İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-da anti-Azərbaycan dinləmələri: bu dəfə təmsilçiliyi dayandırmaq çağırışı...

865 03.05.2023 13:23 Siyasət A A

Qurumun son sessiyası çərçivəsində üç komitənin birgə iştirakı ilə ölkəmizdə medianın vəziyyəti ilə bağlı tənqidlər səslənib; hüquq müdafiəçisi və Mətbuat Şurasından reaksiya

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) son sessiyası çərçivəsində Azərbaycanla bağlı dinləmələr olub. “Yeni Müsavat” qeyd edir ki, AŞ PA-nın üç komitəsi - Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi, Monitorinq Komitəsi və Mədəniyyət, Elm, Təhsil və Media Komitəsi tərəfindən dinləmələr keçirilib.

AŞ PA deputatlarının, Avropa Şurası və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda media azadlığının vəziyyəti, jurnalistlərin sərbəst və təhlükəsiz fəaliyyətinə dair müzakirələr olub. “Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Janna Kavelye iddia edib ki, “Azərbaycanda plüralizmə və tənqidi səslərə qarşı amansız müharibə davam etdiyi üçün jurnalistika ən təhlükəli peşələrdən birinə çevrilib”. “Sərhədsiz Reportyorlar” “Azərbaycanın davamlı olaraq Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməməsinə görə sərt addımlar atılmasına, o cümlədən Azərbaycanın qurumdakı təmsilçilik hüququnun dayandırılmasına çağırıb”.

Erkin Qədirli: “İblis”dən başlamadım” – Azlogos

Erkin Qədirli

Tədbirdə iştirak edən deputat Erkin Qədirli “Media haqqında” yeni qanunun “Azərbaycanın insan hüquqları ilə bağlı öhdəliklərinə, o cümlədən Azərbaycanın Konstitusiyasına zidd olduğunu” deyib. E.Qədirli Azərbaycanın təmsilçilik hüququnun dayandırılması çağırışları ilə razı olmadığını, hakimiyyətlə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə sabiq həmməruzəçisi Stefan Şenak Gununsesi.info-ya açıqlamasında cəzalandırılmanın çıxış yolu olmadığını vurğulayıb. S.Şenak bildirib ki, belə bir addım vəziyyəti dəyişməyəcək: “Azərbaycan hökuməti ilə dialoq davam etdirilməlidir. Biz burada deyildiyi kimi, Azərbaycandan olan heyətin səsvermə hüququnun dondurulmasına nail olsaq, o zaman heç nə dəyişməyəcək. Ona görə də dialoq davam etdirilməlidir”.

AŞ PA-da Azərbaycanla bağlı dinləmələrdə davamlı olaraq tənqidlərin səslənməsi ilk dəfə deyil. Hətta Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova 2018-ci ildə sanksiya tətbiq edilmişdi. Sanksiya 2 il müddətində qüvvədə olub. Amma siyasi azadlıqlar, media və digər sahələrdə ağzı köpüklənən AŞ PA deputatlarının Ermənistanın işğalçılıq siyasəti, şəhərlərimizi viran qoyması barədə qətnamələri, çağırışları olmayıb. İndiki şəraitdə növbəti dinləmələrin olması nə ilə bağlıdır? Niyə məhz hazırkı dönəmdə AŞ PA-da anti-Azərbaycan çağırışları səslənir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”ın sualını cavablandırarkən qeyd etdi ki, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr dövlətə və hakimiyyətə qarşı təzyiqləri davam etdirir. Hüquq müdafiəçisinin sözlərinə görə,  Leyla Yunusun saxta siyasi məhbus siyahısının beynəlxalq təşkilatlara təqdim olunmasından sonra media ilə bağlı AŞ PA-da dinləmələr qərəzdən xəbər verir.  “Guya Azərbaycanda azad mətbuat boğulur. Ancaq ölkədə saysız-hesabsız media orqanları mövcuddur, əksəriyyəti müstəqildir, reyestrdən keçməyənlər belə fəaliyyətini davam etdirə bilir. Yeni qanunvericiliyə görə qeydiyyata alınan KİV-lərə xüsusi vəsiqə verilməklə onların müxtəlif tədbirlərdə təhlükəsizliyi qorunur, qurumların onların sorğularına cavab verməsi təmin edilir. Ümumiyyətlə, hakimiyyətdən tənqidlərə dözümlülük görməkdəyik. Biz son dövrlərdə görməmişik ki, jurnalisti məhkəməyə versinlər. Tək-tək ola bilər, amma çoxsaylı nümunələr yoxdur”, - deyə Ç.Qənizadə vurğuladı.

Çingiz Qənizadə Hacı Qalib Salahzadəyə qarşı şikayətini geri götürüb |  Kaspi.az

Çingiz Qənizadə

Hüquq müdafiəçisinin fikrincə, AŞ PA-da müzakirələr, sadəcə, Azərbaycana qarşı qərəzli qüvvələrin keçirdiyi dinləmələrdir: “Biz, yəni Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Səidə Qocamanlı Avropa Şurası və onun müvafiq komitələri ilə əlaqə saxlayırdıq, bəzən öncədən görüşüb siyahıları müzakirə edirdik, nə dərəcədə ədalətli olub-olmamasını danışırdıq, Azərbaycanı sevməyən qüvvələrin tərtib etdiyi siyahı olduğunu izah edirdik. Amma bu əlaqələrdə xeyli vaxtdır ki, problem yaranıb, pandemiyadan əvvəl kommunikasiya kəsilib, çünki xarici səfərlərin bahalaşması gediş-gəlişi çətinləşdirib. Amma bu məsələlər ətrafında düşünmək lazımdır, QHT-lər müəyyən mənbələr taparaq AŞ-də işlərini bərpa etməlidirlər. Ancaq ümumən, bu dinləmələr reallığı əks etdirmir və təzyiq məqsədi daşıyır”.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyevanın bildirdiyinə görə, Azərbaycanın Avropa Birliyi ilə nə zaman istər strateji, qaz sənədləri, istərsə ticari sazişlər, dialoqu olur, bu ətrafda ciddi proseslər gedir, dərhal AŞ-də Azərbaycan əleyhinə dinləmələr keçirilir: “Hətta bu müzakirələri xüsusi düzüb-qoşanlar olur. Çünki nə müzakirələrin, nə səslənən fikirlərin Azərbaycana aidiyyəti var. Bizdə elektron media, internet azaddır. Bu gün sivil cəmiyyət institutlarının nümayəndələri sosial media platformalarında fikirləri azad şəkildə ifadə edirlər. Ümumiyyətlə, sosial media platformalarının sərbəst olduğu dövrdə medianın azadlığının boğulması haqda danışmaq yersizdir. Media çoxdan ənənəvi əhəmiyyəti itirib, çünki onun yerinə sosial platformalar meydana çıxıb. Bu gün vətəndaş jurnalistikası adlandırdığımız, çox zaman informasiyaları təhrif edən, dezinformasiya yayan sosial media platforması var. Buna kimsə nəzarət etmir. ABŞ, Avropa Birliyində isə sosial media üzərindən çapların izlənilməsi barədə qanunlar qəbul olunub. Heç Azərbaycan bu istiqamətdə ciddi addım atmayıb, amma onlar qanun qəbul ediblər. Yəni media azadlığının indeksi haqda səslənən fikirlər qeyri-ciddidir, çünki hər kəs istədiyini öz sosial hesablarında yazır”.

Y.Hacıyevanın fikrincə, bu dinləmələr siyasi məqsədlərə hesablanmış təzyiq alətidir: “Bu prosesin işlənməsi də maraqlıdır - Avropa Şurası siyasi qruplardan ibarət təsisatdır. Orada prosesləri idarə edən bəlli dairələr var ki, Azərbaycana qarşı proses aparırlar. Bu gün Gürcüstan üzərindən Azərbaycanda bəzi QHT-lərə maliyyələşmə var. Amma bilinmir ki, həmin təşkilatlar Avropanın, yoxsa İranın maraqlarına xidmət edirlər. Bu müzakirələr həm də dekabrdan başlamış Xankəndi-Laçın yolu ilə bağlı prosesə görədir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR