İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Kremlə "saxta sülh" şansı vermir: ABŞ-ın Rusiyanı Ukraynada "əritmək" planı savaşı illərlə uzadacaq

2433 08.12.2022 19:45 Analitika A A

Kreml sahibi Vladimir Putin keçmiş SSRİ-nin "dünya nəhəngi şneli"ni Rusiyanın da əyninə keçirtməyə çalışsa da, ölkəsini artıq üçüncü dünya dövləti səviyyəsinə endirməyə başlayıb... Nəticədə indi yalnız Rusiyanın sülh təkliflərini dünya üçün yeni " hiyləgər tələ" hesab edən rəqibləri deyil, elə ənənəvi müttəfiqləri də daha Kremlin mümkün qəzəbindən çəkinmirlər, zəifləyən Rusiyanın maraqlarına əhəmiyyət verməyə ehtiyac duymurlar...

Rusiyanın gələcək taleyi qeyri-müəyyən xarakter almağa başlayıb. Kreml Ukrayna savaşında məğlub olma ehtimalını yaxına belə, buraxmır. Ancaq Rusiyanın hərbi qələbəsinin mümkünlüyü barədə danışmağa risk edənlərə də rast gəlinmir. Və bu, Rusiya üçün sonun başlanğıcı kimi dəyərləndirilə biləcək önəmli bir məqamdır.

Kremlə yaxınlığı ilə diqqəti çəkən rus politoloq Sergey Markov da etiraf edib ki, Rusiya ordusunun hərbi qələbələrindən daha çox onun savaş poliqonundakı problemlərindən danışmaq mümkündür. O, Stalin dövründə qələbə qazana bilməyən, savaş meydanında məğlub olan hərbi sərkərdələrin necə cəzalandırıldığını xatırladıb. Digər rus politoloq İqor Korotçenko da həmkarının fikirlərinə yaxın mövqedən çıxış edir. İ.Korotçenko hesab edir ki, Rusiya ordusunda vəziyyəti dəyişmək üçün Stalin dövründə fəaliyyət göstərmiş "Smerş" hərbi polis strukturunu bərpa etməyə ehtiyac yaranıb.

Belə anlaşılır ki, Rusiyada bir çoxları ölkəni düşdüyü durumdan çıxış çıxartmaq üçün gələcəyə yönəlik inkişaf proqramları üzərində işləmək niyyətində deyillər. Əksinə, mümkün çıxış yolunu daha çox keçmişə bağlı olduqca qəddar örnəklərdə axtarmağa üstünlük verirlər. Və bu, Rusiyanı o qədər də ümidverici gələcəyin gözləmədiyi ilə bağlı iddialara haqq qazandırmış olur.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)

Əslində, Rusiya prezidenti Vladimir Putinin son açıqlamasında da təxminən oxşar eyhamlar mövcuddur. Belə ki, Kreml sahibi Ukrayna savaşının hələ uzun müddət davam edə biləcəyini vurğulayıb. Yəni, prezident Vladimir Putin Rusiya cəmiyyətini və əhalini tədricən sonu görünməyən savaş ehtimalına hazırlamağa ehtiyac duyur.

Təbii ki, Kremldə Rusiyanın düşdüyü mövcud durum birmənalı şəkildə ABŞ və Qərbin bu ölkəni dağıtmaq planları ilə izah edilir. Hər halda, Kremlin rəsmi propoqandası hazırda məhz xarici düşmənlərin "məkrli niyyətləri" üzərində qurulub. Və bu propoqandada Putin hakimiyyətinin buraxdığı taleyüklü səhvlərin, Rusiyanın yanlış hərbi-siyasi hesablamalar ucbatından "savaş bataqlığı"na salınmasının üzərindən sükutla keçilir.

Ancaq Qərb mütəxəssisləri Kremlin "propoqanda maşını"nı idarə edənlər qədər "insaflı" deyillər. Belə ki, dünyaca ünlü “Politico” nəşri Rusiya prezidenti Vladimir Putini “2022-ci ilin ən uğursuz dövlət başçısı” elan edib. ABŞ nəşri hesab edir ki, Ukraynanı ələ keçitrmək cəhdləri iflasa uğrayan Kreml sahibi “ilin məğlubu” adına layiqdir. Və belə qənaət üçün əslində, kifayət qədər ciddi əsaslar da mövcuddur.

Məsələ ondadır ki, Qərb ekspertləri prezident Vladimir Putinin “Böyük Rusiya” layihəsinin bundan sonra heç vaxt reallaşmayacağına tam əmindirlər. Onun Ukraynanı işğal etmək planları demək olar ki, savaş başlandıqdan qısa müddət sonra uğursuzluğa düçar olub. Cəmisi üç gün ərzində Kiyevdə qələbə paradı keçirəcəyi iddia olunan Rusiya ordusu indi şərq cəbhəsində Ukrayna qoşunlarının qarşısında çətinliklə duruş gətirir. Və hərbi səfərbərliyə cəlb edilmə təhlükəsi ilə barışmayan yüzminlərlə Rusiya vətəndaşı ölkəsini tərk etməyə üstünlük verib.

0f16f6a8-6cd7-44d5-b440-82f27645109d.jpg (80 KB)

Kreml sahibi keçmiş SSRİ-nin "dünya nəhəngi şneli"ni Rusiyanın da əyninə keçirtməyə çalışsa da, ölkəsini üçüncü dünya dövləti səviyyəsinə endirdi. Nəticədə indi yalnız beynəlxalq rəqibləri deyil, elə ənənəvi müttəfiqləri də daha Kremlin mümkün qəzəbindən çəkinmirlər, zəifləyən Rusiyanın maraqlarına əhəmiyyət verməyə ehtiyac duymurlar. Hətta Kremlin son ümid yeri olan "nüvə şantajı" belə, indi Rusiyanın vəziyyətinin dəyişməsinə hər hansı imkanlar açmır.

Ancaq Rusiya nə qədər çıxılmaz vəziyyətə düşmüş olsa da, Kreml yaxın vaxtlarda hərbi məğlubiyyətini etiraf etməyə də hazırlaşmır. Əksinə, Rusiyanın məğlub tərəfə çevrildiyi savaşda indi Kreml inadkarlıqla müdafiə olunmaq niyyətindədir. Əsas hədəf isə Ukrayna savaşı və Rusiyaya qarşı sanksiyaların əks təsirləri sayəsində Avropa məkanında bütün sahələr üzrə böhranın daha da dərinləşməsinə nail olmaqdır. Kreml belə bir dağıdıcı böhran hesabına Rusiyaya sərfəli şərtlərlə sülh sazişinə Qərb ölkələrini məcbur edə biləcəyinə ümid bəsləyir.

Təbii ki, ABŞ və Qərb Kremlin Avropa məkanında yaranmış vəziyyətdən Rusiyanın hərbi-siyasi məqsədilərlə istifadə etmək niyyətini anlamamış deyillər. Ona görə, iqlim şəraitindən, enerji böhranından və digər sosial-iqtisadi problemlərdən istifadə etməyə çalışan Rusiyaya müvəqqəti də olsa, zaman qazanmaq üçün sülhə nail olmasına şans tanımaq istəmirlər. Və ABŞ-ın rəsmi dairələri artıq bu barədə açıq mesajlar verməyə başlayıblar.

Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna ilə "saxta sülh sazişi" ilə bütün dünyanı aldada biləcəyini düşünür. Onun fikrincə, Kreml buna nail olmaqla, yeni hərbi əməliyyatlara hazırlaşmaq üçün vaxt qazanmaq niyyətindədir. Və ABŞ-ın dövlət katibi hesab edir ki, Kremlin sülh təkliflərinə inanmaq Rusiyanın qurduğu yeni "tələ"yə düşmək təhlükəsi yarada bilər.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Maraqlıdır ki, amerikalı diplomat atəşkəs təklifləri ilə yeni "dondurulmuş münaqişə" yaratmağa, Rusiyanın işğal etdiyi ərazilər ətrafında danışıqların bloklanmasına, "saxta sülh" dövründə isə öz qoşunlarını təkrarən döyüş qabiliyyətli vəziyyətə gətirməyə və hər şey hazır olduqdan sonra növbəti dəfə hərbi əməliyyatlara başlamağın planları qurmağa çalışdığına əmindir. ABŞ Ukrayna rəhbərliyinə Rusiyanın belə imkanlar qazanmasına imkan verilməsinin yolverilməzliyini xatırladır. Və rəsmi Kiyev də buna adekvat mövqe tutduğunu qətiyyən gizlətmir.

Məsələ ondadır ki, rəsmi Kiyev Rusiya ilə savaşın yaxın vaxtlarda sona çatmayacağını bəyan edib. Belə ki, savaşın sona çatması üçün işğal altındakı Ukrayna ərazilərinin azad edilməsinin qətiyyən yetərli olmadığını vurğulayıb. Rəsmi Kiyev hesab edir ki, sülh sazişinin imzalanması üçün Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinin tamamilə silahsızlaşdırılması indi əsas hədəfdir. Və ona görə də Kreml savaşın sona çatması üçün Rusiya qoşunlarını Ukrayna sərhədlərindən 100 kilometr uzaqlaşdırmalı olacaq.

Göründüyü kimi, rəsmi Kiyev və Ukraynanın əsas savaş müttəfiqi ABŞ Rusiya ilə yaxın vaxtlarda savaşı yekunlaşdırmaq niyyətindən uzaqdırlar. Yeni sülh şərtləri hazırda Kreml üçün qəbuledilməz məzmun daşıyır. Ona görə də, hazırda Rusiyanın hələ uzunmüddət savaş vəziyyətində qalmalı olacağı qətiyyən şübhə doğurmur. Ukrayna savaşının daha sonrakı mərhələlərində Rusiyanın belə ağır şərtlərə davam gətirə biləcəyi inandırıcı görünmür. Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanın nəhəng dövlət statusunun savaş meydanında tamamilə "əriyib", yox olmasında maraqlıdır. Və Rusiyanın hərbi-iqtisadi resursları tükəndikdən sonra bu hədəfin reallaşa biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR