İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA qazdığı quyuya özü düşdü - bundan sonra nə olacaq?

6831 26.01.2024 10:48 Siyasət A A

Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq etməyən heç bir qurum uğur qazana bilməz - AŞ PA və digər təşkilatlar anlamalıdır ki...

Azərbaycanın AŞ PA-dakı  nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib və AŞ PA ilə əməkdaşlığı, təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib. 

Bəyanatda belə bir addımın atılmasının səbəbləri arqumentlərlə əsaslandırılıb:  “Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə, regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞ PA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞ PA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞ PA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir. Təəssüf ki, AŞ PA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞ PA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞ PA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Biz Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geridönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞ PA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞ PA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞ PA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”.

Bəyanat açıqlanandan sonra nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib ki, normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq: “Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlərlə Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil.

Nümayəndə heyəti AŞ PA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoyulmasa, bu, mümkün olmayacaq.

Bizim addımımız hesab edirik ki, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır". 

“Report”un Fransa bürosunun xəbərinə görə, Türkiyənin AŞ PA-da nümayəndə heyətinin üzvü Zeynep Yıldız isə qurumun qış sessiyası zamanı bildirib ki, Azərbaycanın AŞ PA-da olması bu qurumun güclü tərəfidir. AŞ PA Azərbaycansız natamam bir qurum olacaq. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞ PA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var".

Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qərarın müzakirəsi zamanı Azərbaycan dilində “Yaşasın Azərbaycan” şüarı səsləndirib.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsini nəzərdə tutan qərarın səsə qoyulmasından öncə çıxış edən Qonçarenko Assambleya üzvlərini doğru qərar qəbul etməyə çağırıb. “Avropalı Mühafizəkarlar” adından çıxış edən Qonçarenko sözügedən təşəbbüsün Strasburqun xeyrinə olmadığını vurğulayıb. Ukraynalı deputat belə bir qərarın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla sülh sazişi istiqamətində atılan addımlara mənfi təsir edə biləcəyini vurğulayıb.

Bu cür çağırışlara baxmayaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ 1 il müddətinə alınıb. Sənəd müəllifləri bildiriblər ki, bu, Azərbaycanın Avropa Şurasından çıxarılması demək deyil. 

Azərbaycan cəmiyyəti və müxalifət düşərgəsi isə AŞ PA-nın qərarından hiddətlənib və nümayəndə heyətinin qərarını dəstəkləyir. 

Pənah Hüseyn: "Pensiya üçün sənədlərimi nazirliyə təqdim edəcəm" -  GlobalInfo.az

 Pənah Hüseyn

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn Azərbaycan nümayəndə heyətinin addımını dəstəkləyən bəyanatla çıxış edib. Pənah Hüseyn hesab edir ki, Azərbaycan nümayəndə heyətinin dözülməz mühit səbəbindən AŞ PA ilə əməkdaşlığı dayandırması və binadan ayrılması doğru addımdır. 

Professor Musa Qasımlı: Azərbaycan dövlət suverenliyini bütün ərazilərində  qurdu - AZƏRTAC

 Musa Qasımlı 

Milli Məclisin deputatı Musa Qasımlı isə bildirdi ki, qurularkən elan etdiyi dəyərlərini indi gözdən düşürmüş AŞ PA-da Azərbaycana düşmən münasibətin  bir sıra səbəbləri var: “Orada belə hesab edirlər ki, Azərbaycanın işğalçı Ermənistanı məğlub edərək ərazilərini azad etməsi, dövlət suverenliyini tam bərqərar etməsi təkcə Ermənistanın deyil, onların da məğlubiyyəti, yüzilliklər ərzində yürütdükləri siyasətin iflasa uğradılması, müsəlman ölkəsi olan Azərbaycanın Qərbdəki islamofobiya üzərində parlaq qələbəsidir, müsəlman xalqların yenidən oyanışıdır. Azərbaycanın güclü və müstəqil dövlət olmasını qəbul edə bilmirlər, Azərbaycanın onların yersiz iddialarını və hökm dili danışmaq cəhdlərini sol əlinin arxası ilə geri çevirməsini ayaqlar altına atılmaları kimi qiymətləndirirlər, Azərbaycanın qonşu dövlətlərlə, xüsusən Rusiya və İranla mehriban münasibətlər saxlamasını istəmirlər, "parçala, hökm sür" siyasəti yürütməyə çalışırlar".

Deputat hesab edir ki, Azərbaycan nümayəndə heyətinin AŞ PA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasından ən çox ziyan bu təşkilata dəyəcək: "Çünki dövlətin suverenliyi təşkilatın səlahiyyətlərindən üstündür,  dövlətlər olmasa, təşkilat da olmaz, Azərbaycansız Avropanın niyyətlərini həyata keçirmək mümkün deyil, Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq etməyən heç bir ölkə niyyətinə çata bilməz. AŞ PA və digər təşkilatlar anlamalıdırlar ki, Azərbaycanla ancaq bərabərhüquqlu şəkildə danışmaq olar. Azərbaycan kimsəyə boyun əyən deyil.  AŞ PA-nın Azərbaycana daha çox ehtiyacı var. AŞ PA-nın Azərbaycan ictimai rəyindəki yeri sıfırdır. Nüfuzunu bərpa etmək üçün AŞ PA addımlar atmasa, Azərbaycanda həmişə arzuolunmaz olacaq".

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev isə bildirdi ki, AŞ PA-nın qərarı bu qurumun və onun ayrı-ayrı strukturlarının mahiyyətini açıb ortaya qoydu: "Fransa kimi dövlətlərin neoimperialist iddialarından əziyyət çəkən bir çox dünya xalqları artıq Avropa institutlarının əsl mahiyyətini görmüş oldular. AŞ PA-nın qərarı bizim üçün təəccüblü və gözlənilməz deyil. Amma eyni zamanda bu həm də son dövrlər Azərbaycanın ortaya qoyduğu qəti iradənin doğurduğu nəticələrdir. Çünki Azərbaycan artıq Vətən müharibəsi və ondan sonra keçən dövr ərzində heç bir dövlətin, heç bir gücün iradəsi ilə oturub-durmadığını ortaya qoyub. Bu, bir sıra güclər tərəfindən, xüsusilə də bölgədə maraqlar güdən paytaxtlar tərəfindən qısqanclıqla qarşılanır. AŞ PA-nın belə hikkəli, qərəzli qərar qəbul etməsi Azərbaycanın həmin güclərin bölgəmizlə bağlı maraqlarına vurduğu zərbənin bir inikasıdır. Belə addımlar Azərbaycanın nə qədər düzgün yolda olduğunu əks etdirir. Çünki Azərbaycan xalqının qanına əli batmış terrorçuları, Azərbaycanda dünyəvi idarəetmə quruluşunu dəyişməyə çalışan və buna görə həbs olunan radikal dini qruplaşmaların nümayəndələrini siyasi məhbus adlandıran təşkilat əslində mahiyyətini açıb ortaya qoymuş olur. Bu davranışlar Azərbaycan dövlətinin haqq yolunda mübarizəsini daha qətiyyətli, daha iradəli şəkildə davam etdirməsinə əlavə bir stimul olacaq. Cəmi 76 səs olmaqla, Fransa və Yunanıstan kimi dövlətlərin deputatları tərəfindən Azərbaycana qarşı qərar qəbul edilməsi əslində AŞ PA-nın hansı rəzil duruma düşdüyünü göstərir. Digər tərəfdən, bu qərar bu qurumun Fransa kimi dövlətlərin əlinin altında alət olduğunu göstərdi. BMT xətti ilə Azərbaycanın cəzalandırılmasına nail ola bilməyən öz əlaltısı olan AŞ PA-nın vasitəsilə guya öz ağıllarınca bizi cəzalandırmağa çalışdılar. Amma bütün bu cəhdlər əbəsdir. Onların bu addımları Azərbaycanın daha da qətiyyətli davranmağa üstünlük verməsi, bu bölgədə, Azərbaycanda Avropa Şurasının mövqelərinin heçə enməsi ilə nəticələnəcək. Yəni itirən tərəf Azərbaycan olmayacaq, Avropa Şurası olacaq”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR