İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika və İranın ortaqlığı

2460 18.05.2023 10:50 Yazarlar A A

“Axund mollanı bəyənməz, molla axundu, seyid hər ikisini”

(Azərbaycan ata sözü)

Azərbaycanda bir qəribə sahə var ki, orada ABŞ və İranın mövqeləri üst-üstə düşür. Söhbət dinin, dindarların vəziyyətindən gedir. Hər iki ölkə bizdə dindarların sıxışdırıldığı qənaətindədir. Burada yaşamasam bu anekdota çoxlu gülərdim.

İndi ABŞ Dövlət Departamenti 2022-ci ildə dünyada din azadlığı hesabatını açıqlayıb, orada yenə Azərbaycan hökumətini kəskin tənqid ediblər. Yalan olmasın, kafir çıxarıblar. Bu amerikalıların guya dindarlığı olmaya da... Adamın əti tökülür. Dolların üstünə Allahın adını yazırsan, kilsələrdə balaca uşaqları əlləşdirirsən, vəssalam, olursan mömin... Bu haqda az sonra.

Departamentin hesabatı YAP iqtidarında qəzəb doğurub. Məncə, qəzəblənməyə haqları çatır. Çünki Azərbaycan hökuməti dindarlıqda ən ön sıralarda gedir. Hara baxsan məscid tikiblər. İçində imamı, axundu da cağbacağ. Hətta bəzi məscidə dövlət zənən imam ayırmışdır. Mollalara qəbiristanlığa gedəndə avtobusdan sallanmasınlar deyə “NAZ-Lifan” avtomobili, aylıq maaş ayrılıb. Şeyx bir yanda, Mübariz müəllim ikinci yanda, dindarlarımızı göyün yeddinci qatına qaldıracaq iki mələk qanadı kimi bir şeydirlər. Rəsədxana Ramazan üçün işləyir, QİDA agentliyi halal sertifikatı üçün. Bakıda katolik, pravoslav, erməni, buddist, krişnait, bəhai, protestant, sünni, şiə, vəhhabi, sintoizm, induizm - hər cür təriqətin kilsəsi var, fəaliyyət göstərir. Lap istəyirsən Uçan Makaron Canavarına inan, ya istəyirsən Bertran Rasselin Çaynikinə (bu yazının müəllifi hazırda cedaizm dininə iman gətirməkdədir). Xalqımızın, hökumətimizin ateistə də gözü üstündə yeri var, deistə də. O halda əsəbləşməyib neyləyəsən? Gözgörəsi bizi şərləyirlər.

Hesabatın yalan olmasını sübut etməyə ehtiyac yoxdur, elə bircə bu cümləni oxumaq yetər: “Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti üçün 65 yaş hüdudu müəyyən edib”. ABŞ Dövlət Departamentində maaş alan lotuların xəbəri yoxdur ki, o yaş həddini Allahşükür müəllim yox, Səudiyyə Ərəbistanı özü qoymuşdu. Kovidə-filana görə. İstəmirdilər yaşlı adamlar ziyarətdə yoluxsun, ölsün. Yalnız bu yanvarda, yanılmıramsa, Səudiyyə o həddi aradan qaldırdı, güman edirəm QMİ də növbəti ziyarətdə qaldırar.

Ümumiyyətlə, ABŞ üçün 65 yaşdan yuxarı şəxslərin həccə getməyi, görəsən, niyə belə önəmli olmuşdur? Guya onlar bilmir ki, Azərbaycanda həccə getməyin qiyməti 10 min manata yaxındır, bunu da ödəməyə kasıb-kusubun gücü çatmır, gedənlər oliqarxlar, deputatlar, rəislər, prokurorlar və sairədir? Bilirlər bəlkə də. Sadəcə, Azərbaycana ilişməyə mövzu lazımdır. İranın atdığı qarmaq xoşlarına gəlib.

Qayıdaq o balaca uşaqlar məsələsinə. 2016-cı ildə “Ən yaxşı film” nominasiyasında Oskar ödülü alan “Diqqət mərkəzində” (orijinal adı “Spotlight”) filmi var. Film gerçək hadisələr üzərində qurulub, 1990-2000-ci illərdə ABŞ-da katolik kilsəsinin uşaqbazlıq - pedofiliyada suçlanan keşişləri mövzusundadır. “The Boston Globe” qəzetinin jurnalistləri kilsənin uşaqbazlıq cinayətlərini ifşa edir. Söhbət 1-2 faktdan getmir, yüzlərlə keşiş və minlərlə uşaqdan gedir! Örnək üçün, 1950-2002-ci illər arasında ABŞ katolik kilsəsinin keşişlərinə qarşı 10667 uşağı zorlama və cinsi əxlaqsızlıq ittihamı irəli sürülüb! Sözlə də yazıram, miqyası anlatmaq üçün: on min altı yüz altmış yeddi uşaq.

Avstraliyadan Niderlanda, İtaliyadan Almaniyaya, İrandan Səudiyyəyə, Əfqanıstandan Meksikaya qədər bütün dünya din xadimlərinin pedofil hərəkətləri ilə dolub-daşır.

İndi bunlar bizdən nə istəyirlər? Biz də katolik kilsələrini çoxaldaq, uşaqlar yiyəsiz qalsın? Onsuz qoca kişilərə ərə verilən balacaları bəladan güclə qurtarırıq. Yaxud İranın emissarlarına yaşıl işıq yandıraq, məscidlərdə təzədən at oynadıb, min hoqqadan çıxsınlar?

Azərbaycan hakimiyyətini tənqid eləməyə milyon səbəb var. Din bunun içində yoxdur, Allaha and olsun ki. Seyidlərin cəddi haqqı yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR