İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan gətirilən mühacirə hökm oxundu

800 16.01.2023 21:25 Kriminal A A

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş mühacir Cəfər Mirzəyevə hökm oxunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, bu gün baş tutan prosesdə Cəfər Mirzəyev hökmdən əvvəl son söz deyib:

“Yenə də ittihamı rədd edirəm. Polis şöbəsində məndən “etirafedici ifadəni” təzyiqlər altında alıblar. Əgər mən belə səmimi idimsə, nəyə görə narokiti əldə etdiyim mənbə və narkotiki satacağım şəxs barədə səmimi məlumat verməmişəm? Sizdə bir hakim kimi sual yaranmırmı? Əgər məndən narkotik çıxmışdısa, niyə gedib evimi də axtarmamışdılar, bəlkə evimdə də var idi?.. Sizə maraqlı deyilmi bunlar? Deyirlər, mən narkotik istifadəçisi də olmuşam. 20 aprel 2020-ci il tarixli ekspertiza rəyinə görə, mənim narkotik asılılığım yoxdur. Bu rəy işin içində də var”.

Cəfər Mirzəyev həbsini sifarişli adlandırıb: “Heç vaxt prezidenti söyməmişəm, təhqir etməmişəm. Ancaq Facebook səhifəmdə məmurların özbaşınalıqlarından yazmışam. Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbiylə keçirilən Almaniyadakı aksiyalarda iştirak etmişəm. Məni bu hərəkətlərimə görə həbs ediblər”.

Cəfər Mirzəyev deyib ki, anadangəlmə sağlamlıq qüsurlarına görə Azərbaycanda yaşayarkən hərbi xidmətə aparılmasa da, 44 günlük müharibə zamanı dəfələrlə Almaniyadakı Azərbaycan konsulluğuna gedərək müharibədə iştirak etmək istəyini bildirib. O, özünü patriot, vətənpərvər kimi dəyərləndirib.

Vəkil Nemət Kərimli jurnalistlərə bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

10 gün əvvəl prokuror Cəfər Mirzəyevə 7 il 6 aylıq həbs cəzası tələb etmişdi. Vəkil Nemət Kərimli isə müvəkkilinə qarşı ittihamların sübuta yetirilmədiyini bildirərək bəraət hökmü çıxarılmasını xahiş etmişdi.

Almaniyadan readmissiya ilə Azərbaycana göndərilmiş və burada narkotik ittihamıyla həbs olunmuş Cəfər Mirzəyev məhkəmə başlayan gündən bildirib ki, onu şərləyiblər. Məhkəmə ifadəsində göstərib ki, 2014-cü ildə ailə qurub, həyat yoldaşıyla Almaniyaya gedib və siyasi sığınacaq istəyib. 7 il Almaniyada yaşadıqdan sonra Almaniya hökuməti onunla bağlı məhkəməyə müraciət edib. Məhkəmə ona öz ölkəsində heç bir təhlükə olmadığını səbəb gətirərək geri qayıtmasını təklif edib. O da məhkəmədən ölkəni tərk etməsi üçün vaxt istəyib. Ancaq 2021-ci ilin noyabrında onu və ailəsini məcburi qaydada Azərbaycana göndəriblər. Ölkəyə qayıdan kimi ailəlikcə karantinə alınıblar. Karantində olduğu müddətdə Baş Prokurorluqdan gələrək onu dəvət edəcəklərini desələr də, sonradan əlaqə saxlayan olmayıb. 2022-ci il yanvarın 28-də Ramana qəsəbəsindəki “Güvən İnşaat” mağazasında mülki geyimlilər onu zorla maşına mindirərək polis bölməsinə aparıb, döyüblər, psixoloji təzyiq göstəriblər və üzərindən narkotik götürülməsi barədə saxta protokol tərtib ediblər.

Cəfər Mirzəyevin həbsi ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, o, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədə narkotik tərkibli həb tapılıb. Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi başlanıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR