İnsanlara hürriyət, millətlərə istiqlal!

Appendiks idarəsi

2025 22.06.2022 09:30 Yazarlar A A

Hazırda bizim zindanda bir baş prokurorumuz - hörmətli Eldar müəllim yaşamaqdadır. Hərçənd onu baş prokuror vəzifəsində çalışdığı dövrə görə deyil, səfir işlədiyi illərin üstündə tutmuşlar. Şəxsən mənə qalsa Eldar müəllim azadlığa çıxsa yaxşıdır. Çünki uzaq 1998-ci ildə onun mətbuat işçilərinə, jurnalistikaya qayğısını elə şəxsən hiss etmişəm. Hüquq-mühafizə orqanlarının birindən zorakılıq görmüş, bunu ifşa etmişdim, dərhal prokurorluq hərəkətə keçmiş, qanunsuzluq edən yoldaşı içəri basmışdılar. O vaxt mənimlə görüşən prokurorluq əməkdaşının sözləri yadımdadır: “Eldar müəllimin tapşırığı var, bu iş mütləq jurnalistin xeyrinə həll olunmalıdır”. Bu dövlət qayğısına necə, nə üçün layiq görülmüşdüm, deyə bilmərəm, çünki o illərdə jurnalistlərə qarşı yetərincə qanunsuz qərarlar da verilirdi. Hər halda, mən öz başıma gələni xatırladım və Eldar müəllimin azad olunmasını səmimi-qəlbdən diləyirəm.

Bugünkü məqsədimiz isə onun davamçısı Zakir müəllimin son günlər dilə-dişə düşməsindən bəhs etməkdir. MTN generallarının məhkəməsində açıq-aydın ittihamlar səslənib, Zakir Qaralovun və onun birinci müavini olmuş Rüstəm Usubovun ifadə verməsi istənilib. Özü də bunu edənlər təkcə hansısa adi biznesmenlər, vəkillər deyil. Birbaşa MTN istintaq idarəsinin rəisi olmuş adam keçmiş baş prokuroru ağır cinayətlərdə suçlayır. Korrupsiyada, cinayəti bilib qarşısını almamaqda, insan ölümünə səbəb olan vəzifə səhlənkarlığında, quldur dəstəsi ilə əlbir olmaqda və sairə. Görək hakimin bir qram cəsarəti çatacaqmı onları çağırıb dindirsin. Bir faiz də olsa ümidimiz qalır. 

İndi Zakir müəllim də içəri aparılsa, belə çıxır qazamatda bizim iki baş prokurorumuz olacaqdır. Əsl məhkəmə-hüquq islahatı yalnız bu halda başlanacaqdır! Bir kameraya da Rüstəm müəllim salınsa, lap fısqırıq olar. Çünki bu adamlar hüquqşünasdır, qanunların icrasına nəzarət edən orqanın böyükləri olmuşlar, qoy həmin bilik və bacarıqları qazamatda tətbiq etsinlər, günahsız dustaqlara azadlıq yolunda məşəl olsunlar. Zakir müəllimi ürəyini əlində tutaraq zülmət qanunsuzluq cəngəlliyindən siyasi məhbusları işığa aparan vəziyyətdə təsəvvür elədim. Lap Danko kimi. (Ola bilər köşənin barıtı burada bir az çox oldu, oxucular üz vurmasın. Vəziyyət belə tələb edir. Unikal halla qarşılaşmışıq: milli təhlükəsizliyə baxan general baş prokuroru və ali məhkəmənin hakimini özüylə əlbir olmaqda suçlayır. Ta kim qaldı?) 

MTN zabitləri, əlbəttə, özlərini xilas etmək üçün min cür yalan uydura, Zakir müəllimə şər ata da bilər. Su meymunun boğazına çıxanda, balasına meymun çiçəyi yoluxdurar - modern ata sözümüzdə deyilən kimi. Lakin o ittihamlar boşuna yaranmır və keçən yazılarımda mən dəfələrlə bunu qeyd etmişəm: MTN zabitləri günahsız insanları tutub soyurdular, həbs edirdilər, ancaq bu həbslərin sanksiyasını baş prokuror verməli idi. O uydurma işlərin ibtidai istintaqı bir çox hallarda prokurorluqda aparılıb. MTN o pulları tək yeməyib, prokurorluq və məhkəmə ilə, bəzən üstəlik notariusla əlbir olublar. Mütəşəkkil quldur dəstəsi yaratmışdılar.

Allaha şükür, indi sabitlik bərpa olunub, ictimai asayiş təmin edilib, hansısa biznesmeni tutub 8 milyon alasan, hansısa bankı günün günorta çağı soyasan, belə hallar olmur. Belə mənfi, neqativ hallara yalnız Ermənistanda rast gəlinir (müəllif poçta gedib növbəti minnətdarlıq teleqramı vurmuş, sonra yazıya davam etmişdir - red.)

Hərbi prokurorumuz Xanlar müəllim də təzəlikcə özünü biabır elədi, dedi Tərtər hadisələrində işgəncənin qarşısını mən şəxsən almışam. Halbuki keçən il deyirdi o işdə işgəncədən danışanlar nağıl danışır. Belə çıxır indi özü nağıl danışır, lakin bunun qarşısını alan yoxdur.

Məndən olsa, prokurorluğu kökündən ləğv edərdim. Mənasız, lazımsız idarədir. Xeyrindən çox zərəri var. Kor bağırsaq kimi bir şeydir. Bakteriya fabrikidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR