İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqladı - ABŞ rəsmisindən önəmli mesajlar

6974 06.04.2023 13:00 Siyasət A A

“ABŞ Orta Dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”.

Bunu ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib. (APA)

“ABŞ bu təşəbbüsə logistika və nəqliyyat sahəsində təcrübəsini bölüşərək, ABŞ-ın özəl şirkətlərinin öz təcrübəsini fəal şəkildə bölüşməsi ilə dəstək verə bilər”, - o deyib.

Amerikalı rəsmi ölkəsinin özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyib. O qeyd edib ki, ölkəsi şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir.

Arun Venkataraman həmçinin bildirib ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl” enerji ilə bağlı uğurunda iştirakçı olmağa həvəs göstərir: “ABŞ şirkətləri Azərbaycanın ”yaşıl" enerji ilə bağlı uğurunda, xüsusilə də külək və günəş enerjisində iştirakçı olmağa həvəs göstərir. Bütün bu sahələrlə yanaşı kənd təsərrüfatı və qida, logistika, rəqəmsallaşma ilə bağlı birgə işləyə, ABŞ təcrübəsini ilə bölüşə bilər".

Diqqətə çatdıraq ki, Zəngəzur dəhlizinin Orta dəhliz boyunca xüsusi rolu var.

Bir müddət öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan etmişdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir: “Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək”.

Zəngəzur dəhlizinin yaradılması günümüzün reallığıdır və buna hazırda işğalçı Ermənistanla, terroru dəstəkləyən İrandan başqa hər kəs maraq göstərir. Çin, Avropa İttifaqı da bu prosesdə maraqlıdır.

ABŞ rəsmisinin bu məsələdə açıq danışması da göz önündədir.

Orta dəhlizin normal və səmərəli çalışması üçün Zəngəzur dəhlizinin tezliklə işə düşməsi artıq hər kəs tərəfindən qəbul olunan reallıqdır. Bu baxımdan, gözləniləndir ki, qısa müddətdə müqavimətçilər neytrallaşdırılacaq və dəhlizin qurulmasına başlanılacaq.

Azərbaycan Prezidentinin təşəbbüsü olan bu məsələ ilə bağlı tərəflərin razılaşmasını qısa müddətdə gözləyəkmi, yoxsa müqavimətlər hələ davam edəcək?

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov: “Prosesdə uduzan tərəf yoxdur, amma...”

Deputat Bəhruz Məhərrəmov istənilən halda Azərbaycanı bu proseslərdə uduşlu sayır: “Vətən müharibəsindən sonra yaranan yeni reallıq, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi konfiqurasiya Rusiya-Ukrayna münaqişəsi fonunda daha qabarıq formada diqqət cəlb etməyə başladı. Azərbaycan Prezidentinin təklif etdiyi yeni nəqliyyat-kommunikasiya habına artıq uğurlu alternativ kimi yox, ən yaxşı variant kimi baxılır.

Təbii ki, Qərbin də, Çinin də özünün siyasi hədəfləri var və bu, adətən iqtisadi maraqları hədəfləyir. Yaranan ziddiyyətlərin də kökündə bu maraqların toqquşması dayanır. Lakin Prezident İlham Əliyevin təklif etdiyi əməkdaşlıq mühiti  maraqların qarşıdurmasız təmin olunmasında ehtiva olunduğu üçün faktiki olaraq bütün qütblər tərəfindən dəstəklənir. ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və xarici ticarət xidmətləri üzrə baş direktoru Arun Venkataraman da məhz bu amilləri nəzərə alaraq bəyan edir ki, “ABŞ Orta dəhlizin inkişafını dəstəkləyir. Bu təşəbbüsün inkişafı, Orta dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq”.

ABŞ-ın bunu açıq formada dilə gətirməsi təsadüf deyil. Vaşinqton bölgədə sabit ictimai mühit, Azərbaycan Prezidentinin çoxsaylı sağlam tərəfdaşlıqlar quraraq bu mühiti sığortalamasının etibarlılığına əmin olaraq bu bəyanatı verir. Düzdür,  Arun Venkataraman özəl şirkətlərin hansı ölkəyə və ya regiona investisiya qoyacağını yönləndirmədiyini deyir, lakin Vaşinqtonun dəhlizə dəstək verməsi əslində Birləşmiş Ştatların şirkətləri üçün təminat deməkdir.

Prosesdə uduzan tərəf yoxdur, amma iqtisadi və siyasi dividentləri ilə ən qazanclı tərəf, heç şübhəsiz ki, Azərbaycandır.

Ümumiyyətlə, cənab İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı bir strategiya ortaya qoyub ki, əlaqəli ölkələr, regionda marağı olanlar,  o cümlədən bölgə dövlətləri ya bu layihənin bir hissəsi olaraq faydalanmalıdır, ya da prosesdən kənarda qalmaqla dalana dirənəcək. Bu gün İran və Ermənistan Zəngəzur dəhlizinə müqavimət göstərməklə məhz dalana dirənməkdədir. Təbii ki, nə Tehran, nə də İrəvan Çindən ABŞ-a, Avropa İttifaqından Rusiyaya qədər maraqların cəmləndiyi bu kommunikasiya xəttinə maneə törədəcək güc deyil. Zəngəzur dəhlizinin realizəsi üzrə planlarda heç bir gecikmə yoxdur, infrastrukturun hazır olması ilə bölgə Şərqlə Qərbin əsas kəsişmə nöqtələrindən biri, bəlkə də birincisinə çevriləcək".

Aqşin Kərimov: 25 milyon ton taxıl girovluqda: Putin dünyanı çörəklə sınağa  çəkir - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Aqşin Kərimov: “Dəhlizin ideoloji istiqamətinin əsas hərəkətverici qüvvəsi türkçülük ideyalarıdır”

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsi regionu yüksələn güclərin ovuna çevirir: “Qlobal təchizat marşrutlarındakı arxitekturanı inkişaf etdirəcək Zəngəzur koridoru proyekti kövrək geosiyasi ipləri sarsıdır. Təbii ki, dəhlizin məntiqi regional və qlobal güc qarşıdurmasının oxlarını Cənubi Qafqaza yönəltmək deyil, daha dərin əməkdaşlıq üçün platforma təsis etməyə söykənir. Qərb, əsasən də ABŞ-Britaniya ikilisi, Rusiya, Çin Azərbaycanla Türkiyənin ideyalarına dəstək verir, ancaq özlərinəməxsus geostrateji maraqların yüksək səviyyəli siqnalı kimi. Tərəflər dəhlizin parametrlərini Cənubi Qafqazla Mərkəzi Asiyanın geosiyasi bağlantılarını qurmaq uğrunda "savaşırlar". Mübarizədə qalib çıxmaq, bir-birilərinə acı həbləri uddurmaq üçün əllərindən gələni edirlər. Azərbaycanla Türkiyəyə gəlincə, onlar dəhlizin strateji tərəfləri ilə yanaşı, ideoloji habını formalaşdırırlar. Dəhlizin ideoloji istiqamətinin əsas hərəkətverici qüvvəsi türkçülük ideyalarıdır. Dəhliz açılsa, bu, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində yeni mərhələ təşkil edəcək. Azərbaycanla Türkiyənin Mərkəzi Asiya dövlətlərinin gizli maraqlarının gücləndirilməsi sahəsində çalışmaları da Zəngəzur dəhlizinin əhəmiyyətinə böyük strateji fon verir".

Ekspert Çin faktoruna da toxundu: ""Şahmat gedişlərini" Qərb, Rusiya ilə yanaşı Çin də diqqətlə izləyir. Çünki Mərkəzi Asiyanın Çin üçün əhəmiyyəti böyükdür, deməli, məntiqlə Pekin Cənubi Qafqazda da ambisiyalarını iddialı hala gətirir. Rəqabətin tündləşməsi hər nə qədər qəribə səslənsə də, dəhlizin açılmasını zərurətə çevirir. Deməli, dəhliz regional şəbəkədə həlledici olmaqla yanaşı, həm də beynəlxalq sifarişin rənglərini daşıyır. Nəticədə, böyük güclər geostrateji maraqlardan doğan ipləri bir-birinə bağlayacaqlar - ən azından iqtisadi faydalar əldə etməkdən ötrü".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR