İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin qərəzli Cənubi Qafqaz siyasəti - Azərbaycanın barış mövqeyi kimlərin planlarını pozur...

800 16.11.2023 10:59 Siyasət A A

 

Qoca qitənin dövlətləri sülhə yox, onun baş tutmamasına hədəflənib; politoloq: “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyəti Avropa ölkələrinin iştahını artırıb”

Postmüharibə dövründə Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün özünü maraqlı və səmimi (?) vasitəçi kimi göstərməyə çalışdı. Bu istiqamətdə bir neçə görüş təşkil olundu və Azərbaycan bütün təmaslarda iştirak edərək, öz barış mövqeyini bir daha sərgilədi. 

Lakin zaman keçdikcə bəlli oldu ki, Aİ heç də səmimi deyil və onları maraqlandıran sülh müqaviləsi deyil. Fransa və Almaniyanın tam, açıq qərəzli mövqeləri o həddə çatdı ki, Azərbaycan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən görüşdə iştirakdan imtina elədi. Faktiki olaraq Avropa coğrafiyasında tutulan Cənubi Qafqaz siyasəti birmənalı olaraq sülhün baş tutmamasına yönəlib. Azərbaycan bunu ifşa edəndən və “regionla bağlı məsələlər regiondan kənar qüvvələrlə müzakirə olunmamalıdır” kimi haqlı mövqeyini ortaya qoyandan sonra Aİ kartları açıb. Birmənalı şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirirlər. Həmçinin Ermənistanı növbəti dəfə fitvalamaq, vəziyyəti gərginləşdirmək üçün onu silahlandırırlar. 

“Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür”. 

Bu, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelə cavabında qeyd edilib. “Bu məqsədlə, digər sahələrlə yanaşı, hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir. Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq” - deyə, bəyanatda vurğulanıb. 

Avropa İttifaqının eybəcər Cənubi Qafqaz siyasətinin arxasında hansı səbəblər dayanır? Onlar sülhün regional qaydada baş tutmaması üçün niyə dəridən-qabıqdan çıxırlar? Bunu Rusiya ilə savaş kontekstində də şərh etmək mümkündürmü? 

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, Qərb təbii olaraq, hər zamankı kimi ikibaşlı siyasət həyata keçirir: “1 milyonadək azərbaycanlı qaçqın və məcburi köçkün üçün heç bir narahatlıq keçirməyən Qərb ölkələri indi 100 min erməninin - hansı ki, könüllü çıxıb gediblər - Qarabağa geri qayıtması üçün əllərindən gələni əsirgəmirlər. 13 noyabrda Aİ Xarici İşlər Şurasının toplantısında Cozep Borrel bildirib ki, "Ermənistanın ərazi bütövlüyünün pozulması bizim üçün qəbuledilməzdir və belə bir şey baş verərsə, bu, bizim Azərbaycanla münasibətlərimizin keyfiyyətinə ciddi təsir göstərəcək". Halbuki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə Aİ-Ermənistan münasibətləri heç bir neqativ keyfiyyət dəyişikliyinə məruz qalmamışdı, əksinə, Aİ indi Ermənistanı Qərblə inteqrasiyaya həvəsləndirir. Bu, daha çox Rusiyanın narahat olduğu bir məsələdir. 

Avropa İttifaqı vaxtilə Gürcüstanın Avroatlantik inteqrasiya istəyini həvəsləndirdi və nəticə 2008-ci ilin avqustunda Rusiya ilə 5 günlük müharibə oldu. Aİ Ukraynanın Avroatlantik həvəslərini dəstəklədi və nəticə 2014-cü ildə Krımın Rusiyaya ilhaqı, 2022-ci ildə isə genişmiqyaslı müharibənin başlanması, Donetsk, Luqansk, Zaparoje və Xersonun ilhaqı, Ukraynanın de-fakto parçalanması oldu. Maraqlıdır ki, Ukraynanı Aİ və NATO-ya üzvlüyə dəvət edənlər indi Ukraynaya çağırış edirlər ki, Rusiya ilə müharibəni dayandırsın və hazırkı (parçalanmış) vəziyyətdə Qərb blokuna daxil olsun. Yəni Avropa və Amerikanı maraqlandıran Rusiya və Çin qarşısında öz bloklarının genişlənməsidir. Bunun bloka daxil olan dövlət, o cümlədən Ermənistan üçün nə bahasına başa gələcəyi onları qətiyyən maraqlandırmır. 

İndi ermənilər öz Avroatlantik xəyalları ilə dövlətçiliklərini qurban verməklə məşğuldurlar. Lakin burada Azərbaycan üçün həssas məqam ondan ibarətdir ki, Cənubi Qafqaz barıt çəlləyinə dönərsə, bundan bütün region dövlətləri, o cümlədən biz də zərər görə bilərik. Odur ki, Azərbaycan tərəfi rəsmi diplomatik kanallar yolu ilə həm Ermənistanın siyasi isteblişmentini, həm də Avropa qurumlarını xəbərdar edir. Bu xəbərdarlıq həm də ona görə edilir ki, Ermənistanın tutduğu Qərb bloku ilə inteqrasiya yolu Qərbin Ermənistana yerləşərək onu silahlandırması ilə müşayiət olunur. 1 il öncə təsis olunan Avropa müşahidə missiyasının tərkibinin genişləndirilməsi və müddətinin uzadılması, eləcə də fransız silahlarının Ermənistana verilməsi, gələcəkdə “Avropa Sülh Təşəbbüsü” mexanizmi ilə bu hərbi dəstəyin daha da artırılma ehtimalı xüsusilə qeyd edilə bilər. Nəticə etibarilə bütün bunlar ermənilərin revanşist hisslərinin qabarması ilə nəticələnə bilər ki, bu da uzaq perspektivdə regional sülhü təhdid etmək potensialını özündə daşıyır. Azərbaycan uzaqgörən davranaraq bu ssenarinin qarşısını almağa çalışır. Azərbaycan öz çağırışları ilə əslində sülhü xilas etməklə, həm də Ermənistanı yanlış addım atmaqdan xilas edir. Hazırda Ermənistan üçün ən rasional seçim Azərbaycanla sülh müqaviləsini imzalaması və 3+3 formatında regional əməkdaşlığa töhfə verməsidir". 

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Təşkilat və Seçki Məsələləri  üzrə müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Afsəddin Nəbiyev

AMİP sədrinin müavini, siyasi ekspert Afsəddin Nəbiyev bu prosesdə dünya azərbaycanlılarının bir yerdə olmalarının vacibliyini önə çəkdi: “Avropa İttifaqı ənənəvi ikili - üçlü eybəcər siyasətini Cənubi Qafqaz regionunda davam etdirməkdədir. Əvvəlki illərdə məkrli niyyətlərini gizli etsələr də, Azərbaycanın  ardıcıl qələbələrini gördükcə əsl "mahiyyətlərini" ortaya çıxardılar. Məntiqlə bir az geridə buraxdığımız illərə baxsaq, Avropa İttifaqında təmsil olunan dövlətlərin əksəriyyəti Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistanın işğalçı siyasətinə qarşı heç bir koalisiya yaratmağı heç vaxt düşünmədilər. Ancaq indi görürük ki, bu dövlətlər öz aralarında ermənidən çox ermənilik etmək yarışı aparırlar. İşğal dövründə heç vaxt Ermənistana sanksiyalar tətbiq olunsun demədilər. Ara-sıra beynəlxalq hüququn nəzəri əsaslarını dilə gətirməklə gündəmdə qalmağa çalışırdılar. Ancaq indi bu qurumlar xor kopellası yaradaraq məzlum Ermənistan obrazı yaratmaqla məşğuldurlar. Tarixdə belə ədalətsiz yanaşmalar bir müddətdən sonra bumeranq effekti yaradır. Buna aid onlarla misal çəkmək olar. Vaxtilə işğaldan əziyyət çəkmiş Avropa dövlətləri müasir dünyada işğalçı dövlətin yanında yer almaqdadır. Bu məsələ indiki dövrdə Rusiya amili ilə bağlıdır. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyəti Avropa dövlətlərinin iştahını artırıb. İndi bu dövlətlər haqdan, ədalətdən hüquqdan danışdıqca insanlarımızda ikrah hissi yaradırlar. Son vaxtlar tarixi Zəfərimizi, Azərbaycanın müstəqil siyasətinin uğurlarını həzm edə bilməyən Fransa kimi dövlətlər dünya siyasətinə onsuz da ədalətsizlikdən başqa heç nə verə bilməyiblər. Bu dövlətlərin nümayiş etdirdikləri qərəzli riyakar mövqe onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliyinin göstəricisi kimi qiymətləndirilməlidir.  Onların həqiqi istəkləri sülh təşəbbüsləri deyil, aranı qarışdırmaqdır. 

Biz də bu qarayaxma kampaniyasında sakit durub onları seyr etməli deyilik. Bu dövlətlərin iyrənc hərəkətlərinə qarşı bir susqunluq hiss olunmaqdadır. Azərbaycan dövləti necə ki, daxili birliyi, sabitliyi təmin etməklə böyük uğurlara imza atdı, bu prosesi də uğurla sonlandırmaq üçün qəti hərəkətə keçməliyik. Dünyada yaşayan bütün azərbaycanlılar bu prosesdə dövlətimizin yanında olmalıdır. Mövqeyindən asılı olmayaraq diaspor təşkilatlarında informasiya savaşında Azərbaycanın haqq səsini çatdırmalıyıq. Vətən savaşında olduğu kimi, bu məkrli oyunlar quran dövlətlərin planlarını onların gözündə qoymalıyıq. İnanıram ki, belə olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR