İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-nın özünə hörmətsizliyi - icra olunmayan 2085 saylı qətnamə və ...

640 25.01.2024 11:21 Siyasət A A

Qurumdan çıxsaq, nəticə nə olar?; deputat: “Kimsədən qorxumuz yoxdur, nə Makrondan, nə də onun yedəklərindən, biz Avropa Şurasına lazım deyiliksə, o, bizə dünəndən lazım deyil”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı tam qərəzli bir mövqeyə keçid alıb. Düzdür, bu qurum zaman-zaman eybəcər qətnamələri, ölkəmizə qarşı ikili yanaşmaları ilə yadda qalıb. Siyasi məhbus, demokratiya, seçki məsələləri ilə bağlı riyakar, yalan rəqəmlərdən ibarət sənədlərinə, bəyanatlarına bir növ adət etmişik.  Bütün bunların fonunda AŞ PA çoxdan nüfuzunu tamamilə itirmiş bir quruma çevrilib. İndi isə qurum Azərbaycanın Konstitusiyasına, suverenliyinə, müstəqilliyinə, dövlət maraqlarına qarşı kurs seçib. 

Qarabağ işğalda olarkən Azərbaycan nümayəndə heyəti bütün həqiqətləri AŞ PA-nın diqqətinə əyani şəkildə çatdırmışdı. Hətta 2016-cı ildə  Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun qətnamə layihəsi uzun və gərgin mübarizə nəticəsində AŞ PA tərəfindən qəbul olunmuşdu. AŞ PA-nı fakt qarşısında qoyduqdan sonra Azərbaycan ərazilərinin işğal faktının rəsmən təsbit olunduğu 2085 saylı qətnamə qəbul edilmişdi. Həmin qətnaməyə görə Sərsəng su anbarının yaratdığı ekoloji fəlakət dərhal aradan qaldırılmalı və anbardan Azərbaycanın istifadəsi təmin edilməli idi. Lakin AŞ PA öz çıxardığı qətnaməyə hörmət etmədi, onu icra etməkdən boyun qaçırdı. Bu qətnaməni də Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra etdiyi kimi həyata keçirdi - 2023-cü ilin sentyabrında antiterror əməliyyatları ilə Sərsəng də xilas olundu! 

Bütün riyakarlıqlarına, Qarabağın işğal faktına kor olmuş qurum indi Azərbaycanın konstitusion davranışlarına, suverenliyini bərpa etməsinə qarşı çıxır. AŞ PA Qarabağdan könüllü olaraq köçüb getmiş ermənilərə görə faktiki olaraq saxtakar bir davranış sərgiləyir. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assambleyası da dəstək verməyə cəhd göstərir. 

AŞ PA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək mövqeyində dayanması ikiüzlü siyasət və Azərbaycanın Avropaya inteqrasiya siyasətinə pəl vurmaq cəhdidir. Şübhəsiz, Azərbaycan belə tərbiyəsiz davranışlara boyun əyəsi deyil və qərəzli, izaholunmaz davranışına görə AŞ PA-dan birdəfəlik çıxa da bilər. Artıq bu barədə Azərbaycan Milli Məclisinin üzvlərinin açıqlamaları da var. 

AŞ PA-dan çıxsaq, bu, hansı nəticə və effekti verə bilər? Azərbaycan hansı davranışı sərgiləməlidir? 

Siz nə oyun çıxardırsınız?!” — Elşən Musayev

 Elşən Musayev 

Milli Məclisin deputatı Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, indiki məqamda Avropa təsisatlarından hər şey gözləmək olar. Ələlxüsus da AŞ PA-dan. Çünki onlar hazırda qərarları xüsusi tapşırıqlar üzərindən verirlər və konkret tezislərlə işləyirlər. Elə təşkilat daxilində əsas böhran yaradan səbəb də budur: “Görün bu qurum haradan haraya gəldi, nə vəziyyətə düşdü, kimlərin əlində əsir-yesir oldu. AŞ PA hələ də anlamır ki, mərkəzi qərargahı Strasburqda yerləşməsinə baxmayaraq Fransa koloniyası deyil. Fərqində deyil ki, bir az ciddi olmalıdır, özünə, keçmiş ənənələrinə hörmət qoymalıdır, Makronun oyuncağına çevrilməməlidir. Əlbət ki, Azərbaycana qarşı atılmış addımlar, əleyhimizə verilmiş bütün absurd qərarlar birmənalı şəkildə riyakarlıq və nadanlıq nümunəsidir. Onlar hazırda ədalət axtarışında deyillər, onlar, sadəcə, hikkə və prinsiplərini realizə etmək çabasındadırlar. Fəqət, çifayda. Belə şeylər bizimlə keçməz. Azərbaycanın milli və dövlət maraqlarına toxunan istənilən addıma qarşı yerindəcə cavab veriləcək. Kimsədən də qorxumuz yoxdur. Nə Makrondan, nə də onun yedəklərindən. Biz Avropa Şurasına lazım deyiliksə, o, bizə dünəndən lazım deyil. Zatən artıq bu təşkilatın nimdaş divarlarından ədalətsizliyin, haqsızlığın, ikiüzlülüyün qoxusu gəlir. Oralar dözülməzdir. Zatən özlərini günbəgün ifşa, rüsvay, biabır edirlər. İnanın, hətta bu qurumu tərk etsək belə, Azərbaycan dəqiq heç nə itirməyəcəyik. Çünki belə təşkilatlar ancaq zəli, vampir rolunu oynayır, ancaq enerji alır, ancaq əsəblə oynayır”.

Deputat vurğuladı ki, hazırda AŞ PA-nın əsas prioriteti ədalət və azadlıq deyil, rəzalət və təzadlıqdır: “Əmin olun, dinamika bu şəkildə davam etsə, orada nəinki Azərbaycan, ümumiyyətlə, heç kim qalmayacaq. Hərdən bu tip suallar da verilir: Avropa Şurası bizə nə üçün lazımdır? Cavab sadədir: Ermənistanın və digər düşmənlərimizin bərqərar olduğu məkanda öz mövqeyimizi bildirmək, Azərbaycan reallıqlarını Avropa ailəsinin diqqətinə çatdırmaq və lazım gələndə müdafiə olunmaq üçün. Vəssalam! Yəni məsələ ədalət axtarmaq məsələsi deyil, meydan və platforma məsələsidir. Xüsusən də torpaqlarımız işğal altında olarkən bizim məlum platformaya həqiqətən çox ehtiyacımız olub. Ədalət faktorunun üzərindən isə ona görə məlum eyhamla keçirəm ki, Avropa Şurası, ümumiyyətlə, onun varlığından xəbərsizdir. Avropa Şurası artıq rəzil duruma düşübsə,  bizə və heç kimə hər hansı faydası da ola bilməz. Ona görə də oradan imtina etməklə  heç nə itirmərik”.

İran gözləntilərimizi doğrultmalıdır” – Elxan Şahinoğlu Yeni Sabah

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, AŞ PA-nın qərəzli mövqeyi yeni deyil. Bundan öncə də qəbul etdiyi sənəddə qərəzli olduğu ortada idi: “Nə qədər ki, Azərbaycan torpaqları işğal altında idi, Avropa qurumları bu mövzuya ciddi diqqət yetirmirdilər, elə ki, ordumuz ərazi bütövlüyümüzü və Qarabağ üzərində suverenliyimizi bərpa etdi, düşdülər üstümüzə. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assembleyası da "qoşulmaq" istəyir.  AŞ PA Azərbaycan Ordusunun 19 sentyabrda Qarabağda antiterror əməliyyatından təxminən 20 gün sonra hərəkətə keçmişdi. AŞ PA “Dağlıq Qarabağla” bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin geri qayıdışını  həvəsləndirməlidir. AŞ PA bundan başqa “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməlidir”, - deyə Azərbaycandan xahiş edirdi. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yaydı. Bəyanatda AŞ PA-nın Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığı göstərildi. Ermənilər öz istəkləri ilə Qarabağdan çıxıblarsa və geri qayıdıb Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, onları AŞ PA-nın “məntiqi” ilə desək, daha necə “həvəsləndirmək” olar? Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib. Yenə qayıtmaq istəmirlər. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri AŞ PA-nın sənədlərində qeyd edilməyib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yenidən Azərbaycan mövsuzuna “qayıdıblar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR