İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızıdan ŞOK AÇIQLAMALAR: “Həftənin cüt günü gedib, tək günü boşanmağa nə var, onlar...”

2872 29.12.2023 21:47 Müsahibə A A

Musavat.com Xalq artisti Afaq Bəşirqızı ilə müsahibəni öz oxucularına təqdim edir.

- Afaq xanım, Yeni ili hansı əhvalda qarşılayırsınız?

- Çox sağ olun, özümü yaxşı hiss edirəm. Bugünkü günə şükr.

Bizim xalqımızın bayrama, gülməyə, gülümsəməyə, sevinməyə haqqı var. Deyirlər, dəliyə hər gün bayramdır, amma mən deyirəm, qoy elə gündə bayram olsun.

- Bayramı necə qeyd etməyi düşünürsünüz?

- Bayramı ailəmlə keçirəcəm. Mənə uzaq yol olmaz deyə evdə olacam.

- Daim sosial mövzulara münasibət bildirən Xalq artisti kimi necə düşünürsünüz, əhalinin bayram süfrəsi açmağa imkanı varmı?

- Bayramdır, heç olmasa 1 qazan xörək bişirmək üçün də pul lazımdır. Hazırda nə pulsuz verilir ki? Pul lazımdır, amma hazırda orta təbəqə yoxdur. Ya ali təbəqə var, ya da heç yoxdur. Ancaq bu, təkcə Azərbaycanın dərdi deyil. Bu, ümumdünya dərdidir. Dünyada devalvasiyalar, müharibələr gedir. Vəziyyət çox çətindir. Amma düşünürəm ki, bir az pessimizmdən uzaq olmalıdırlar. Çünki qazandığımız qələbəyə pessimizm yaraşmır. Təskinliyimiz odur. Mənimçün əsas olan əsgərlərimizin qarnı tox olsun. Bilirsiniz ki, Qarabağ soyuq yerdir. Ona görə də mən istəyirəm ki, əsgərlərimizin yeri isti olsun. Onlar bizi qoruyurlar, Allah da onları qorusun.

Adam çox söz demək istəyir, amma bilmirsən ki, onu nə ilə uzlaşdırasan, necə deyəsən. Məsələn, bir adam deyirsə, pulum yoxdur, buna nə səbəb olub - onun vaxtında özünə gün ağlamamağı, yoxsa savadsızlığı. Deyəcəklər ki, iş yoxdur. Amma əgər sənin əlində diplomun olsaydı, işin ola bilərdi. Ən azından bacarıqlı bir adam olardı. Bütün bu suallara cavab vermək həddindən ziyadə çətindir. Bəli, şəxsən mənim özüm üçün də çətindir - yayda qış dərdi, qışda yay dərdi. Amma buna uşaqlıqdan, gənclikdən öyrəşəndə adam bu gün bir balaca tədbirli dolanır. Hamı maaşa, pensiyaya baxır. Adam var, pensiyası var, evi yoxdur, pensiyanı aylıq kirayəyə verir. Adam var, hər şeyi var, ailəsi çox böyükdür, aldığı onu qane etmir.

Başqalarının öhdəlikləri barədə bizə - tamamilə aidiyyəti olmayan insanlara sual verirlər. Mən necə deyə bilərəm evini-eşiyini harda qoymusan, doğma yurdundan niyə olmusan? Mən onun yerinə necə cavab verim? Cavab da verəndə hərəsi öz arşını ilə ölçür. Özünə xeyir verən hadisə ilə əlaqələndirir ki, müdafiə olunsun.

- Afaq xanım, 2024-cü ildən gözləntiləriniz nələrdir?

- Mənim arzularım var ki, hamı firavan yaşasın, xoşbəxt olsun. Qızlarımız düzgün ailə qursunlar, ata qapısından çıxanda, Quran altından keçəndə nikah kağızı ilə keçsinlər. Bu, mənim ən ağrılı yerimdir. Bütün o problemi olan adamlar verilişlərə gəlirlər 8 uşağın alimentini istəməyə. Belə şey olar? Mən istəyirəm ki, qızlarımız çox düşünsünlər, yüz ölçsünlər, bir biçsinlər. Çünki bu dəqiqə həyatın əksər hissəsini idarə edən qadınlardır. Ona görə də qadınlar çox tədbirli olmalıdırlar. Ailə qurmağa nə var ki? Həftənin cüt günü gedib, tək günü boşanmağa nə var ki? Sən özün özünü də bədbəxt edirsən. Mənim ürəyim ağrıyır. Uşaq evləri doludur. Dünən həyat yoldaşıma deyirəm ki, görəsən, o uşaqlar necə olacaqlar, nə yeyəcəklər? Bu soyuqda bloklarda, küçədə yatan uşaqlar var. Məsələn, mən 1 qazan xörək bişirib onlara apardım, bəs sonra... Bu barədə fikirləşmək lazımdır. Qram da olsa, bizdə vicdan olmalıdır. Hər bir şəxsin vicdanı olmalıdır. İnsan yalnız özünü fikirləşə bilməz. Bu, mümkün deyil. Sən ancaq özünü fikirləşsən, hardasa ilişəcəksən. Artıq nə fikirləşməyə imkanın olacaq, nə də nəyəsə nail ola biləcəksən. Çünki sən boş adamsan.

İstəyirəm, hamı xoşbəxt olsun. Bolluq olsun, bir daha müharibə olmasın. Şəhid ailələrinə səbr diləyirəm. Nəinki biz borcluyuq, bundan sonra gələcək nəsillərimiz də, nəslim də o ailələrə borcludur. Şəhid analarına, atalarına, qohum-qardaşlarına borcluyuq. Ona görə də onlara səbr diləyirəm. Hər bir vətəndaşdan bu borcu yaddan çıxarmamağı xahiş edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu dünyadan köçən doğmalarımıza Allahdan rəhmət diləyirəm. İstəyirəm ki, onların ruhu şad olsun. Biz şad olanda, onları yada salanda, onların xatirəsini danışanda, onlara Quran oxutduranda onların ruhu şad olar. İnsan hər kəsi yada salıb, öz qayğısını göstərməlidir. O qədər arzularım var ki, onların qarşısında zəifəm.

Xəstəliklərdən uzaq olaq, hər kəsə xoşbəxtlik arzu edirəm. Evində də, restoranda da, xaricdə də Yeni ili keçirənlər – hamı xoşbəxt olsun. Hər kəs öz halal pulu ilə harda nə keçirirsə, halal xoşu olsun.

Qarşıdan gələn bayramlar münasibətilə sizi də təbrik edirəm. “Yeni Müsavat” Media Qrupu mənim üçün dəyərlidir, markanızı saxlayırsınız. Əgər bir şey oxuyuruqsa, ilk növbədə sizdən oxuyuruq. Çünki obyektivsiz, güclünün tərəfini saxlayıb, gücsüzü məhv etmirsiz. Kiminsə haqqını kiməsə vermirsiz. Ona görə də sizi çox sevirəm. Bütün kollektivinizə can sağlığı, bol ruzi-bərəkət arzu edirəm.

- Biz də “Yeni Müsavat” Media Qrupu olaraq sizə ən xoş diləklərimizi çatdırırıq.

- Çox sağ olun.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR