İnsanlara hürriyət, millətlərə istiqlal!

Adqoyma mərasimi

2067 03.11.2022 08:40 Yazarlar A A

“İkinci, mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlarıma deyirəm: ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: gözünüzü yumunuz, mənə baxınız”.

(Mirzə Cəlil)

DTX-nın 1 noyabrda 19 nəfərlik qanunsuz silahlı birləşmə haqda yaydığı açıqlama xüsusi xidmətlərimizin tarixində bəlkə də bir ilk sayılmalıdır. Nəyə görə? Çünki orada İranın adı çəkilir. Deyir İran vətəndaşlarımızın beynini pozub, hərbi təlimlər keçib, “Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə” (sitat DTX-nın açıqlamasındandır) şantaj edib və sairə.

Açıqlamada İranın adı o dərəcədə açıq çəkilir ki, hətta təxribatçı köynəklərin ölkəmizə İran səfirliyinin avtomobilində daşındığı vurğulanıb.

Diplomatik avtomobillər sərhəddə xüsusi yoxlamaya məruz qoyulmur, buna işarə edirlər.

İndiyəcən, müstəqillik dövründə İran həmişə Azərbaycana badalaq vurmağa çalışıb, düşmənlərimizlə qol-boyun olub, dəfələrlə qanunsuz silahlı dəstələri maliyyələşdirib. Lakin nə keçmiş MTN-in, nə indiki DTX-nın dövründə, o cümlədən baş prokurorluğun “birgə açıqlamalarında” biz İranın ismi-"şərifinə" rast gəlməzdik. Xüsusi xidmətlər bundan qurtulmaq üçün maraqlı üsul tapmışdılar, adətən tutduqları adamları belə təqdim edərdilər: “İstintaqa məlum olan başqa ölkənin ərazisində təlim keçiblər”, “adı istintaq sirri olan üçüncü dövlətin kəşfiyyatına casusluq edib” və sairə. Təbii, biz də işin detallarından, necə deyərlər, xoruzun quyruğunu görürdük, bu təxribatçı dövlətin, düşmənimizin İran olduğunu başa düşürdük. Artıq sözə ehtiyac qalmırdı.

Lakin gedişat göstərdi ki, həmin söz heç vaxt artıq deyilmiş. Biz İranın kim olmasını vətəndaşlarımıza həmişə açıq göstərməliyik. Yoxsa indi bəziləri Paşinyanın Tehranda əmmaməli fotosunu kollaj edir, guya İran-Ermənistan qardaşlığından şok keçirirlər.

Maraqlıdır, Azərbaycan iqtidarı daxilimizdə təbəddülat yaratmaq istəyən dövlətlərdən söz düşəndə heç zaman ABŞ, Fransa, Almaniya, nə bilim, Danimarka-Lüksemburq-zad kimi yerlərin adını çəkməyə utanmayıb, qorxmayıb, çəkinməyib. Görünür, oralarda, Qərbdə insaflı adamların hakimiyyətdə olmasına güvəniblər, cənubumuzda isə Allahsızların olduğunu dəqiq biliblər. Hərə bir şey ixrac edir, İrandan gələn ixrac daha qorxuludur. Ona görə iqtidarın leksikonunda narıncı, ağ, qırmızı, sarı - hər cür inqilablara nifrət püskürtüsü görmüşük, bircə yaşıl inqilabdan başqa.

Sözgəlişi, iqtidar anti-İran propaqandası üçün yetərincə uğurlu vaxt seçibdir, adamın üstündə Allah var. (2020-ci il kimi dünyaya qara gəlmiş o ildən o cür yararlanan iqtidara yəqin daha kimsə “zamanın nəbzini tutmurlar” ittihamı irəli sürməz). Nəyə görə belə düşünürəm? Özünüz baxın, bu dəqiqə İran bütün dünyada Rusiyanın Ukraynanı işğalına dəstək verən əsas rejim kimi tanınmaqdadır. Belə bir durumda İranın Azərbaycan sərhədlərində təlim keçməsi, ermənilərə konsulluq açması, ümumiyyətlə, ölkəmizi hər cür təhdid etməsi bizə imkan verir ki, Qərbin demokratik rejimlərinə “biz də sizinləyik” mesajı verək. Lap Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında yazdığı kimi: “Məni niyə döyürsünüz?” Üstəlik, bu saat Fransa ölkəmiz əleyhinə nəsə kağız-kuğuz qayırmaq fikrindəymiş, belə çıxır demokratik Fransa irticaçı İranla əlbirdir. Çoxgedişli kombinasiyadır və Azərbaycan iqtidarı bunu böyük ehtimalla qazanacaq. Hər halda, böyük şahmat ənənələri olan ölkəni təmsil edirlər. Hal-hazırda biz Şəhriyar Məmmədyarov kimi - açıq hücumla, riskli, qeyri-adi, maraqlı və zəngin oynayırıq.

Nəhayət, İranın Ermənistanla yaxınlaşmasına bəlkə biz gələcək baxımından müsbət yanaşmalıyıq. Axı İran rəsmi qanunlarında islam inqilabını, müsəlmançılığı dünyaya yaymaq məqsədini açıq göstəribdir. Yəqin Paşinyanı müsəlman edəcəklər, ondan sonra Azərbaycanla Ermənistanın arası da düzələcək, Qafqazda sülh quşları uçacaq, qırx gün, qırx gecə toy-bayram olacaq və sairə.

Ancaq bu yolda lap balaca bir əməliyyat da lazımdır. Müsəlmançılıq yolunu nəzərdə tuturam. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR