İnsanlara hürriyət, millətlərə istiqlal!

Altaydan Kosmosa qədər

986 30.04.2023 22:32 Yazarlar A A

Tarix çox vaxt Türk dünyasını müxtəlif maneələr, fikir ayrılıqları, hətta coğrafi məkan baxımından sınağa çəkib. Amma bu gün Türk dünyası, türk coğrafiyası tarixin özünün belə həsəd apardığı, bəlkə də heç vaxt bugünkü kimi birlik və qardaşlıq nümayiş etdirməyən sülh və tərəqqi mərkəzinə çevrilib - Türkiyə və Azərbaycan nümunəsində.

Tarixə nəzər salsaq, görərik ki, türk xalqları zamanın tələbləri ilə ayaqlaşmağa, hətta onu qabaqlamağa çalışıblar. Bu gün Türkiyə dördüncü sənaye inqilabının önündə, mərkəzindədir desək, bəlkə də bir qədər yanlışlıq olar. Bu gün Türkiyə elə dördüncü sənaye inqilabını yaradan ölkələrdəndir. Səmanı fəth edən Türkiyə aviasiya sənayesi hər il keçirilən “Teknofest” aerokosmik və texnologiyalar festivalında ən innovativ yeniliklərini təqdim edir.

WhatsApp Image 2023-04-30 at 21.58.07.jpeg (126 KB)

Yeri gəlmişkən, türkçülüyün rəmzi də axı səma rəngidir. Aprelin 27-də başlayan 6-cı “Teknofest-2023” qardaş ölkənin dəhşətli zəlzələdən sonra dünyaya əsl iradə nümunəsini nümayiş etdirdi. Yeri gəlmişkən, “Teknofest- 2023”də nə az, nə çox, düz 96 ölkə iştirak edirdi. Ümumiyyətlə, “Teknofest”də bərabərlik imkanları hər kəs üçün eynidir. Yəni burada açıq səma altında təqdim edilən pavilyonlarda dünyanın aparıcı şirkəti ilə özünün innovativ hesab etdiyi layihəsini təqdim etməyə çalışan tələbə üçün yaradılan nümayiş imkanı eynidir. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gəncliyə xitab edərək hər zaman belə deyir: “Biz artıq sizin zamanınızın müvəqqəti sakinləriyik”.

teyyare.jpeg (25 KB)

Azərbaycan universitetlərinin tələbələri də “Teknofest- 2023” də yeni texnoloji layihələri ilə iştirak edirdi.  

Aprel ayının 29-u. Aerokosmok və Texnologiyalar Festivalının 3-cü günü. Orijinal, bəlkə də dünyada bənzəri olmayan milli türk brendi “Togg” yüz minlərin alqışı ilə Festivalın keçirildiyi Atatürk hava limanında irəliləyir. Sükan arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir! Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə bir ay öncə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü çağırılmışdı. Coşğu ilə qarşılanan milli türk avtomobilinin sükanı əslində elə bütün Türk dünyasının sükanıdır.

WhatsApp Image 2023-04-30 at 21.58.08.jpeg (99 KB)

Bu gün Türk coğrafiyasının güclənməsi 10 il bundan əvvəl inqilablar məngənəsində boğulan və hazırda qismən tərəqqi mərhələsinə qədəm qoyan ərəb dünyasına da öz töhfələrini verir. Bu gün ərəb coğrafiyası türk dünyasına ehtiyac duyur, Türkiyə təcrübəsini öyrənməyə tələsir. Liviyanın baş naziri Əbdülhəmid Dibeybənin “Teknofest”in tribunasında söylədiyi nitqin bəzi məqamlarına diqqət yetirək: “Bu gün burada iştirak etməyim Türkiyə ilə Liviya arasındakı tarixi bağların, Türkiyə və Liviya xalqları arasındakı əlaqələrin bariz nümunəsidir. Əhatə coğrafiyasını ildən-ilə genişləndirən “Teknofest” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə inkişaf etdiyini göstərir. Liviyanın hava hücumundan müdafiə sistemlərinə verdiyi töhfəyə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürümü bildirirəm”. Bu fikirlərin şərhə ehtiyacı yoxdur. Amma düz 12 il əvvəl Liviyanın ictimai-siyasi mənzərəsi tam fərqli idi, ölkə vətəndaş müharibəsində boğulurdu. “Ərəb baharı” ssenarisi on minlərlə insanın həyatına son qoydu, on minlərlə insanı evindən didərgin saldı. Ərəb coğrafiyası tarixən türk coğrafiyası ilə bağlı olub. Osmanlı Türkiyəsi himayəsi altında olan xalqlara, onların mədəniyyətinə hər zaman hörmət və ehtiramla yanaşıb.

İllər öncə ərəb ölkələrinin birində olarkən yaşlı professorun mənə dediyi sözlər yadıma düşdü. “1922-ci ildə ərəb coğrafiyası Qərbin himayəsi altına keçdikdən sonra bütün tarixi incilərimiz, eksponatlarımız Avropaya daşındı. Amma yüz illər boyu, daha dəqiq desəm, türklərin dövründə İstanbula aparılmış bir nümunəmizin belə adını çəkə bilmərik”. Düşünürəm ki, bu fikirlər həm də Türkiyənin nə üçün dördüncü sənaye inqilabının daşıyıcısına çevrilməsi ilə bağlı suallardan birinə cavabdır.

Ötən ilin noyabr ayında Ərəb Liqasının Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonaq statusunda iştirakı ərəb dünyasının türk coğrafiyası ilə tarixi əlaqələrini möhkəmləndirməsiylə yanaşı, Azərbaycanın malik olduğu dayanıqlı sülh və stabil tərəqqi modelindən qaynaqlanmaq istəyindən, ərəb ölkələrinin Azərbaycanla strateji əlaqələrdə son dərəcə maraqlı olmasından xəbər verirdi.

avto.jpeg (63 KB)

Qayıdaq “Teknofest”ə. Bu möhtəşəm və unikal festivalın pop üslubundan bəstələnmiş himnində də deyildiyi kimi, 7-dən 70-ə qədər hər kəsin üzündən maraq, sevinc və gələcəyə dikilən ümidləri sezməmək mümkün deyildi. Bura övladları ilə gələnlər əslində onların gələcəkdə peşə seçimi üçün imkan yaratmış oldular. Göydə şığıyan Türk şahinlərinin sürəti o qədər yüksək idi ki, kameralarımız belə zəruri anı qeydə ala bilmirdi. Əslində bu, Türk coğrafiyasının lokomotivi olan Türkiyənin sürətidir. “Teknofest” həm də ölkələrin bir-biri ilə texnoloji təcrübələri bölüşməsi üçün unikal imkandır. Dünyaya imkanı qazandıran isə daim tərəqqi yolunu üstün tutan Türkiyədir.

mikrofon.jpeg (178 KB)   

Məlumdur ki, bu ilin sonunda iki Türk vətəndaşı kosmosa yola salınacaq. Bu məqamda biz kiçik bir müqayisə üçün yenə də tarixə boylanmalı olacağıq. Əsrlər boyu türklər məskən saldıqları torpaqlarda sülh və əmin-amanlığı bərqərar edib, böyük həvəslə quruculuq işlərini həyata keçiriblər. Dördüncü sənaye inqilabı isə bu gün həm də birbaşa kosmosla bağlıdır. Bu gün türkün yeni tarixi artıq Yer kürəsində yox, kosmosda, bütöv kainatda yazılır.

WhatsApp Image 2023-04-30 at 21.56.56.jpeg (279 KB)  

Kamran QASIMOV  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR