İnsanlara hürriyət, millətlərə istiqlal!

Adrenalin çatışmazlığı

1777 12.10.2022 09:10 Yazarlar A A

Milli Məclisdə deputatlardan biri çıxışında belə ərz etmişdir: “Dövlət fondlarına, dövlət vəsaitlərinə parlament nəzarəti güclənməlidir”. Sanki o nəzarəti kimsə başqa adamlar etməlidir. Misal üçün, taksi sürücüləri. Ya da dəlləklər. Nə bilim, qəssablar. Dananı şaqqalayıb qarmaqdan asandan sonra əlinin-ayağının qanını yumalıdır, ət kötüyünün üstündə oturub dövlət fondlarına nəzarətə başlamalıdır, qanun qəbul eləməli, düymə basmalıdır. Əks halda, deputatların da parlamentin işini gücləndirmək çağırışlarını necə başa düşməliyik? Zəhmət çəkin öz işinizi görün da bə. Ona-buna minnət qoymadan, ünvansız şəkildə donquldanmadan.

Əslində mən özüm də hazırda ünvansız deyinirəm və hörmətli oxucular açıq gördülər ki, həmin deputatın adını çəkmədim. Guya çəksəm nə olacaq? Lap burada yazım həmin deputat Əli Məsimlidir. Sonra? Nə dəyişdi? Biz həmin xalqıq ki, Əli müəllim AXC hakimiyyəti dövründə baş nazirin birinci müavini və hətta bir müddət baş nazir əvəzi işləyəndə yataqxanada qalırdı və sonralar buna lağ edirdik: “Yaxşı iqtisadçı birinci öz vəziyyətini düzəldib sonra millətə gün ağlamalıdır, özünə şərait qura bilməyən, bizə nə quracaqdı?” İndi ümidvaram Əli müəllim ta yataqxanada qalmır. Baş nazirimizin birinci müavini indi kimdir, biz isə bunu heç bilmirik. Pis mənada yazmıram. İnkişaf səviyyəmiz Qərbə çatıbdır. Orada da adamlar elə xoşbəxt yaşayır ki, nazirini tanımır.

Ümumiyyətlə, parlamentomuzda maraqlı söhbətlər əvvəlki illərdə, quş buraxan deputatların çox olduğu zamanlardakı qədər intensiv olmasa da hərdən təsadüf edilir. Yoxsa millət Tik-tokda məzələnməyə çıxış tapmaz. Sözgəlişi, deyir Tik-tok açılıb, bu münasibətlə xalqımızı təbrik edirəm. Çoxdandır səy-səy videolara, canlı yayımlara həsrət qalmışdınız.

Dünən deputatlardan biri isə (maraqlıdır, o da AXC dövründə Nazirlər Kabinetində çalışıb - burada bir təxribat, sabitliyə qəsd, sabotaj olmasın?) dərman sahəsində problemlərdən bəhs etmişdir. Deyir həkimlər qan ağlayır, cərrahlar əməliyyata girmir, çünki dərman qıtlığı yaranmışdır.

Görəsən, bu hörmətli deputatımız Azərbaycanda dərman biznesində at oynadan ciddi fiqurlardan birinin elə öz deputat yoldaşı olduğundan həqiqətən bixəbərdir, yoxsa havayı yerə danışmağı xoşlayır? Əks halda, dərman qıtlığını bizə niyə deyirsən? Çox uzağa getməyək, günahkarı axtarmağa ehtiyac yoxdur axı. “O dərman bahadır”, “Bu dərmanı tapmırıq”, “Xaricdə daha ucuzdur”... Rəhmətlik Rəhim Rəhimli demişkən, dostum, bunu elə bir parta səndən o tərəfdə oturan (misal üçün yazdım, salondakı naviqasiyadan xəbərsizəm, bəlkə lap böyür-böyürə əyləşirlər) deputata söyləyə bilməzsənmi? Ki, dərmanları baha satma, o dünyada səni qazanda qaynadacaqlar. Bizim camaat o biri dünyadan daha çox qorxur, effektli üsuldur.

Yoxa çıxan dərmanın adı da maraqlıdır: adrenalin. Bunun tibbi tərəfini müzakirə etmirəm, ancaq adrenalin hormon olaraq qorxu, kəskin həyəcan anlarında insan bədəni tərəfindən, necə deyərlər, istehsal olunur, qana sızır. Ölkəmizdə adrenalin çatışmazlığı sindromu bəlkə də xalqın arxayınlaşması, ictimai-siyasi sabitliyimizin uzunömürlü olmasına görədir. Hökumətdən xahiş edirik  xalqı hərdən qorxutsunlar. Stresə salsınlar. Yoxsa bu nə həyatdır, siz Allah? Xoşbəxtlik zirvəyə vurub, hamı arın-arxayın parklarda dolaşır, pensiyamızı alıb müasir işıq dirəklərinin altında, müasir oturacaqlarda dincəlirik. Biz adrenalin istəyirik.

Deputatlar da bu arzuya qoşulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR