Almaniya müdafiə şirkəti "Hensoldt" Parisdə keçirilən "Eurosatory" silah sərgisində Ukrayna silah istehsalçısı "Fire Point" ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
Musavat.com xəbər verir ki, şirkət bununla bağlı açıqlama ilə çıxış edib:
"Hensoldt" və "Fire Point" Parisdə keçirilən "Eurosatory" silah sərgisində anlaşma memorandumu imzalayıblar. Sazişin məqsədi ballistik raketləri aşkarlaya və ələ keçirə bilən raketdən müdafiə sisteminə sübut olunmuş və hazır komponentləri birgə inteqrasiya etməkdir".
Sazişin məqsədi Ukraynanın hava müdafiəsini gücləndirməkdir.
Bəyanatda həmçinin deyilir:
"Hensoldt" raketdən müdafiə sistemi üçün radar sistemlərinin istehsalı, sınaqdan keçirilməsi və çatdırılmasından məsuldur və onların ümumi sistemə inteqrasiyasını dəstəkləyir".
"Hensoldt" vurğulayıb ki, bu radarların 1500-ə qədər müxtəlif hava hədəfini aşkarlaya və izləyə bilmə qabiliyyəti var. Alman radarlarının "Fire Point" tərəfindən hazırlanmış "Freyja" hava hücumundan müdafiə raket sisteminə inteqrasiyası planlaşdırılır. Radarların sayı və potensial çatdırılmaların dəyəri barədə məlumat hazırda açıqlanmır.
Münhen yaxınlığındakı Taufkirchen şəhərində yerləşən "Hensoldt" şirkəti radarların və optik sistemlərin istehsalında ixtisaslaşıb.
Şirkət quru, dəniz, hava və kosmik qüvvələr, eləcə də kibermüdafiə üçün sensorlar, elektronika və proqram təminatı hazırlayır.
Şirkətin öz məlumatlarına görə, ötən il gəliri 2,46 milyard avro olub.
Musavat.com






