İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada iqtisadi azalma qeydə alınıb

340 15.01.2024 16:46 Dünya A A

2023-cü ildə Almaniya iqtisadiyyatı 2020-ci ildən sonra ilk dəfə kiçilib.

Musavat.com xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına əsasən, ötən il ölkədə ümumi daxili məhsul istehsalı 2022-ci illə müqayisədə 0,3 faiz azalıb. Buna səbəb kimi qurum yüksək inflyasiya, artan faiz dərəcələri və həm ölkə daxilində, həm də xaricdə aktivliyin azalmasını qeyd edir.

İnflyasiya və təqvim amilləri nəzərə alınmaqla ÜDM-in real azalması 0,1 faiz təşkil edib.

Qurumun rəhbəri Ruth Brandın sözlərinə görə, Almaniyada ümumi iqtisadi göstəricilər çoxsaylı böhranlarla xarakterizə olunan bir mühitdə 2023-cü ildə pisləşib:

"Son zamanlar inflyasiyanın zəifləməsinə baxmayaraq, bütün iqtisadi proses boyu qiymətlər yüksək olaraq qaldı və iqtisadiyyatın artımının qarşısını aldı. Faiz dərəcələrinin artması, daxili və xarici tələbin zəifləməsi ilə bağlı əlverişsiz maliyyə şərtləri də öz təsirini göstərdi".

Destatisin hesablamalarına əsasən, 2023-cü ildə Almaniya ÜDM-nin həcmi 2019-cu illə müqayisədə 0,7 yüksək olub.

Rəsmi statistikaya əsasən, Almaniyada ötən il istehlak xərcləri 0,8 faiz azalıb, dövlət xərcləri təxminən 20 ildə ilk dəfə - 1,7 faiz, əsas kapitala ümumi investisiya isə 0,3 faiz azalıb. 2023-cü ildə Almaniyanın ixracının həcmi 1,8 faiz, idxalı isə 3 faiz azalıb. İstehsal sektorunda aktivlik 2 faiz, o cümlədən emal sənayesində 0,4 faiz azalıb. Tikinti sektorunda 0,2 faiz artım qeydə alınıb.

Destatis qeyd edir ki, xidmət sektorunun əksər seqmentləri keçən il artım göstərib, lakin əvvəlki iki ildəkindən daha zəif olub. İnformasiya və rabitə xidmətləri sahəsində aktivlik 2,4 faiz, dövlət xidmətləri, təhsil və səhiyyə sahələrində 1 faiz, biznes xidmətləri sahəsində 0,3 faiz artıb. Eyni zamanda, ticarət, nəqliyyat, habelə yaşayış və qida xidmətlərini birləşdirən seqmentdə 1 faiz azalma qeydə alınıb.

2023-cü ildə Almaniyanın dövlət büdcəsinin ümumi kəsiri 82,7 milyard avro təşkil edib ki, bu da bir il əvvəlkindən 14 milyard avro azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR