İnsanlara hürriyət, millətlərə istiqlal!

Antikorrupsiya həbslərinin hədəfi - ilin sonunadək “böyük başlar”...

2036 07.07.2023 09:19 Gündəm A A

Narazılığın artması, məmurların isə xəbərdarlıqlara məhəl qoymaması hökumətin bütün gücünü bu məsələyə səfərbər etməsi zərurətini yaradıb

Azərbaycanda antikorrupsiya həbslərinin yeni dalğası başlayıb. Ölkə başçısı İlham Əliyev demək olar ki, hər çıxışında rüşvət və korrupsiyaya, məmur özbaşınalığına toxunur. Narazılığın artması, məmurların isə xəbərdarlıqlara məhəl qoymaması hökumətin bütün gücünü bu məsələyə səfərbər etməsi zərurətini yaradıb.

Nəzərə almaq lazımdır ki, indiki həssas dönəmdə hansısa məmurun özbaşınalığı, vətəndaşları incitməsi sosial partlayışa səbəb ola bilər. İqtidar ideoloqları da bunun fərqində olduğu üçün neqativ hallara qarşı mübarizəni bir qədər də gücləndirmək niyyətindədir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Laçın rayon şöbələrində operativ tədbirlər keçiriblər. Bununla yanaşı, qurumdan bildiriblər ki, Sabunçu Tibb Mərkəzi  şöbəsinin müdiri İlqar Qaracayevə qarşı cinayət işi araşdırılıb. O, çağırışçıların hərbi xidmətə yararsızlığı barədə saxta rəylərin verilməsi müqabilində 18 min manatdan çox  rüşvət almaqda şübhəli bilinir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində də əməliyyat tədbiri keçirib. “Turan”ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, əməliyyat zamanı şöbənin rəisi Rəhim Ağayev saxlanılıb. Bundan başqa həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənov və Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.

"SOCAR-AQŞ" MMC-nin sabiq baş direktoru Ramin İsayev də həbs edilib. “Qafqazinfo” bildirir ki, Ramin İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanıb. O, 16 milyon manat mənimsəmədə ittiham edilir. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ekspertlərə görə, çox güman ki, ilin sonunadək dövlət növbəti kadr islahatlarına start verəcək. Hazırda idarəçilikdəki boşluqların qapadılması üçün ciddi addımların atılacağı barədə xəbərlər dolaşır. Prezident İlham Əliyev müharibədən sonra yaranmış reallıqları nəzərə alıb, hakimiyyət komandasında da bir daha format etməkdə qərarlı görünür.

Erməni diversantların məhkəməsi- onları hansı ağır cəza gözləyir?

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, korrupsiyaya bulaşmış məmurların həbsi və az zaman kəsiyində azadlığa qovuşması ümumilikdə bu bəlaya qarşı mübarizəni mənasızlaşdırır: “Elə götürək əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümovun işini. 2021-ci il fevralın 3-də rəsmən elan olundu ki, Səlim Müslümov saxlanılıb. Bu xəbəri eşidənlərin əksəriyyəti korrupsiya ilə mübarizənin getdiyini düşündülər. Amma sonra nə oldu? 26 may 2022-ci ildə Səbayel Rayon Məhkəməsi Səlim Müslümovu ev dustaqlığına buraxdı. Səlim Müslümov nazir vəzifəsində olanda əhalinin aztəminatlı kateqoriyasına ayrılan büdcə vəsaitlərini oğurlayıb. Bu nə deməkdir? Qarabağ əlili müalicəyə göndərilməyib. Qarabağ veteranına dövlət büdcəsi hesabına tikilən ev sənədlərdəki ölçülərindən daha kiçik, daha keyfiyyətsiz olub. İşsizlərə, çətin vəziyyətdə olan ailələrə dövlət büdcəsindən ayrılan vəsaitlər verilməyərək oğurlanıb. İstintaqla Səlim Müslümovun başına yığdığı dəstə ilə bərabər 30 milyon manatdan artıq büdcə pulunu oğurladığı təsdiqlənib. Təsəvvür edirsiz, 30 milyon manat oğurlayan bir məmuru Səbayel Rayon Məhkəməsi bir qərarı ilə ev dustaqlığına buraxılıb! Məhkəməsinin qərarından  korrupsiya izləri axtarmağa dəyər. Korrupsiya ilə mübarizə korrupsiyaya uğradılırsa, əlbəttə ki, prezidentin antikorrupsiya çıxışları, çağırışları, bu sahədə atdığı addımların effekti yox səviyyəsinə enəcək”.

Hüquqşünas deyir ki, korrupsiya sistemdir, rüşvət onun bir elementidir: “Korrupsiya daha geniş anlam daşıyır. Məsələn, 5 manat da, 50 manat da, 5-10 milyon da rüşvət sayılır. Amma bu rüşvətin arxasında korrupsiya sistemi duranda - bu yığır ona, o yığır özündən böyüyə verir, yuxarıdakı vəzifəsindən sui-istifadə edərək dövlətin deyil, özünün və ya qohum-əqrəbasının maraqları üçün qərarlar qəbul edir, dövlətin büdcəsindən ayrılan maliyyəni özünün şəxsi maraqlarına uyğun sərf edir. Azərbaycanda korrupsiya sistemi məhv olmalıdır ki, ölkə sağlamlaşsın. Bu gün ölkədəki rüşvətxorluğu doğuran da elə həmin korrupsiyadır. Korrupsiyaya qarşı mübarizə "voenkom"larla, SOCAR AQŞ-nin hansısa bir müdirinin həbsi ilə istənilən nəticəni verməz. Dövlətin 50, 100 milyonunu qamarlayan Ziya Məmmədova toxunmurlar. Niyə? Çünki  sistemi onu müdafiə edir. Söhbət bu mexanizmi məhv etməkdən, ona qarşı mübarizə aparmaqdan gedir. Odur ki, mübarizənin əsas hədəfi korrupsiya olmalıdır. Mübarizə korrupsiyanın hədəfinə çevrilməməlidir. Bu gün Azərbaycanda nazir və müavinlərin, əli büdcə puluna çatıb həmin maliyyəni yönləndirənlərin imkanları da genişdir. Bunlar təkcə öz uşaqları üçün deyil, bundan sonrakı neçə-neçə nəsilləri üçün ağlasığmaz dərəcədə sərvət çırpışdırıblar və bununla periodik olaraq məşğuldurlar. Adamlar yaxşı başa düşürlər ki, vəzifə onlar üçün bir fürsətdir və bu fürsətdən bəhrələnməlidir. Çünki gördüyü, gözü qarşısında olan nümunə Səlim Müslümov, Əbülfəs Qarayev, Ziya Məmmədov və onlar kimi məmurlardır. Vəzifədə olanda 7 arxa dönənlərinə büdcədən - Azərbaycan xalqının cibindən pul oğurlayıblar. Günlərin birində isə Korrupsiya İdarəsi qapılarını döyüb, istintaqa cəlb ediliblər. Nəticə nə olub? Oğurladıqlarının ən yaxşı halda 5-10 faizini verib azadlığa çıxıblar. Səlim  Müslümov vəzifədə olduğu müddətdə oğurladığı pulları xərcləmək haqda düşünürdü. 2-3 illik məhkəmə-istintaq dartışmasından sonra xaricə gedib orada rahat şəkildə illərlə oğurladıqlarını istədiyi kimi xərcləyəcək. 5-10 ildən sonra Səlim Müslümov unudulacaq. Bu gün onun taleyinə baxan xeyli məmur bu şəkildə istintaqa cəlb olunub yolunun açılmasını, keçmişi ilə əlaqəsinin kəsilməsini arzulayır. Düşünür ki, nə olaydı, oğurladıqlarımı gedib rahat xərcləyə bilərdim. Səlim Müslümov nümunəsini görən xeyli məmur büdcə vəsaitini daha çox oğurlamağa, daha çox xaricə daşımağa həvəslənib. Bu da təbiidir".

Hüquqşünas deyir ki, Azərbaycan “velosiped icad etməkdənsə” korrupsiya ilə mübarizədə konkret nəticələrə nail olan ölkələrin təcrübəsini tətbiq etməlidir: “Korrupsiya ilə effektiv mübarizədən danışanda ilk yada düşən ölkə qonşu Gürcüstandır. Asiya bölgəsində isə Sinqapurdur. Mixail Saakaşvili Gürcüstanı korrupsiya bəlasından böyük ölçüdə qurtara bildi. "Sinqapur möcüzəsi"nin yaradıcısı yarım əsrdən çox ölkənin baş naziri olmuş mərhum Li Kuan Yu isə ölkəsini bu bəladan tam azad etməyə nail oldu. Müstəqilliyini əldə etməsinin ilk illərində Sinqapurda korrupsiya adi bir hal olaraq  cəmiyyətin bütün təbəqələrinə nüfuz eləmişdi. Yeni hökumət korrupsiya ilə mübarizəyə başlamağa çalışanda bir neçə problemlə üzləşmişdi. Mübarizəni tənzimləyən qanun həddindən artıq zəif idi, korrupsiya cinayətlərinin əksəriyyəti qanunun fəaliyyət dairəsindən kənarda qalırdı, qanunverici orqanların əməkdaşlarının isə öz işlərini effektiv görə bilmələri üçün kifayət qədər səlahiyyətləri yox idi. Üstəlik, məmurların böyük qisminin korrupsiyada əli olduğundan cinayətlərini sübut edəcək dəlillər tapmaq da həddindən artıq çətin idi. Son dərəcə az maaş alan dövlət məmurları öz vəzifələrindən şəxsi məqsədlərlə istifadə edirlər. Bunların nəticəsində rüşvət maddi gəlir əldə etməyin yeganə üsuluna çevrilmişdi. Vaxtilə britaniyalılar tərəfindən korrupsiya hallarını araşdıran büro yaradılmışdı. Büronun əməkdaşlarının əksəriyyəti yerli polislər idilər və psixoloji baxımdan ciddi mübarizəyə, fəaliyyətə hazır deyildilər.

Ölkənin böhran vəziyyətində olduğunu anlayan Li Kuan Yu hökuməti cəmiyyətdə korrupsiyanı sosial yasaq halına gətirən aşkarlıq və dürüstlük mühiti yaratmaq qərarına gəldi. Antikorrupsiya strategiyası müəyyənləşdi. Təklif olunan strategiyanın müəllifləri inanırdılar ki, milli inkişaf üçün korrupsiyanı nəzarətə almaq həddindən artıq vacibdir. Korrupsiya əleyhinə qanunların praktikada icrasında korrupsiya hallarının araşdırılması üzrə Büro böyük rol oynayır. Dövlət və özəl sektorda korrupsiya hallarını üzə çıxardan və araşdıran bu dövlət agentliyi Britaniya müstəmləkə hökuməti tərəfindən 1952-ci ildə yaradılmışdı. 1960-cı ildə qüvvəyə minən korrupsiyanın qarşısının alınması haqqında qanun isə büroya araşdırmalar zamanı geniş səlahiyyətlər verdi. Sinqapur hökuməti başa düşürdü ki, əgər qanunlar effektiv şəkildə tətbiq olunmazsa, nəzərdə tutulan ağır cəzalar da bir işə yaramayacaq. Məhz buna görə də hökumət büronu korrupsiya əleyhinə universal agentliyə çevirdi. Agentliyin əsas funksiyası korrupsiya hallarının araşdırılması olsa da, sözügedən halla bağlı digər cinayət işləri üzrə də istintaq aparmaq səlahiyyətinə malikdir. Büro avtoritar metodlarla işləyir. Onun korrupsiyada şübhəli bilinən şəxsləri qanuni əsaslar olduğu halda məhkəmə qərarı olmadan tutmaq və axtarış aparmaq ixtiyarı var. Büro, sadəcə, şübhəli şəxsi yox, onun qohumlarını, himayədarlarını da istintaqa cəlb edə, onların istənilən bank hesablarını, maliyyə yazışmaları və s. yoxlaya, şahidləri istintaqa çağıra, istintaq zamanı üzə çıxan istənilən qanun pozuntusunu araşdıra, statusundan, inancından, vəzifəsindən asılı olmayaraq istənilən vətəndaşı məhkəməyə verə bilər və bu zaman yüksək rütbəli dövlət məmurlarına da güzəşt edilmir. Qanunu icra edən orqanların əməkdaşlarına və potensial korrupsiya imkanları ilə fərqlənən iş sahiblərinə xüsusi nəzarət olunur.

Biznes mühitindən şəffaflığın qorunması məqsədilə büro özəl sektorda da korrupsiya, rüşvət və maliyyə fırıldaqları hallarını araşdırır. Təchizatçıdan mal ala bilməkdən ötrü rüşvət və ya “hörmət” təklif edən, verən, yaxud da götürən istənilən şəxs cərimələnə, ya da həbs cəzası ala bilər. Həmçinin bu kimi hallarda məhkəmə alınan rüşvətin məbləğinə uyğun cərimə təyin edir. Baş nazirin ofisinə bağlı olan büroya birbaşa dövlət başçısına tabe olan direktor rəhbərlik edir. Beləcə, agentlik polis və digər hökumət orqanlarından ayrı fəaliyyət göstərir, nazirlər və yüksək vəzifəli digər məmurlar da daxil olmaqla bütün bürokratiyadan siyasi və funksional şəkildə azaddır. Mahiyyətcə, büro Sinqapur baş nazirinin administrasiyasının bir şöbəsi kimi fəaliyyətdədir. Bütün bunlarla yanaşı, hazırda Sinqapur sərt avtoritar dövlətdir, korrupsiyanın yoxluğu, iqtisadi azadlıq və inkişaf səviyyəsinə görə dünya reytinqlərinə başçılıq edir. Azərbaycan hökuməti də bu hazır modeldən istifadə edə bilər".

E.MƏMMDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR