İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada “Bakıya qarşı sanksiya tətbiq et” çağırışı

1500 30.03.2023 10:56 Siyasət A A

İrəvan Avropada yeni “dayı” axtarışında

Almaniyaya səfəri çərçivəsində martın 28-də Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Almaniya Bundestaqının sədri Berbel Bass ilə görüşüb. Görüşdə erməni spiker Laçın dəhlizindəki “böhran” və “blokada” haqda ənənəvi yalanları dilə gətirib, Azərbaycan “etnik təmizləmə siyasətində” ittiham edib.  Aloyan deyib ki, Haaqa Beynəlxalq Məhkəməsi Laçın dəhlizi ilə bağlı Azərbaycanın üzərinə “öhdəlik” qoyub. “Biz gözləyirik ki, alman tərəfdaşlarımız Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə məhkəmə qərarının Azərbaycan tərəfindən dərhal icrasını təmin etmək üçün fəal addımlar atacaqlar”, - o vurğulayıb. O əlavə edib ki, Ermənistan Almaniya tərəfinin regionda sülhün bərqərar olması səylərini alqışlayır, Ermənistanda Aİ müşahidəçilərinin uzunmüddətli missiyasının yerləşdirilməsi qərarını dəstəklədiyinə görə Almaniya hökumətinə təşəkkür edir.

Görünən odur ki, Fransadan sonra Ermənistan Avropada fəal olaraq özünə daha bir “dayı” tapmaq iddiasına düşüb. Paşinyandan sonra spikerin də Almaniyaya səfəri bunun göstəricisi sayıla bilər. Fransa hazırda dərin böhran içərisindədir və Makronun reytinqi ən aşağı səviyyəyə düşüb. Ermənistan indi  Rusiyaya qarşı sərt mövqe tutan Almaniyanın simasında  həm yeni müttəfiq, həm də  Azərbaycana qarşı yeni “cəbhə” açmaq  kimi planlar qurur. Ermənistan Almaniyanın timsalında özünə yeni dayaq əldə edə bilərmi? Almaniyanın Ermənistan üçün Fransa olması mümkünmü?

İki əxlaqsız bacını, ən əsası da Fransanı sındırdıq - Yeganə Hacıyevanın  yazısı

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Avropa İttifaqı ölkələrindən özünü ifşa etmiş Fransadan sonra Almaniya ilə yaxınlaşmasının arxasında Rusiya izini axtarmaq lazımdır: “İstər Almaniya, istərsə də Fransa üçün təkcə Avropada deyil, digər regionlarda da Rusiya ilə koordinasiyalı oynayır və birlikdə Çin və ABŞ arasında balans faydalanmağa çalışırlar. Almaniyanın Rusiyaya sərt cəbhə açması fikrinin isə informasiya təqdimatından kənarda ciddi əsasları yoxdur, çünki bütün sahələrdə əməkdaşlıqları necə var idisə, elə də davam edir. Rusiya Almaniyada xarici investor qismində birinci dövlətdir, investisiya, maliyyə və enerji dairələrində söz sahibidir. Ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyində Rusiyanın operator ölkəsi də məhz Almaniyadır, həm ortaq dövlət təcrübəsi var. Fransada isə qismən fərqlidir, bu ölkədə Rusiyanın təsir dairələri kimi aktiv lobbi qrupları var. Bu qruplar seçkilərdə Emmanuel Makronun xeyrinə fəaliyyət göstərdilər. Əsas erməni lobbi qrupu olmaqla, Yaxın Şərqdən olan PKK və müsəlman qruplarının Fransa siyasətində mütəşəkkil iştirakı Rusiyadan koordinasiya edilir. Odur ki, Ermənistan rəsmilərinin Almaniya daxil, Avropa turnesini Rusiya təşkil edir. Lakin Almaniyanın Ermənistana Fransa qədər qucaq açması, Ermənistanı Fransa qədər müdafiə etməsi ehtimalı yüksək deyil. Almaniyada ermənilərin sayı da Fransadakı qədər deyil”.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov isə bildirdi ki, Almaniya ilə Ermənistan arasında təmaslar son dövrlər çoxalıb. Bu yaxınlarda baş nazir Nikol Paşinyanın Almaniya səfərində bizim maraqlarımıza uyğun olmayan bir sıra fikirlər səsləndi. Eyni zamanda həmin vaxt Almaniya kanslerinin də qərəzli bəyanatı oldu. Sonradan isə bu bəyanat Almaniya hökumətinin saytından silindi: “Önəmli məsələ bundan ibarətdir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Ona görə də hazırkı durumda Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı strateji əhəmiyyətlidir. Lakin biz görürük ki, Ermənistan bütün gücü ilə bu əməkdaşlığı zədələmək istəyir. Avropa İttifaqının nüfuzlu dövlətləri ilə əlaqələri intensivləşdirmək həm də buna xidmət edir. Ermənistanın parlament sədri də Almaniyaya səfər edib oradan Azərbaycana qarşı ittihamlar irəli sürüb, Almaniyadan dəstək istəyib. Belə görünür ki, Ermənistan Almaniyanı da Fransa kimi özünün dəstəkçisi etməyə çalışır. Fransanın mövqelərinin zəifləməsi, Fransanın başının özünə qarışması Ermənistanı Almaniya ilə əlaqələri gücləndirməyə meylləndirir. Almaniyanın Azərbaycanla münasibətləri normal əməkdaşlıq münasibətləri səviyyəsindədir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri reallaşıb. Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Almaniya-Azərbaycan münasibətlərinə Ermənistanın mane olması elə də asan deyil. Azərbaycan Cənubi Qafqazda Almaniya üçün Ermənistandan daha vacib, mühüm ölkədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR