İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar niyə “Zvartnos”dan çıxdılar?..

589 03.08.2024 14:17 Yazarlar A A

Bəlkə də bu sualın ən dürüst və lakonik cavabı budur ki, məsələ hələ ötən il razılaşdırılmışdı, ruslar hələ onda söz vermişdilər ki, bu ilin avqust ayında “Zvartnos”dakı missiyalarını Ermənistana təhvil verəcəklər. Amma burada daha bir sual yaranır: bəs nə yaxşı ruslar belə asanlıqla Ermənistandakı mövcud mövqelərindən imtina edirlər?

Bəzi mənbələrə inansaq, onlar Ermənistanın sərhədlərini də yerli hakimiyyətin nəzarətinə verirlər! Hərçənd, digər mənbələrin iddiasına görə, aeroportdakı rus sərhədçilər də Ermənistandan çıxmayıblar, onlar indi İran və Türkiyə ilə sərhədə göndəriliblər.

Üstəlik, məsəl var, belə deyirlər ki, iştah yemək vaxtı gəlir. Bu baxımdan, Paşinyan hakimiyyətdə qala bilsə, digər rus sərhədçilərinin də məsələsi gündəmə gələcək. Bax, elə bu səbəbdən yuxarıdakı sual həqiqətən də çox düşündürücüdür. Burada bir neçə məqam ola bilər.

Birincisi, Rusiya artıq üçüncü ildir ki, Ukrayna ilə aramsız müharibə aparır. Əslində isə bu müharibə daha əvvəl, 2014-cü ildə Donetskidən və Luqanskdan başlamışdı.

Hazırda rusların hər gün orta hesabla bir neçə yüz nəfər canlı qüvvə itirdiyi deyilir. Bəli, Moskva ciddi demoqrafik problem yaşayır. Onlar hərbi çağrışla bağlı qanunvericiliyi sərtləşdirməkdə davam edirlər, hətta hərbi qeydiyyatda olmayan adamları vətəndaşlıqdan məhrum edəcəklərini də bildirirlər. Odur ki, Kremlə canlı qüvvə su və hava kimi lazımdır.

Onlar həm də belə hesab edirlər ki, sırf hərbi iştiraka gəldikdə, Ermənistanda hərbi bazaları var, ona görə də sərhədlərə və yerli aeroporta nəzarəti yerli Ermənistan hakimiyyətinə verə bilərlər. İkincisi, Ermənistanın sərhədlərinə nə Azərbaycan, nə də Türkiyə tərəfindən hər hansı təhdid yoxdur. Ankaranın və İrəvanın təmsilçiləri elə bu günlərdə bir araya gəlmişdilər ki, normallaşma prosesinin bəzi aspektlərini müzakirə etsinlər. Üçüncüsü, şəxsən bizə elə gəlir ki, İrəvanın uzaqlaşması, hətta KTMT-dən çıxması Moskva üçün çox da böyük faciə deyil. Biz dəfələrlə bəzi Mərkəzi Asiya ölkələrinin təcrübəsini misal gətirmişik: onların bəzisi KTMT-ni tərk edib və yenidən geri qayıdıblar. Oxşar ssenarilər NATO-nun da tarixində olubdur. Bir vaxt Yunanıstan və Fransa NATO-nun hərbi təşkilatını tərk etmişdilər, amma sonradan əvvəlki statuslarını bərpa etdilər. Üstəgəl, ermənilərin yiyələri həmişə çox olubdur. Sovetlərin vaxtında belə onların bizdən fərqli olaraq xariclə ciddi əlaqələri olubdur. Bu mənada onlar, ola bilsin, müəyyən qədər Baltik respublikalarından geri qalıblar. Onların ABŞ-da və Fransada çox böyük diasporaları var və bu, hamıya bəllidir. Ona görə də haylar Rusiyanın təzyiqləri qarısında tam arxasız və yiyəsiz də deyillər. Amma Ermənistanın Rusiya ilə çox böyük iqtisadi, energetik və kommunikasion bağlılığı var ki, ABŞ və Qərb bundan məhrumdur.

Odur, Kremldə düşünürlər ki, ABŞ və Qərb hətta istəsələr belə Ermənistanın bütün yükünü tam şəkildə çiyinlərinə götürə bilməzlər.

Üstəgəl, bir neçə dəfə qeyd etmişik ki, Moskva Ermənistandakı son Qərb siyasi küləklərini daha çox baş nazir Nikol Paşinyanın “xidməti” hesab edir və düşünürlər ki, Paşinyanın hakimiyyətdən getməsilə bu proses də bitəcək, hətta bu tarixə çox qalmayıbdı – 2026-cı ildə hər şey həllini tapacaq.

Çox təəssüf ki, onların bu xüsusdakı gözləntiləri tamamilə əsassız da deyil. Bu yaxınlarda amerikalıların keçirdiyi sorğularda Nikol Paşinyanın partiyası liderliyini saxlasa da iyirmi faizdən də az dəstək almışdı. Amma elə həmin sorğularda cəmi 17 faiz ölkələrinin KTMT-də qalmasını istəmişdi...

Odur ki, vəziyyət çox mürəkkəbdir. Düzdür, Qərb tədricən Ermənistandakı dayaqlarını artırır. ABŞ burada yeni AES tikmək istəyir ki, bu da İrəvanın Moskvadan energetik asılılığını azalda bilər.

Vaşinqton bu ölkədə birgə hərbi təlimlər keçir və öz adamını müdafiə nazirliyində əyləşdirir.

Amma bütün bunlar, hətta Avropa İttifaqıını erməni ordusuna ayırdığı 10 milyon dollar da hələ kiçik addımlardır. Həm də Moskvanın prosesə nisbi səbrlə yanaşmasının əsl səbəbi də budur ki, İrəvanın həmişə “iki adaxlısı” olub və hətta Kreml də buna alışıbdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR