İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Azərbaycandakı etirazları görməzdən gəlir - səbəb

949 05.07.2023 12:41 Siyasət A A

Yeganə Hacıyeva: “Sərhəddə bu cür zavod tikilməsində məqsəd iki ölkə arasındakı münasibətləri korlamaqdır”

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Hasilat Sənayesində Şəffaflıq koalisiyası Ermənistanda Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Arazdəyən (Yerasx) yaşayış məntəqəsində iri metallurgiya müəssisəsinin tikintisi ilə bağlı mövqe sənədi yayıb.

Sənəddə Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən sənəddə qeyd olunur ki, 16500 kvadratmetr sahəni əhatə edəcək müəssisədə hər il 180 min ton metal məhsul istehsal olunacaq.

“Metallurgiya müəssisələri müxtəlif emalatxanalardan və çox vaxt daha kiçik zavodlardan ibarət mürəkkəb istehsal kompleksləridir. Metallurgiya müəssisələrində texnoloji proseslər qazların, tozun, şlakların, tullantı sularının, zəhərli kimyəvi maddələrin və digər emissiyaların böyük miqdarda buraxılması ilə müşayiət olunur.

Metallurgiya zavodları torpaq, su və hava çirkliliyinin ağır emissiyalarının mənbəyidir. İstehsal bitdikdən sonra da ətraf mühitə mənfi təsir göstərə bilərlər. Yığılmış tullantılar, xüsusilə lil, şlak və tozlar, kimyəvi qazlar, kimyəvi maddələrin qalıqları illər uzunu ətraf mühiti çirkləndirən maddələr kimi qalır. İstehsal prosesində filiz hasilatı, nəqli, əzmə və xırdalama, ələmə, flotasiya, maqnit ayırma, yuyulma və s. kimi çoxsaylı texnoloji əməliyyatların cəlb edilməsi ilə metal komponentlərin və  birləşmələrinin ətraf ərazilərdə uzunmüddətli ekoloji problemlər əmələ gəlməsi ilə müşayiət olunur", - sənəddə deyilir.

Qeyd olunur ki, Naxçıvanla sərhədin 800 metrliyində tikiləcək bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər və tullantıların Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.

Koalisiya xatırladır  ki, Ermənistanın digər iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək dərəcədə çirklənmiş kimyəvi tərkibli istehsalat suları uzun müddət Araz çayını və Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir.

Sənəddə deyilir ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalıdır.

Koalisiya ABŞ hökumətini Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etməyə, onun qanunsuzluqlarına göz yummamağa çağırır. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə aydın münasibət bildirməlidirlər.

Xatırladaq ki, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur.

Bəs ABŞ niyə Azərbaycandakı etirazları görməzdən gəlir? Bu aşkar ekoloji cinayətə niyə şərik olurlar?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ermənistan xarici siyasət xəttini ölkəyə investisiyanın cəlbi istiqamətində yeni strategiya ilə işləməklə tutub və bununla bağlı istər Avropa, istərsə də ABŞ-dan dəstək alıb. Ermənistan bunu onunla əsaslandırır ki, 44 günlük müharibə zamanı bəzi amillər dəyişib, ölkə iqtisadiyyatı çöküb, infrastruktur dağılıb, əhali bundan narazıdır və sairə. Konkret olaraq bu fikirlər Nikol Paşinyanın xarici investisiyanın cəlb olunması ilə bağlı arqumentlərdir. Oxşar arqumentləri Avropa Birliyi-Ermənistan arasındakı çıxışlar zamanı, həmçinin ABŞ və Ermənistan biznes dairələrinin görüşü zamanı səsləndirmişdi.

ABŞ niyə Azərbaycanla sərhəddə ekoloji problemlərlə nəticələnəcək addımlara gedir?

Xatırladım ki, hazırda bütün dünya, istər ABŞ, istərsə də Avropa Birliyi və digər ölkələr ekoloji problemlərin həlli istiqamətində səfərbərlik elan edib. Məsələn, ABŞ özünün enerji siyasətində birbaşa “yaşıl enerji” konsepsiyası keçirməsinə məcbur qalıb. İstər daxildə, istərsə də xaricdə bununla bağlı çox sayda təzyiqlər olur. Həmçinin Azərbaycanla Avropa Birliyi özünün enerji məsələlərində, ötən ilin yay və payız aylarında Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış enerji sazişlərinin hamısında məhz “yaşıl enerji” ilə bağlı məqamlar var. Bu, qarşılıqlı tələb kimi qoyulub və bu tələblər, sadəcə, enerjiyə aid deyil,  həm də bərpa olunan elektrik enerjisinə bağlı xətlərin çəkilişinə aiddir  və bu standartlar beynəlxalq standartlardır. Lakin görünən budur ki, bu standartlar Ermənistana təsir etmir. Çünki Ermənistan beynəlxalq, müasir düşüncəli ölkə deyil. Bunu qəbul etmək lazımdır.

Paralel olaraq bir məsələ də var - Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında qalanda torpaqlarımızı faktiki olaraq yarımsəhraya çevirib. Xatırlatmaq istərdim ki, sovet dövründə “Qırmızı kitab” var idi və bu kitabda qeyd olunan, Cənubi Qafqazın nadir tapılan fauna və flora nümunələri əsasən Azərbaycanın Laçın, Kəlbəcər, Lənkəran meşələrinə aid idi. Amma indi həmin meşələr quruyub. Meşələrin quruması ilə də yeraltı sular, yeraltı su hövzələri quruyub, quraqlaşıb və bu da planetin ciddi ekoloji problemlərindən biridir.

Həmçinin Ermənistan 30 il ərzində Zəngilanda, ardınca Kəlbəcərdə qanunsuz qızıl emalı həyata keçirməklə çaylarımızı, meşələrimizi çirkləndirib. Məsələ burasındadır ki, etdiyi bu cür ekoloji cinayətlərə görə nə dünya Ermənistandan bir fikir soruşmadı, nə də Ermənistan hər hansı məsuliyyət daşmadı. İndi də növbəti bu cür ekoloji cinayətlərə davam edilir.

BMT 2030-cu ilə qədər bütün ölkələr üçün təhlükələr formalaşdırıb, bunlardan biri də ekoloji təhlükəsizlikdir və ekoloji təhlükəsizlik ölkələrin milli təhlükəsizliyinin vacib elementinə çevrilib. Yəni Ermənistanın Azərbaycanın ekologiyasına qarşı atdığı addımlar Azərbaycanın milli təhlükəsizliyinə qarşıdır. Qeyd etdiyim kimi, ekoloji təhlükələr həm də milli təhlükəsizliyə hədələr formalaşdırır.

Amerikada liberal biznesdir. Yəni onlar biznes qurarkən məsləhətləşmələr etmirlər. Amma bu o demək deyil ki, onlar istəsə Azərbaycanın ekoloji vəziyyətini pisləşdirəcək zavod tikə bilərlər. Azərbaycanla sərhəddə belə bir zavod tikilməsi təkcə ekoloji deyil, həm də digər risklər də formalaşdırır".

Politoloq qeyd edib ki, ABŞ nə qədər liberal  olsa da, Azərbaycanla bu addıma getməməlidir: “Çünki bu birmənalı olaraq Amerika şirkətlərinin regional ekoloji vəziyyətin pisləşməsində iştirakı kimi qiymətləndiriləcək və bu, həmin şirkətə qarşı gələcək hüquqi təzyiqlərin olması üçün əsas yaradacaq.

Ermənistanın isə burada  məqsədi ondan ibarətdir ki, sərhəddə bu cür zavod tikilməsi ilə ABŞ-la Azərbaycan arasındakı münasibətlər korlansın. Bu, Ermənistanın ənənəvi olaraq Azərbaycanın bütün tərəfdaşları ilə münasibətləri korlamaq istiqamətində tutduğu strategiyanın həyata keçirilməsinin növbəti mərhələsidir".

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR