanım güclü diplomatik bacarığa sahib idi, siyasi hadisələrə istiqamət verib, siyasi ixtilaflara anında müdaxilə edərək yoluna qoya bilirdi.

Salnaməçi Sədrəddin əl-Hüseyni dövlətdə sultanın asılı vəziyyətini, atabəy Eldənizin tam hökmranlığını və sultanın anası Möminə xatının mövqeyini aydın təsvir etmişdir. O yazır ki, "Sultan Arslan yalnız formada, Eldəniz isə həqiqətdə hakim idi. Atabəy əmrlər verir, torpaqları iqta kimi paylayır, xəzinələri özü istədiyi kimi ölkənin hər hansı bir yerinə köçürərək, onların ixtiyarını əlində saxlayırdı. Sultan isə bu barədə onunla ixtilafa girə bilmirdi və bəzən onun sinəsi atabəy Eldənizin idarə işlərindəki mütləqiyyətindən, əmrlər verməsindən, istədiyi adama iqta paylamasından sıxılırdı. Sultan bu barədə danışanda, onun anası Mömünə xatun (o, Eldənizin qadını, həm də onun iki oğlu - Nüsrəddin Pəhləvanla Müzəffərəddin Qızıl Arslanın anası idi) belə cavab verdi: "Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altına qoymuş və dönə-dönə ağır döyüşlərə atılmışdı.

Bundan başqa o, özünün ən qiymətli xeyirxahlığını əsirgəməmiş, səni sultan taxtına çıxaranadək özünün çoxlu qulam və silahdaşlarını ölümə göndərmişdi. Səlcuqilərin içərisində səndən böyükləri nə qədər var, ancaq həbslərdə yatırlar və həyatları sıxıntılı keçir. Onlar öz yerlərindən tərpənə bilsəydilər, qəsdləri yüksək olardı. Ancaq onlar bacarmırlar! Sən isə sultan taxtındasan, o da, onun iki oğlu da sənə qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün gəlirlər, sən və sənin könlün isə bütün bunlardan azaddır! Atabəy hər nə edirsə - bağışlayır və ya geri alır - bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi, sənin hakimiyyətinin daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O ki sənin məmlükündür! O, öz anamdan bunları eşitdikcə susurdu"

Mömünə Xatun türbəsi - Ziyarət yeri | Kataloq GoMap.Az

Onu da demək lazımdır ki, Möminə xatun həyatını ancaq sarayda keçirməyib. Bir çox hərbi səfərlərdə iştirak edib. Qaynaqlar Möminə xatunun at minməkdə, qılınc tutmaqda kifayət qədər mahir olmasından bəhs edirlər.
Səlcuq sultanının anası və Azərbaycan atabəyinin arvadı Möminə xatun 1175-ci il oktyabrın əvvəllərində Naxçıvanda vəfat edir. Bu ölüm Eldənizi çox sarsıdır. Xalq arasında da sevilən arvadının xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində türbə tikilməsinə fərman verir. O, bu işi naxçıvanlı memar Əcəmiyə tapşırır. Türbənin tikintisi bir neçə il sonra, atabəy Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti zamanı başa çatdı.

25 metr hündürlükdə olan onbucaqlı türbə böyük Atabəylər kompleksinə daxil idi. Bu kompleksin tərkibində Divanxana, Cümə məscidi, giriş tağı , mədrəsə və digər tikililər vardı. Təəssüf ki, onlar dövrümüzə qədər gəlib çatmayıb.

Böyük xatun sultan arvadı, sultan anası Möminə xatun Azərbaycan tarixinin ölməz şəxsiyyətlərindəndir.

Məqalə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadın təşəbbüsləri: tarixi irs” adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Məqalədəki fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR