İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxa partaya göndərilən deputat

1670 19.05.2023 11:22 Yazarlar A A

Britaniyanın Azərbaycanda bir səfiri var, çox yaxşı adamdır. Ölkəmizin mənafeləri baxımından bunu yazıram. Çünki o səfir həmişə çalışır Azərbaycan üçün nəsə işlər görsün. Gah Şuşada tədbirə qatılır, gah Tərtərdə mina partlayışını pisləyir. (Şuşaya qabaqkı ingilis səfir getmişdi, deyəsən, o qədər dəqiq bilmirəm, ancaq böyük fərqi yoxdur). Hətta ana dilimizi də öyrənib, Müsyö Jordan kimi arabir danışır, ürəyimizi açır. Belə adamlar hər cür hörmətə layiqdir, çünki baxırsan elə vətəndaşımız var Bakıda doğulub, 60 ildir burada yaşayır, ancaq saatı da adamdan urusca soruşur, Azərbaycan dilinə moltanı ləhcəsi kimi yanaşır.

Britaniyanın özü də 44 günlük savaş zamanı örtülü ya açıq formada bizə dəstək oldu, yanılmıramsa, BMT TŞ-də əleyhimizə qərar qayırmağa maneçilik törədiblər.

Uzun sözün qısası, bir dost ölkə tapmışıq, özü də cupbulu dost deyil, dünya imperiyasıdır, yeri gələndə ABŞ-a qədər sözünü keçirdən dövlətdir, indi bununla münasibətimizi korlamaq istəyənlər var. Səbəb də nə olsa yaxşıdır? Hansısa cinsi azlıqlara aid bayrağın səfirliyin qabağında asılması. Həmin gün dünyada LGBT hüquqlarını qoruma günüymüş, Britaniya səfirliyi də həmrəylik üçün təşkilatın rəngbərəng bayrağını binanın qabağından asıb. Pah. Dəhşət iş olub. İndi ura-patriotlarımız partlamaya düşüb, səfiri asıb-kəsirlər.

Birincisi, ata sözü var, deyir dostun səfasını çəkən, cəfasına da dözər (baxmayaraq ortada əslində cəfa da yoxdur). İndi bir dost hansısa bayraq asırsa, buna görə hay-küy nəyə lazımdır? İkincisi, insan hüquqlarını “ailə dəyərləri”, “milli mentalitet” kimi söz-söhbətlərə qurban vermək olmaz. Qayınana beş manata görə gəlini boğur, bacanaq baldızı baltalayır, balaca uşaqları saqqallı kişilərə ərə verirlər, camaat ekrana baxır ki, görək bu axşam kimin ikinci arvad-uşağı Rusiyətdən peyda olacaq - budur bizim mental dəyərlər? Təbii ki, nə onlar deyil, nə bunlar deyil. Ümumiyyətlə, iki şəxsin arasına - cinsindən asılı olmayaraq girmək həm düşüklükdür, həm əxlaqsızlıqdır. Bu mövzu ilə insanları sıxışdırmaq, öldürmək, intihara sürükləmək olmaz. Britaniya səfirliyinin asdığı bayraq da bu anlamı daşıyır. Yoxsa heç kim rəngli bayraq görəndə cinsini dəyişmir. Yoxsa dəyişir, mən bilmirəm? Nə yazım, vallah... Hər şey olar.

Məsələn, bugünlərdə şok hadisə oldu, heç vətəndaşlarımız buna münasibət bildirmədilər. Vasif Talıbovun oğlu Seymur müəllim Naxçıvan Milli Məclisinə sədr müavini seçilən iclasa gedirmiş, lakin binanın qabağında toplaşan deputatlar ona salam verməyiblər. Ah, vah... Bu yerdə şairin misrası yada düşür: “Bir salama dəymədi?” Uzun şeirdir, bilənlər bilməyənlərə söyləsin, yerimiz azdır. Ata sözü də var, deyir bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı. İnsafən, Naxçıvanın, xüsusilə Ordubad bölgəsinin yaxşı, iri ərikləri olur.

Hələ bu harasıdır? Dəhşət sonradır: Seymur müəllim iclasa girib, lakin onu lap dal sırada oturdublar. Halbuki Vasif müəllim oranın sədri olanda Seymur müəllim qabaqda otururdu - əlaçı şagirdlər kimi. Belə münasibət olarmı? Nə olsun vəzifə əldən gedib, sıranı niyə pozursunuz? Adam müsavatçı olduğu üçün uşağını məktəbdən qovmalıyıq? (məsəl üçün, bizdə heç vaxt belə şey olmayıb).

Hətta bir gün Seymur müəllimi ümumiyyətlə iclasa buraxmayıb “Qazan xanın tapşırığıdır, sənə Məclisin qabağında qara çadır quracağıq” desələr, təəccüb etmərəm. Sən də deyirsən ailə dəyəri, mentalitet, Dədə Qorqud, nə bilim, Şah Qacar... 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR